XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 21:37

“AXMAQ” SÖZÜNÜ AXTARIŞ VERƏNDƏ NİYƏ TRAMPIN ŞƏKLİ ÇIXIR?- ABŞ Konqresi "Google" rəhbərini məhşər ayağına çəkdi

“Korrespondent.net”, (Ukrayna)

 

ABŞ Konqresində “Google” axtarış sisteminin baş direktoru Sundar Piçayın ifadələri üzrə dinləmələr keçirilib. “Şəffaflıq və hesabatlılıq” başlığı altında keçən dinləmələrdə S.Piçaydan Google-ın məlumatları necə topladığı və süzgəcdən keçirdiyi, onlardan necə istifadə etdiyi kimi, mövzularla bağlı hesabat tələb olunub.

Gərgin şəraitdə keçən dinləmələrdə Sundar Piçaya verilən suallardan biri belə olub: “Niyə “Google”da “axmaq” sözünü axtarış verəndə ABŞ prezidenti Donald Trampın fotoları çıxır?”.

Sualın müəllifi Demokrat Partiyasından olan konqresmen Zoi Lofqren “Elə buradaca “Google”da “axmaq” sözünü yazıram və şəkil bölməsində Donald Trampı görürəm. Bu necə olur?”, – deyə şirkət rəhbərindən soruşub.

 

Sundar Piçay

Suala cavab olaraq Piçay bildirib ki, “Google” şirkəti axtarışın nəticələri ilə bağlı hər hansı manipulyasiyaya yol vermir. Çünki nəticələr əllə idarə olunmur.

Onun sözlərinə görə, axtarışın nəticəsi istifadəçilərin fəaliyyətindən asılıdır. İstifadəçilər və KİV-lər ən çox nə yazırlarsa, axtarış sistemində də nəticə olaraq o çıxır.

Rezonans yaradan növbəti sualı qalmaqalları ilə tanınan respublikaçı konqresmen Stiv Kinq verdi. Kinq “Google”ın baş direktorundan soruşub ki, 7 yaşlı nəvəsi iPhone-da oynayarkən necə olub ki, onun (Stiv Kinqin) şəkli olan və şəklin altında senzuradan kənar ifadələrinin yer aldığı baner ekranda qəfil peyda olub.

iPhone-u başqa şirkətin istehsal etdiyini deyən Sundar Piçay hər bir halda məsələ ilə maraqlanacağını bildirib.

Dinləmələr zamanı daha bir gərginlik zalda oturan radio aparıcısı Aleks Consla bağlı yaşanıb. O bir neçə dəfə Sundar Piçaya etiraz olaraq “Google – şər!” şüarını səsləndirib.

S.Piçay ifadəsi zamanı onu da bildirib ki, “Google”ın Çinə işləməsi haqda söylənənlər şayiədən başqa bir şey deyil.

Dinləmələrin bir hədəfi də şirkətin Respublikaçılar Partiyasına qərəzli münasibətinin səbəbini müəyyənləşdirmək idi.

Bu barədə sual veriləndə Piçay “Google”ın istifadəçilərinə yüksək səviyyəli xidmət göstərdiyini və ən uyğun məlumatı təqdim etdiyini deyib.

Konqresmenlər qarşısında çıxış edərkən Piçay əminliklə bildirib ki, “Google” tam olaraq Birləşmiş Ştatları və Amerika dəyərlərini dəstəkləyir. Və şirkətin bütün əməkdaşlarının fəaliyyəti, eləcə də bütün məhsulları siyasi maraqlardan uzaqdır: “Bizim şirkətdə müxtəlif baxışlı insanlar – mühafizəkarlar, liberallar, ifadə azadlığının müdafiəçiləri, savaş keçmiş hərbçilər ilşəyir. Bəzi əməkdaşlar bu ölkədə immiqrantdır. Mənim kimi. Və bu ölkəyə bizə verdiyi azadlığa, imkanlara görə minnətdarıq”.

Qeyd edək ki, bu ilin sentyabrındakı yenilənmədən sonra Google Chrome-un sürəti xeyli azalmaqla yanaşı, istifadəçilərin məxfiliyinə təhdid yaranıb.

Əvvəlki versiyalarda istifadəçi məlumatları, məsələn, axtarış tarixçəsi, şifrə yalnız istfadəçi hesabına daxil olduqda və məlumatın ötürülməsinə razılıq verdikdə sinxronlaşdırılırdı. Yenilənmədən sonra hesabdakı avtorizasiya bir çox “Google” xidmətindən birinə, məsələn, Gmail və ya YouTube-a qoşulduqdan sonra avtomatik olaraq baş verir.

Ekspert Metyu Qrin “Mən Chrome-dan niyə imtina etdim” adlı bloq yazısında qeyd edir ki, bu qaranlıq internet sxemi istifadəçini yanıltmaq üçün nəzərdə tutulub.

Bu ilin yazında Google+ sosial şəbəkəsinin təhlükəsizlik sistemində qüsur aşkarlandı. Bu, yüzminlərlə istifadəçinin hüquqlarının pozulması idi. Lakin şirkət Avropa İttifaqının verəcəyi cəzadan və ABŞ Senatı qarşısına çıxmaqdan ehtiyatlanaraq bu mövzuda səssiz qaldı. Oktyabr ayında məlumat mətbuata sızan kimi şirkət Google+ sosial şəbəkəsinin qapadıldığını elan etdi…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə