XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 22:17

RUS SƏFİR, POP-ULDUZ, AĞIR ATLET, HÜQUQŞÜNAS…- Trampın impiçmenti üçün hansı sübutlar toplanıb?

“Korrespondent.net”, (Ukrayna)

 

Trampın impiçmenti, Trampın istefası… Dünya KİV-lərinin yazı başlıqlarında tez-tez bu ifadələrə rast gəlmək olar. Artıq Trampın istefası ilə bağlı onun Demokrat Partiyasındakı opponentləri də birbaşa bəyanatlar verməyə başlayıblar. Hazırda Qərb mətbuatı bu sual üzərində baş sındırır – ABŞ prezidenti Donald Tramp həqiqətən də impiçment təhlükəsi ilə üz-üzədirmi?

“Sübut olunsa ki, ABŞ prezidenti “Playboy”un keçmiş modelinə onunla münasibətləri barədə susmaq müqabilində pul ödəyib (vəkili vasitəsilə) bu, seçkiöncəsi kampaniyanın maliyyələşdirilməsinə dair pozuntu və impiçment üçün əsas sayıla bilər”, – deyə Demokrat Partiyasının Nyu-Yorkdan olan təmsilçiçi Cerrold Nedler bildirib:

“Bu, impiçmentə gətirən qayda pozuntusudur. Bu hüquq pozuntusunun impiçmenti əsaslandırmaq üçün yetərli olub-olmadığı isə başqa sualdır. Təbii ki, bu cür pozuntular impiçmenti nəzərdə tutur. Çünki bunlar Tramp prezident olmamışdan əvvəl baş verib və hədəf bu vəzifəyə qeyri-dürüst şəkildə seçilmək olub”.

Bu arada, Cerrold Nedler 2019-cu ilin yanvarından – demokratların Nümayəndələr Palatasında çoxluqda olacağı andan etibarən Konqresin Hüquq Komitəsinə sədrlik edəcək.

ABŞ qanunlarına görə, seçkiöncəsi kampaniya üçün toplanan ianələrlə bağlı bilgilər açıq olmalı, həmçinin maddi yardım 2700 dollardan çox olmamalıdır.

Cerrold Nedler

 

2018-ci ilin yayında Trampın keçmiş hüquqşünası Maykl Koenin vəkili səsyazısı haqda açıqlama verdi. Həmin səsyazısında Tramp Koenlə “Playboy”un keçmiş modeli Karen Makduqala ödəniləcək məbləğ barədə müzakirə aparır. İddialara görə, səsyazısı 2016-cı ilə – prezident seçkilərinə 2 ay qalmışa aiddir.

Koen Makduqala Trampın xahişi ilə ödəniş etdiyini bildirib. Və məhkəmədə seçkiöncəsi kampaniyanın maliyyələşdirilməsinə dair qaydaları pozduğunu etiraf edib. Tramp özü isə Koenin yalan danışdığını, özünü xilas etmək və mümkün qədər az cəza almaq üçün belə dediyini bildirib.

Konqresə son seçkilərdən sonra Demokrat Partiyası Nümayəndələr Palatasında çoxluğu ələ keçirdi. Bu, demokratlara prezidentlə həqiqi savaş aparmaq üçün vacib silah verir. Ən əsası da demokratlar istintaq komissiyası yaratmaq və insanları ifadə vermək üçün dinləmələrə çağırmaq səlahiyyətinə sahib olacaqlar. Bu səlahiyyət sayəsində deputatlar Trampı ən müxtəlif təhqiqatların mühasirəsinə sala bilərlər. Və keçmiş modelə pul ödənilməsi bu siyahıda yeganə belə hal olmayacaq.

Tramp indidən elan edib ki, istintaq komissiyalarının iclaslarına getməyəcək, ifadə verməyəcək. O, həmçinin bəyan edib ki, belə komissiyaların hamısının büdcəsini “qayçılayacaq”.

İmpiçment üçün potensial işlərdən biri də Tramp və komandasının 2016-cı ilin prezident seçkiləri ərəfəsində Rusiya ilə əlaqələridir.

Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller bildirib ki, Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafort istintaqa Rusiya kəşfiyyatı və Moskvadan olan nümayəndələrlə əlaqələri ilə bağlı yalan ifadə verib.

“Hesab edirəm ki, bu ittihamlar və məhkəmə işləri prezidenti Amerika xalqına qarşı böyük miqyaslı dələduzluğun mərkəzinə gətirib”, – deyə Nedler CNN-in efirində bildirib.

Tramp Rusiya ilə əlaqələrinə dair ittihamları dəfələrlə rədd edib. Kreml də eyni mövqedən çıxış edərək Rusiyanın başqa ölkələrin seçkilərinə müdaxilə etmədiyini bildirib.

Lakin Müller Tramp əleyhinə xeyli şey toplaya bilib.

“Rusiya səfiri, baş nazir müavini, pop-ulduz, ağır atlet, hüquqşünas, Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğu ehtimal edilən sovet ordusunun veteranı… Donald Trampın 18 aylıq seçki kampaniyası müddətində Rusiya vətəndaşları təkrar-təkrar onun ailə üzvləri ilə, dostları ilə təmas qurublar. Kimisi onun kampaniyasına və əmlak sahəsindəki biznesinə dəstək, kimisi Demokrat Partiyasındakı opponentinə qara yaxmağı təklif edib. Bir çox Rusiya vətəndaşı hesab edirdi ki, Tramp Vladimir Putinlə barışıq görüşü keçirməlidir və bunun üçün öz qurumlarını vasitəçi kimi təklif edirdilər”, – “The Washington Post” yazır.

İvanka Tramp həyat yoldaşı ilə

 

Trampın böyük uşaqları – oğul Tramp və İvanka Tramp ruslarla ünsiyyətdə olublar. Ruslar onlara respublikaçıların namizədinə dəstəklərini təklif ediblər. İvankanın əri – prezidentin seçki kampaniyasının baş müşaviri Cared Kuşner, həmçinin kampaniyanın rəhbəri Pol Manafort, şəxsi vəkili Maykl Koen və siyasi müşaviri Rocer Stoun da ruslarla təmasda olub.

“The Washington Post” Müllerin hesabatına istinadən yazır ki, 2015-ci ilin noyabrında Koen özünü Rusiyanın “etibarlı adamı” kimi təqdim edən rusiyalı ilə söhbət aparıb. Və bu şəxs Koenə Rusiya hökuməti səviyyəsində siyasi dəstək təklif edib. Üstəlik, dəfələrlə Trampla Putinin görüşünün vacibliyini vurğulayaraq bu görüşün fenomenal təsirindən danışıb. Və qeyd edib ki, heç bir layihə Putinin dəstəyi qədər təminatlı ola bilməz.

“Koenin həmin vaxt Dmitri Klokovla – ağırçəkili Rusiya olimpiadaçısı ilə də əlaqələri var idi. Klokov həm də sahibkardır və idman məhsullarının satışı ilə məşğul olur. Klokovdan Koenlə əlaqələrinə dair soruşanda, bunu cəfəngiyyat adlandırmışdı. Klokovun xanımı 2015-ci ildə İvanka Trampla əlaqə yaradaraq bildirib ki, Rusiya hökuməti ilə əlaqələri var və atasına (Trampa) Moskvada Tramp qülləsinin tikintsi ilə bağlı layihəni gerçəkləşdirməyə yardım edə bilər. Bu haqda məlum təmas barədə bilgisi olan şəxs məlumat verib”, – deyə qəzetdə qeyd olunub: “İvanka Tramp bu xanımla tanış deyildi. Buna baxmayaraq, onun əlaqə məlumatlarını Koenə göndərmişdi. Koen də sonradan Klokovla əlaqə yaratmışdı”.

Tərcümə Strateq.az-ındır