XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 23:32

ASİYANIN ƏN ZƏNGİN ADAMI QIZINA SƏS-KÜYLÜ TOY KEÇİRİR- Toya Hillari Klinton da gəldi, Beyons da... (FOTO+VİDEO)

Hindistanın, eləcə də Asiyanın ən zəngin adamı Mukeş Ambani ötən bazar günü qızına təmtəraqlı toy keçirdi. Daha doğrusu, toy hələ yekunlaşmayıb və bir neçə gün davam edərək, dekabrın 12-də Mumbayda rəsmi nikah mərasimi ilə başa çatacaq. Hələliksə şənliklər Hindistanın qərbindəki Udaypur şəhərində keçirilir.

27 yaşlı «hind şahzadəsi” İşa 33 yaşlı maqnat Anand Piramalla ailə qurur. Anand Piramal hindistanlı milyarder Acay Piramalın oğludur. Piramal ailəsinin sərvəti 4,48 milyard dollardır.

Toyu dünya mətbuatının gündəminə gətirən orada nüfuzlu siyasətçi Hillari Klintondan tutmuş, dünya ulduzu Beyonsa qədər bir çox məşhurların iştirakıdır.

Beyons toy mərasimi üçün xüsusi obraza girmiş və səhnəyə hind ənənələrini əks etdirən, üzəri qızılla toxunmuş qırmızı rəngli geyimlə çıxmışdı.

İşanın toyu eyni anda iki dəbdəbəli məkanda – “Tac Lake Palace”da və Mumbaydakı rezidensiyada keçirilir.

61 yaşlı Mukeş Ambani iş adamı Dxirubxaya Ambaninin böyük oğludur. Mukeş Ambani Bombey Universitetini bitirərək kimyəvi maşınqayırma sahəsi üzrə bakalavr dərəcəsinə sahib olub. Daha sonra isə ABŞ-ın Stenford Universitetində magistr təhsili alıb.

Hindistanın ən nəhəng şirkəti olan “Reliance Industries”ə rəhbərlik edir. Onun sərvətinin 60 milyard dollardan çox olduğu bildirilir.

Əsasən neft-qaz hasilatı və emalı ilə məşğul olan “Reliance Industries” şirkətini Mukeşin atası qurub. Atanın öülümündən sonra şirkət iki oğluna – Mukeş və Anilə miras qalıb.

Qardaşlar arasında münasibətlər yaxşı deyil. Onlar mütəmadi olaraq bir-birilə çəkişir, KİV-də bir-birlərinə qara yaxır və hər zaman nəyinsə bölgüsünü aparırlar.

Anil Ambani

 

Həmkarları və tərəfdaşlarının dediyinə görə, Mukeş hər şeyi öz nəzarətində saxlamağı sevir. Bu səbəbdən də o, yavaş-yavaş qardaşı Anilin səlahiyyətlərini əlindən almağa və tədricən şirkətdə əsas söz sahibi olmağa başlayıb.

Atası sağ olanda Anil şirkətin xəzinədarı idi və sərmayələrə nəzarət edirdi. Lakin Mukeşin rəhbərlik etdiyi Direktorlar Şurası Anili bu səlahiyyətdən məhrum etdi. 2004-cü ildə bütün maliyyə işlərinə nəzarət Mukeşə həvalə olundu. Həmin vaxt Anil dörd səhifəlik etiraz məktubu yazaraq qardaşının korportativ mədəniyyəti və şirkətin ruhunu məhv etdiyini bildirmişdi.

Yaxınlarının dediyinə görə, əslində Anilin şirkətdə birinci şəxs olmaq iddiası olmayıb. Sadəcə qardaşının məlum hərəkəti onu özündən çıxarıb.

Bütün bu mübahisələrin getdyi illərdə qardaşlar eyni evdə – 14 mərtəbəli mülkdə yaşayıblar. Qardaşların bir-birilə hətta liftdə belə, qarşılaşmasının qarşısını almaq üçün evdə xüsusi personal işləyirdi.

Nəhayət, 2005-ci ildə analarının təkidi ilə qardaşları şirkəti bölməyə razılıq veriblər. Mukeşin payına neft və tekstil sahəsi, Anilə isə telekommunikasiya ilə bağlı layihələr düşüb.

Mukeş Ambani xanımı Nita ilə

 

Mukeşin xanımı Nita ixtisasca sosioloqdur. O, ölkəsində sosial problemlərin həllinə, xəstə uşaqların müalicəsinə yaxından dəstək verir və xeyriyyəçilik fəaliyyəti ilə tanınır.

Mukeşlə Nitanın Akaş və Anant adlı iki oğlu və İşa adlı qızı var. İşa evin sonbeşiyidir.

Anant Ambani uşaq yaşlarından artıq çəkidən əziyyət çəkirdi. Lakin Gənc Anant ciddi rejimli idman proqramları və pəhrizlə 100 kiloqramdan çox çəki itirərək əzmini nümayiş etdirə bilmişdi.

Böyük qardaş Akaş da Anant kimi artıq çəki ilə mübarizə aparırdı. Akaşın vücudundakı piylənmə xroniki astmadan müalicə üçün istifadə etdiyi dərmanlara görə idi. Çəkisinə görə məktəbdə və universitetdə gülüş hədəfi olan Akaş da iradəsini toplayaraq artıq çəkidən xilas olur.

Mukeş Ambaninin Mumbayda 27 mərtəbəli göydələni var. 173 metr hündürlüyü olan binanın inşası 70 milyon dollara başa gəlsə də, hazırda bazar qiyməti bir neçə milyard dollardır. Bina Atlantik okeandakı mifik adanın şərəfinə “Antiliya” adını daşıyır.

Çikaqodan olan “Perkins&Will” firmasının layihəsi əsasında hazırlanan binanın heç bir mərtəbəsi nə sahəsinə, nə təyinatına görə digərinə bənzəyir. Ambani ailəsi binanın yuxarı mərtəbələrində yaşayır.

İlk altı mərtəbə qaraj və parklama üçündür. Yeddinci mərtəbədə şəxsi avtomobil emalatxanası yerləşir. Səkkizinci mərtəbədə 50 tamaşaçı üçün nəzərdə tutulmuş teatr zalı yerləşir. Yuxarılarda basseynlər, spa-salonlar, asma bağlar və bal üçün nəzərdə tutulmuş zal var…

Strateq.az