XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 14:59

SARAYIN İTKİN XANIM ŞAHZADƏSİ:hakim ailənin 33 yaşlı üzvü hara və necə yoxa çıxıb? - ARAŞDIRMA

“Axərin xəbər” (İran)

 

Səudiyyənin tənqidçisi, “Vaşinqton Post”un köşə yazarı Camal Xaşuqcinin dəhşətli və qəddar qətli Səudiyyə Ərəbistanını və sonradan Körfəz monarxiyalarını hədəfə çevirib. Bu cinayətin nəticələri Səudiyyə Ərəbistanı hüdudlarını aşıb və Səudiyyə Ərəbistanının yaxın müttəfiqi olan Birləşmiş Əmirlikləri də əhatəsinə alıb.

Dubayın hökmdarı və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Ali-Məktum da sayı otuza çatan övladlarından biri – qızı Lətifə Məktumun oğurlanması və ya qətlə yetirilməsi ehtimalı ilə bağlı beynəlxalq təzyiqlər altındadır.

“Human Rights Watch” 2018-ci ildə insan haqlarının pozulmasına dair 10 halın qeyd olunduğu hesabata şahzadə xanımın Birləşmiş Ərəb Əmirliklərindən uğursuz qaçış cəhdini və ölkəyə məcburi şəkildə qaytarılmasını da daxil edib.

Şahzadənin taleyinə aid xəbərlərindən sonra kiberməkanda “Lətifəyə azadlıq”, “Dubaylı məhbus”, “Dubayın boykotu”, “Şahzadə Lətifə” və s. haştaqlarla paylaşımlar olub.

Hesabatlar göstərir ki, BƏƏ şahzadəsi bu ilin mart ayında ABŞ bayrağı ilə üzən, Qoa sahillərindən 50 kilometr uzaqlıqdakı bir gəmidə həyata keçirilmiş gizli əməliyyat nəticəsində həbs olunub və BƏƏ-yə qayıtmaq məcburiyyətində qalıb.

Xəbərlərə əsasən, o, finlandiyalı idman məşqçisinin (Tiina Yauhiaynenred.) və Amerika vətəndaşlığı olan fransız dostunun (Erve Joberred.) köməyi ilə qəddar həbs cəzasından qurtulmaq istəyib.

O zamandan bəri Əmirliyin şahzadə xanımı barədə heç bir yeni xəbər dərc olunmayıb və bütün onlayn hesabları silinib. Bu, şahzadənin qətlə yetirilməsi haqqında məlumatların intensivliyinə səbəb olub.

BƏƏ hökuməti bu mövzuda konkret mövqe tutub. Rəsmi açıqlamaya əsasən, şahzadə Lətifə onu kral ailəsinə qarşı sui-qəsddə istifadə etməyə çalışan “amerikalı casus” Erve Joberlə əlbirliyinə görə həbs edilib.

 

ABŞ bayrağı ilə üzən “Nostromo” gəmisindən oğurlanan gənc şahzadənin taleyi naməlumdur

 

Digər tərəfdən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətərlə qarşıdurması fonunda Doha əleyhinə koalisiya yaranıb və kiçik ölkə blokada vəziyyətinə salınıb. Buna istinadla şahzadənin Qətər lehinə casusluq etməsi ittihamı ilə həbs olunduğu iddiası var.

Bu mübahisəli iddialarla bərabər, şahzadənin ictimai məclislərdə görünməməsi Xaşuqcinin başına gətirilən faciəli, sirli hekayətin təkrarlanması ilə əlaqədar narahatlıqları daha da artırıb.

2018-ci ilin martında şahzadənin qaçışından əvvəl çəkilmiş 39 dəqiqəlik bir video paylaşılıb. 2010-cu ildən yanında çalışan Tiina Yauhiaynenin evində çəkilmiş həmin video, Lətifənin həyatı təhlükəyə məruz qaldığı hal üçün nəzərdə tutulub.

Görüntüdə Lətifə ailəsi, qaçış fikrinə düşməsinin səbəbləri, atasının onunla və bacısı Şəmslə qəddar davranışını və ailənin başçısı əleyhinə sərt ittihamları dilə gətirir, ABŞ-da sığınacaq almaq istəyini açıqlayır.

Birləşmiş Millətlər Təşkilatı, “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar bir neçə dəfə Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, son 9 ay ərzində şahzadənin harada olması, səhhəti və s. barədə məlumat verməyə çağırıblar. Lakin bu səylər cavabsız qalıb.

Hesabatlarda göstərilir ki, BƏƏ şahzadəsinin ələ keçirilməsində ən azı beş hind və Əmirlik hərbi gəmisi, eləcə də iki hərbi təyyarə və bir helikopter iştirak edib.

Eyni zamanda, Hindistan əməliyyatda iştirakına dair iddiaları rədd edərək, sahilləri yaxınlığında hərbi əməliyyat keçirilməsindən məlumatsız olduğunu bəyan edib.

Bütün bunlar BƏƏ-nin özünü dünyaya mütərəqqi dövlət kimi göstərməyə çalışdığı bir dövrdə baş verir. Bu əmirlikdə baş verən qəddar cinayətlər və insan haqlarının pozulması halları Səudiyyə Ərəbistanındakı hadisələrə bənzəyir.

Mövcud sübutlara görə, bu iki krallığın kəşfiyyat orqanları yaxın əlaqələrə malikdir. Məhəmməd bin Zaidin xüsusi məsləhətçisi Məhəmməd Dəhlanın Xaşuqci cinayətində iştirakı buna bariz misaldır…

Tərcümə: Strateq.az