XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 10:26

KERÇ BÖHRANI SƏUDİYYƏ VƏLİƏHDİNƏ ŞANS QAZANDIRIR –Bu gün işə başlayan G20 zirvəsində sürprizlər olacaqmı? - TƏHLİL

Set Frantzman

“Jerusalem Post”

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu həftə Argentinada keçiriləcək G20 zirvəsi üçün Buenos-Ayresə gəlib. O, Səudiyyə Ərəbistanı və xüsusilə özünə dəstək qazandırmaqdan ötrü nəzərdə tutulmuş ərəb ölkələrinə səfərdən sonra zirvəyə yollanıb. Riyadın bəzi Qərb ölkələri ilə münasibətləri oktyabr ayında İstanbulda, Səudiyyə konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsindən sonra sarsılıb.

G20 oktyabr böhranından bu yana şahzadə üçün ən əhəmiyyətli xarici səfərdir. Səltənət qaranlıq bir əməliyyata görə məsuliyyətdən yayınmağa çalışır. Ancaq xüsusilə Qərbdə və Türkiyədə əksər şəxslər padşahlığın məsuliyyətə cəlb olunmasını vacib sayır.

MBS kimi çağırılan Bin Salman Səudiyyə Ərəbistanının simasıdır və atası kral olsa da, ən güclü liderdir. O, zirvə toplantısında Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

MBS Cənubi Amerikaya yollanmazdan əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirdə olub. Bunlar Riyadın ən yaxın müttəfiqləridir və MBS, misirli Əbdülfəttah əl-Sisi də daxil olmaqla, yerli rəhbərlərlə görüşüb. Qahirədə MBS və Sisi Qətərin blokadasının davam edəcəyini ifadə ediblər.

2017-ci ilin baharından etibarən Riyad və Doha qarşı-qarşıya gəlib və Səudiyyə Ərəbistanı müttəfiqləri ilə birlikdə Qətəri təcrid edib, bu da Qətəri Türkiyə və İranla əlaqələrini inkişaf etdirməyə yönəldib.

Səudiyyə Ərəbistanı Qətərin “əl-Cəzirə” kanalı ilə ekstremizmi dəstəkləməkdə və sabitliyə zərbə endirməkdə günahlandırıb.

Əlbəttə, “əl-Cəzirə” oktyabr hadisəsindən bu yana hər gün Xaşuqci iddiasını ana səhifəsinin manşetində yerləşdirir. Misal üçün, Çərşənbə günü “MBS, Xaşuqci qalmaqalı fonunda Argentinaya gəldi” başlığı ilə.

MBS Argentinada potensial çətinliklə üzləşə bilər. Vəliəhd şahzadə Tunisdə etiraz nümayişləri ilə qarşılaşıb və yerli xəbərlərə görə, Mərakeşə səyahətdən imtina edib. Bunun əvəzinə o, xarici turnesində Əlcəzairə getməyi qərara alıb və bunun hələ də gündəmdə olub-olmadığı aydın deyil, baxmayaraq ki, o hələ Mavritaniyaya da səfər etməyi planlaşdırır.

G20 1999-cu ildə yaradılıb və zəngin ölkələrin yalnız kiçik bir qrupunu əhatə edir. G20 ölkələrinə dünya ÜDM-nin 85%-i məxsusdur və birliyə Şimali Amerika dövlətləri, Avropa İttifaqı, Hindistan, Cənubi Afrika, Cənubi Koreya, Yaponiya, Argentina, Braziliya, Çin, Türkiyə, Avstraliya və Səudiyyə Ərəbistanı daxildir.

Səudiyyə Ərəbistanı və Türkiyə G20-yə daxil olan yeganə Yaxın Şərq dövlətləridir. G20, daha geniş səlahiyyətlərə malik olduğundan ABŞ və Avropada Səudiyyə Ərəbistanına aid mübahisələr Hindistan və ya Çin kimi ölkələrə daha az narahatlıq verə bilər.

 

Hindistan baş naziri Modi artıq MBS-lə görüşüb

 

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının mühüm müttəfiq olduğunu və Riyadla küskünlüyün ABŞ müdafiə sənayesinə etdiyi investisiyaları riskə atacağını iddia edib. ABŞ Suriyanın şərqində sabitləşmə üçün maliyyə axtarır və İrana qarşı Səudiyyə Ərəbistanı ilə cəbhədaş qalmaq istəyir.

Bu, Trampın fikirləridir, ancaq G20 sammiti vəliəhd şahzadənin dünyanın qabaqcıl ölkələrinin liderləri arasında qalıb-qalmayacağını göstərəcək. Bəzi Avropa ölkələri Riyada silah satışını dayandırmağa çalışır, tez-tez Yəməndə Səudiyyə tərəfindən dəstəklənən hökumət və İran dəstəkli husi üsyançıları arasında müharibənin acınacaqlı aqibətini dilə gətirirlər. Ancaq Aİ ölkələri Riyadı yalnız qınayır və onu dayandıra biləcəkləri məlum deyil.

Rusiya G20-yə öz böhranı ilə gedir. O, Kerç boğazında Ukraynanın üç hərbi gəmisini nəzarətə götürüb, Ukrayna Aİ ölkələri, BMT və NATO vasitəsilə Qara dəniz və Azov dənizi arasında Ukrayna gəmilərinin naviqasiya hüquqlarını təmin etməsini tələb edir.

Rusiya həll tapmaq üçün Almaniya ilə işləyir. Ukrayna məsələsi ilə Səudiyyə Ərəbistanı faydalana bilər.

 Tərcümə: Strateq.az