XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2018 - 18:53

“HAKİM ELİTAYA NİFRƏT VAR, ANCAQ İNQİLAB ƏHVALI YOXDUR” –Gürcüstanda seçkilərdən sonra nələr gözlənilir? - TƏHLİL

“Apsny.ge”,

Gürcüstan, 29 noyabr 2018-ci il

 

Gürcüstanda ifrat gərgin və yorucu prezident seçkiləri başa çatdı. Yekunları hamıya məlumdur və onların təkrar olunmasına ehtiyac yoxdur.

Əlbəttə, hər bir şeydə və həmişə nə isə yaxşı bir şey tapmaq mümkündür. Hətta qara piarın, qarşılıqlı nifrətin təbliğ olunmasının, seçicilərə misilsiz təzyiqin və onların pulla ələ alınmasının həqiqi zəfər çaldığı bu seçki kampaniyasında da müsbət rüşeym tapmaq olar. Belə ki, “Milli Hərəkat”a qarşı ümumxalq nifrətinin olması, “cəmiyyətin “millətçiləri” parçalamağı arzu etməsi”, onların “azsaylı marginal sekta olması”“radarlarda eşidilməməsi” və s. haqqında olan ənənəvi söhbətlər bu gündən etibarən tamamilə öz mənasını itirdi.

Bütün bunlar artıq “dərin keçmiş”dir. Bəli, cəmiyyətin əhəmiyyətli bir hissəsində hələ də əhəmiyyətli səviyyədə aqressiv “antimişaçılıq” mövcuddur. Və Vaşadzenin qələbəsinə mane olan faktorlardan biri də budur, lakin onun təsiri artıq əhəmiyyətli dərəcədə azalıb.

Nəhayət, partiya xüsusi maliyyə vəsaiti, inzibati resursları olmadan, bütün dövlət maşınının səylərinə rəğmən əhalinin 40%-nin səsini alır. Vəssəlam, “radarlardan itən marginallar” haqqındakı bütün söhbətləri unudun.

“Gürcü arzusu” və onun tərəfdarları, hər halda, bu faktı etiraf etməli və davamlı olaraq məcburi “koabitasiya” (siyasətdə müxtəlif siyasi qüvvələrin “birgəyaşayış”ı mənasında işlədilir – tərc.) barədə sızıldamağı kəsməlidirlər. Əlbəttə, əhalinin 40%-nin səsini alan bir partiya ilə “birgəyaşayış” qaçılmaz olacaq. Sualtı qayıqdan hara gedəcəksən?!

Bununla da baş verənlərin bütün müsbət tərəfləri bitir.

İndi isə, qısaca olaraq, bizi nəyin gözlədiyi və Salome Zurabişvilinin prezidentliyinin bizə nə verəcəyi barədə: bizi heç nə gözləmir. Heç nə dəyişməyəcək, hər şey indiyədək necə olmuşdusa, elə də qalacaq.

Salomeni ona görə prezident etməyiblər ki, onun vasitəsilə nə isə dəhşətli bir şey törətsinlər. Ona görə ediblər ki, bu, şıltaq milyarderin istəyi idi. Ev zooparkında olan pinqivinlərlə bağlı operada olduğu kimi: “Mən belə istəyirəm, vəssalam”.

Nə demək olar, belə özünəinam üçün onun səbələri var. “Forbes” versiyasına görə, tam olaraq, düz  “5,3 mlrd.” səbəbi var.

İndi isə başqa bir sual haqqında – müxalifət nə etməlidi? “Milli Hərəkat” hansı addımları atmalıdı?

Görünən odur ki, partiyada fikir birliyi yoxdur. Mixail Saakaşviliyə gəldikdə, o, artıq öz tərəfdarlarını vətəndaş itaətsizliyinə, etiraz aksiyalarına və faktiki olaraq, yeni inqilaba çağırıb.

Əlbəttə, hadisələrin mümkün inkişaf variantları həddindən çoxdur, lakin ən axmağı indi inqilab etməyə cəhd etməkdir. Ümid edirəm ki, Vahid Milli Hərəkat Partiyasının digər liderləri, ölkədəki durumu sosial şəbəkələrdəki şərhlərə əsasən dəyərləndirən Mişadan fərqli olaraq, bunu dərk edirlər.

İnqilab bıçaq kimidir. Sovet dövrünü xatırlayırsınızmı? “Bıçağı götürmə, götürdünsə, vur”.

Yarıyolda qalmaqdansa, yaxşı olar ki, ümumiyyətlə, inqilaba başlamayasan. Küçələrə çıxıb yarıboş meydanlarla üzləşməkdənsə, heç bir şey etməmək yaxşıdır.

Aydın dərk etmək lazımdır ki, bu gün Gürcüstanda inqilabi şərait yoxdur. Hakim elitaya qarşı nifrət, müxalif əhval-ruhiyyə var, ancaq inqilabi əhval-ruhiyyə yoxdur.

Seçki nəticələri göstərir ki, gürcü cəmiyyəti, praktiki olaraq, iki yerə ayrılıb. Əgər seçicilərin pula, qorxuya və ya 5 kq kartofa görə Salomeyə səs verən hissəsini nəzərə almasaq, belə alınır ki, iki əsas siyasi qüvvənin tərəfdarlarının nisbəti təqribən bərabərdir.

Radikalları məyus etmək istəməzdim, lakin 50:50 – bu, inqilabi vəziyyət deyil. Dinc, “məxməri” inqilab yalnız hakimiyyətin tam iflas etdiyi, ümumiyyətlə tərəfdarlarının olmadığı, hətta dövlət aparatının onun əleyhinə səs verdiyi şəraitdə mümkün olur.

Düşünməyin ki, radikal xəyalpərəstlər sakit oturacaq və sakitcə radikal millətçilərin hakimiyyəti dəyişməyə necə cəhd edəcəyini izləyəcək. Paralel mitinqlər, dalaşmalar olacaq, kimsə butulka atacaq, kim isə bıçağı işə salacaq, sonra kimsə atəş açacaq və beləcə, proses işə düşəcək. Suriya və Liviyada da hər şey elə belə başladı…

Beləliklə, birincisi, müxalifət anlamalı və dəqiq qərar qəbul etməlidi: heç bir inqilab olmayacaq, heç kim küçəyə çıxmayacaq.

Mütləq edilməsi lazım olan bir şey də var. “Fanatiklər klubu”nun etiraz və təhqir dalğasını öncədən görürəm, lakin əminəm ki, mövcud şəraitdə Vahid Milli Hərəkat Partiyası sakitcə, səssiz-sədasız, öz tərəfdarları arasında qarışıqlıq yaratmadan Mişa ilə xudahafizləşməlidir.

Bu, onun gürcü dövlətinin yaradılmasındakı rolu heç bir halda inkar olunmadan edilməlidi. Aydındır ki, bu gün o, açıq şəkildə öz partiyasının inkişafını tormozlayır.

Əlbəttə, mən Vahid Milli Hərəkat Partiyasının məğlub olma səbəbinin Saakaşvilinin hiperaktivliyi və ehtiyatsız bəyanatları olması fikrindən uzağam. Ancaq, necə deyərlər, “o, öz 5 qəpiyini verdi”.

Artıq neçə seçkidir ki, biz eyni bir şeyi görürük: elə ki “Milli Hərəkat” yenicə dirçəlməyə başlayır, reytinqini bərpa edir, həmən Mişa çıxır, nə isə dəhşətli bir şey deyir və partiyanın reytinqi yenidən düşür.

Bəli, o da deyilməməlidir ki, 800 000 səs yalnız Saakaşvilinin xidmətidir. Vahid Milli Hərəkat Partiyasının xeyrinə olan 800 000 səs ilk növbədə debil Bidzinanın xidməti, həmçinin partiya fəallarının aktiv işinin və “Rustavi 2”-nin aqressiv “PR” kampaniyasının nəticəsidir. İnanın, əgər bu iki ayda Mişa, ümumiyyətlə heç bir şey danışmasaydı, Vahid Milli Hərəkat Partiyasının tərəfdarları indikindən az olmazdı. 

Eyni zamanda unutmayaq ki, Vaşadzenin lehinə verilən 800 min səsdən, demək olar ki, 200 mini hiperaktiv Mişadan ayrılan “Avropa Gürcüstanı”nın seçicilərinin səsidir.

Əlbəttə, bu, çox çətin qərar olacaq, ancaq əgər Vahid Milli Hərəkat Partiyası 2020-ci ilin parlament seçkiləri öncəsi öz potensialını artırmaq istəyirsə, bu qərar qəbul olunmalıdır. Və Saakaşvili məsuliyyətli lider kimi, nəhayət, anlamalıdır ki, öz partiyasına mane olur.

Parlament seçkilərinədək qarşıda iki il var. Hesab etməyin ki, bu müddət ərzində “Arzu” ağıllanacaq, çünki sürünən kimi doğulan uça bilməz. Bununla birlikdə, dərk etmək lazımdır ki, Salomenin müdafisəsi üçün indi sərf edilən resursları parlament seçkiləri zamanı sərf ediləcək resurslarla müqayisə belə etmək olmaz.

Ona görə də, indi Vahid Milli Hərəkat Partiyası və “Avropa Gürcüstanı”nın əməkdaşlığı qoruyub saxlaması, kimin günahkar olması ilə bağlı mübahisələr zəminində yeni parçalanmaya imkan verməməsi vacibdir.

Heç kim günahkar deyil. Günahkar Bidzinanın pullarıdır və bu fakt 2020-ci ildə yox olub getməyəcək. Deməli, parlament seçkilərində müxalifəti sərt mübarizə gözləyir və o, buna hazır olmalıdır.

Yeganə çıxış yolu odur ki, mövcud “bataqlıq” “Arzu”ya Vahid Milli Hərəkat Partiyasından daha çox nifrət etsin. O zaman pul mənasını itirəcək. Bunu necə etməli? Müxalifət də yaxın dövrdə elə bunu müəyyən etməlidir.

Tərcümə Strateq.az-ındır