XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 19:47

ƏR-RİYAD İRAN VƏ BƏƏ-YƏ QARŞI YENİ BLOK YARADIR- Səudiyyə rəhbərliyi 6 ölkəni razı sala bilib

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Qırmızı dəniz və Ədən körfəzi ətrafında yeni regional blok formalaşdırılır. Bu addım bir növ Səudiyyənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə rəqabətinin təzahürüdür. Yəməndə baş verən münaqişə də göstərdi ki, dostluq ritorikasına baxmayaraq, BƏƏ regionda heç kimin maraqları ilə hesablaşmaq istəmir. Artıq Səudiyyə rəhbərliyi Misir, Cibuti, Somali, Sudan, Yəmən və İordaniya təmsilçiləri ilə görüş keçirib.

“Görünür, Qırmızı dəniz və Ədən körfəzinə çıxışı olan 6 ölkə Ər-Riyada bu vacib strateji əhəmiyyətli rayona nəzarət üçün lazımdır”, – deyə “Al-Jazeera” telekanalı bildirir.

Müşahidəçilərin fikrincə, Səudiyyə hökuməti üçün birlik ilk növbədə krallığın regional rəqiblərinə – İran, Türkiyə və Qətərə qarşı duruş gətirmək üçün lazımdır.

Gözlənilir ki, Ər-Riyaddakı görüşdən sonra adıçəkilən ölkələrin ekspert qrupları texniki məsələləri müzakirə etmək üçün Qahirədə bir araya gələcək.

«Bu, krallığın özünün və qonşularının maraqlarının müdafiə etməsidir, həmçinin regionun stabilliyi üçün göstərdiyi səylərin bir hissəsidir. Həm də müxtəlif ölkələr arasında əlaqələri yoluna qoymaq cəhdidir”, – deyə Səudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr Ər-Riyaddakı görüşün nəticələrini şərh edərkən bildirib.

Maraqlıdır ki, Ər-Riyaddakı görüşdə Eritreyadan (Qırmızı dənizdə adaları olan) və Efiopiyadan (Qırmızı dənizə çıxışı olmasa da, Afrika buynuzunda əhalisinin sayına görə birinci olan) təmsilçi yox idi.

Əl-Cübeyr hesab edir ki, region ölkələri arasında əməkdaşlıq və koordinasiya nə qədər çox olarsa, neqativ xarici təsirlər də bir o qədər azalar.

Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki deklarativ müttəfiqi BƏƏ Afrika buynuzu sahillərinə öz təhlükəsizliklərinin qərb cinahı kimi baxır. Ehtimal ki, onlar regional rəqiblərinin bu ərazidə möhkəmlənə biləcəyindən qorxurlar.

Qırmızı dənizə Babülməndəb boğazı da daxildir. Hər gün bu boğaz vasitəsilə 3,2 milyon barrel neft Avropaya, Birləşmiş Ştatlara və Asiyaya gedir. Son illər boğaza dəniz quldurları və Yəməndəki qiyamçı husilər tərəfindən hücumlar olub.

Əl-Cübeyr həmçinin bildirib ki, Ər-Riyaddakı görüşdə ticarətin stimullaşdırılması və ətraf mühitin qorunmsı məsələləri də müzakirə olunub. Səudiyyə Ərəbistanı görüşdə Qırmızı dənizdən tutmuş, 500 milyard dollarlıq dəyəri olan işgüzar zonanın qurulmasına qədər özünün bir neçə maqalayihəsini də elan edib.

İstisna olunmur ki, Səudiyyənin rəhbərlik edəcəyi yeni blok layihəsi Somalidə olduğu kimi, istilaçı kimi davranan BƏƏ-nin bu tip ambisiyalarını önləməyə yönəlib.

Əmirliklər yerli hökumətin tələblərinə baxmayaraq, bir Afrika ölkəsi ərazisində hərbi məntəqələrini yerləşdiriblər. Bu baxımdan da analitiklər BƏƏ-nin öz müstəmləkə imperiyasını yaratmaq istəyindən şübhələnirlər.

Bu ilin yazında Yəmən özünün formal müttəfiqlərindən BMT-yə şikayət edərək bildirmişdi ki, əmirliklər son vaxtlar onun ölkəsində hərbi iştiraklarını artırırlar. Yəmən rəhbəri Mansur Hadi şikayətində Abu-Dabinin addımlarının aqressiya aktı kimi qiymətləndirmişdi.

Səudiyyə Ərəbistanı Hadini Yəmənin vahid lideri kimi qəbul edir. Birləşmiş Ərəb Əmirlikləri isə Cənubi Yəməndə müstəqil dövlət qurmağa çalışan qüvvələrə dəstək verir. Hər iki ölkə qiyamçı-husilərə qarşı mübarizədə əməkdaşlıq edir. Lakin zamanla Səudiyyə ilə BƏƏ-nin Yəmən münaqişəsindəki yolları ayrıldı.

Ekspertlərin fikrincə, Səudiyyə və Abu-Dabinin müstəmləkə ambisiyaları Yəmən kimi, onsuz da uzanan münaqişələri bir az da ağırlaşdıracaq. Bəs regional rəqabət özünü Afrika qitəsində necə göstərəcək? Səudiyyənin istədiyi yeni regional blok hələ ki buna cavab vermir…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə