XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 19:51

Kürd separatizmi qlobal müharibə elan etdi:PKK ASALA-nı təkrarlayır!

pyd

 

Kürd separatçıları Türkiyəyə qarşı bütün dünya miqyasında müharibə elan edib.

Strateq.az xəbər verir ki,  PKK-nın Suriya qanadı olaraq bilinən PYD 4 dildə video-müraicət yayıb. İngilis, alman, ispan və kürdcə səsləndirilən bu videoda dünyanın müxtəlif ölkələrində yaşayan kürdlər Türkiyənin dünyadakı bütün rəsmi qurumlarına qarşı hücuma çağırılıb.

 

Mütəxəssislərin fikrincə, PYD-nin bu bəyanatı müharibə elanıdır və Türkiyənin son zamanlar Suriyanın şimalında aktivləşməsinə cavab addımı kimi dəyərləndilə bilər. Qeyd edək ki, Türkiyə “güvənli bölgə” olaraq elan etdiyi ərazilərə kürd separatçılarının girməsinə icazə vermir, onları top atəşləri ilə geri oturdur. Görünür, kürd separatçıları da buna terror hadisələri törətməklə cavab  vermək istəyirlər. Bəyanatın Ankara hücumundan dərhal sonra səsləndirilməsi də bu mənada təsadüfi deyil. Belə məlum olur ki, PKK-nın Türkiyəyə qarşı qlobal müharibəsinin “start” düyməsi Ankarada basılıb.

 

“Türkiyəyə qarşı bütün dünyada savaşın!” şüarıyla yayılan bəyanatın verdiyi mesaj ötən əsrin sonuncu rübündə baş vermiş ASALA terrorlarını yada salır. Xatırladaq ki, 1973-cü il 27 yanvar tarixində Qurgen (Karekin) Yanikan adlı yaşlı bir erməninin ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los Anceles Baş konsulu Mehmet Baydar ilə konsul Bahadır Dəmiri öldürməsiylə başlayan ASALA-nın terror silsiləsində 1979-ci ildən etibarən böyük bir artım müşahidə edilməyə başlamışdı.

 

Erməni terrorçuları bu silsilə terror aktları çərçivəsində 21 ölkənin 38 şəhərində 39-u silah, 70-i bombalı, biri isə işğal formasında 110 hücum həyata keçirmişdilər. Hücumlar nəticəsində 42 türk diplomatı ilə 4 vətəndaş həyatını itirmiş, 15 türk və 66 əcnəbi isə yaralanmışdır.

 

Erməni terror təşkilatları beynəlxalq təpkilər nəticəsində 1980-ci illərdə taktika dəyişdirərək kürd separatçıları ilə əməkdaşlıq etmişdilər. Bu əməkdaşlıq nəticəsində 1984-ci ildə PKK ortaya çıxarılmış və ASALA erməni terror təşkilatı arxa plana çəkilmişdi.

PKK-nın hazırda yer üzündəki Türkiyə qurumlarına qarşı müharibə elan etməsini yenidən əvvəlki mahiyyətinə qayıdış kimi də qiymətləndirmək olar.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə