XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2018 - 13:16

“RUSİYA GÜCLÜ “OYUNÇUDUR” VƏ ONUNLA HESABLAŞMAQ LAZIMDIR!”- Putin mətbuat konfransında nələrdən danışdı?+VİDEO

 

Rusiya prezidentinin sayca 14-cü böyük mətbuat konfransı başa çatıb. 3 saat 45 dəqiqə davam edən mətbuat konfransında Putin 53 jurnalistin 61 sualına cavab verib. Sual verənlərdən 24-ü qadın, 29 kişi jurnalist olub.

 

Skripal və Xaşuqci…

 

Putin qeyd edib ki, səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı tam səssizlikdir. Lakin həyatda olan Skripalın zəhərlənməsindən sonra sanksiyalar davam edir: “Bu, rusofob yanaşmadır. Rusiyaya qarşı növbəti hücumu təşkil etmək üçün bəhanədir. Skripal olmasaydı, başqa şey fikirləşəcəkdilər. Hədəf birdir – mümkün rəqib kimi, Rusiyanın inkişafını bacardıqca əngəlləmək”.

Sanksiyalardan danışan Putin bildirib ki, Rusiya güclü oyunçudur və onunla hesablaşmaq lazımdır. Onun sözlərinə görə, Avropa bu illər ərzində öz sanksiyalarına görə 500 milyard avro itirib. Rusiya iqtisadiyyatı isə xarici məhdudiyyətlərə uyğunlaşıb.

“Rusiya Əfqanıstandakı vəziyyətin mürəkkəbləşməsi səbəbindən Tacikistanda hərbi bazasını inkifaş etdirəcək”, – deyə Putin bildirib. Rusiya prezidenti hesab edir ki, Əfqanıstanda vəziyyət yalnız siyasi tərəflər arasında danışıqlar yolu ilə həll oluna bilər.

 

“Donald Tramp yeni hücumlara hazır olmalıdır”

 

Putin bildirib ki, Konqresin tərkibi yenilənəndən sonra ABŞ prezidenti Donald Tramp oradan gələ biləcək yeni hücumlara hazır olmalıdır.

Rusiya lideri qeyd edib ki, Ağ ev rəhbəri ilə görüşməyə hazırdır. Lakin danışıqların baş tutub-tutmayacağını hələ bilmir: “Anqlosakson dünyası dərin tektonik dəyişikliklər yaşayır. Amerika cəmiyyətini əmin etməyə çalışırlar ki, Tramp öz postunu qeyri-qanuni olaraq tutub”.

Putin Rusiyanın Çinlə səmərəli əlaqələrinə də toxunub. Və bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 100 milyard dollara yaxınlaşır.

 

“İndi hamı oxuduğunu, gördüyünü yüzə, minə bölür”

 

Putin KİV-lərə inamın itməsindən də danışıb. Bildirib ki, bunun əsas səbəbi həyatın kommersiyalaşması ilə bağlıdır. Onun sözlərinə görə, sovet dövründə hər şey siyasiləşmişdi, indi isə fərqli tendensiyadır: “Ona görə də KİV-lərə olan inam itib. İndi hamı oxuduğunu, gördüyünü yüzə, minə bölür”.

Rusiya prezidentinin fikrincə, jurnalist peşəsi “güc həqiqətdədir” formulunda yer alıb: “Etibar qazanmaq üçün KİV əməkdaşları son dərəcədə obyektiv olmalıdırlar”.

Putinin fikrincə, vətənpərvərlik dövlətin möhkəmlənməsinin əsası rolunda çıxış etməlidir.

 

Putin dünyanı idarə etmək istəyir

 

Putin mətbuat konfransında Rusiyanın ünvanına səsləndirilən ittihamlara da münasibət bildirib. Deyib ki, Rusiyanın bütün dünyanı özünə tabe etmək istədiyinə dair ittiham Qərbin beynəlxalq ictimaiyyətə sırımaq istədiyi möhürdür: “Dünyanı idarə etməyə cəhd edənlərin qərargahının harada yerləşdiyini bilirik. Bu Moskva deyil”.

Putinin sözlərinə görə, Kremlin xarici siyasətində əsas hədəf ölkənin inkişafı üçün yaxşı şərait təmin etmək və rəqabətqabiliyyətli oyunçu olmaqdır.

“Wall Street Journal” əməkdaşının “Rusiya lideri dünyanı idarə etmək istəyirmi?” sualına Putinin cavabı belə olub: “Əlbəttə ki”.

Rusiya prezidenti mətbuat konfransında şəxsi həyatı ilə də bağlı məqama toxunub. Bildirib ki, gec-tez evlənəcək: “Nə vaxtsa bunu etməli olacam”.

“Rusiyanın sosializmə qayıtması mümkün deyil”, – deyən Vladimir Putin bildirib ki, sadəcə, iqtisadiyyatda, sosial sahədə bunun elementləri ola bilər.

 

 

“Sanksiyalar Rusiyanın qüdrəti ilə bağlıdır”

 

Jurnalistin sualına cavab olaraq Putin bildirib ki, Rusiyaya qarşı sanksiyalar ölkənin qüdrətinin və rəqabət qabiliyyətinin artması ilə bağlıdır. Prezidentin fikrincə, başqa ölkələr sadəcə olaraq güclü və qüdrətli oyunçunun ortaya çıxması ilə hesablaşmaq istəmirlər: “Son dövrlərə qədər hesab edirdilər ki, artıq belə bir ölkə yoxdur. Amma sən demə, varmış”.

 

“Ukraynanın cəhdləri uğursuzluğa məhkumdur”

 

Vladimir Putin bildirib ki, Ukrayna hökumətinin Donbas problemini güc yolu ilə həll etmək cəhdləri uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, Kiyev Donbasla ölkənin qalan hissəsi arasında blokada yaradıb. Üstəlik öz vətəndaşları hesab etdikləri adamlara atəş açır. Rusiya isə onlara humanitar yardım edir: “Biz istəyirik ki, bütün Ukrayna ərazisində sülh və çiçəklənmə olsun”.

 

“Bürokratiya əbədidir”

 

“Bürokratiya əbədidir və ona qalib gəlmək mümkün deyil. Eləcə də onsuz yaşamaq mümkün deyil”, – deyə Rusiya prezidenti jurnalistin korrupsiyaya qarşı mübarizə ilə bağlı sualını cavablandırarkən bildirib.

 

 

Poroşenkonun reytinqi…

 

Ukrayna hökumətinin Qara dənizdəki addımlarını təxribat adlandıran Rusiya prezidenti bildirib ki, bu, seçki öncəsi vəziyyəti gərginləşdirməyə hesablanıb. Və bu cür hərəkətlər Ukrayna tərəfinin zərərinədir.

“Təxribat Poroşenkonun reytinqinin qalxması baxımından baş tutmuş oldu. Poroşenko beşinci sıradan üçüncü sıraya yerləşdi”, – deyə Rusiya lideri bildirib.

 

Nüvə savaşı haqda

 

Putin bildirib ki, Rusiya, strateji silahların inkişafında digər ölkələri üstələyib. Onun fikrincə, müasir cəmiyyətlər mümkün nüvə müharibəsinin nəticələrini kifayət qədər qiymətləndirə bilmir: “Dünyada silah nəzarət sistemlərinin çöküşü tendensiyası müşahidə olunur ki, bu da “qaynar” qlobal münaqişələrə gətirib çıxara bilər”.

 

Medvedevin fəaliyyətinə qiymət

 

Prezident Vladimir Putin jurnalistin sualına cavab olaraq baş nazir Dmitri Medvedevin və hökumətin fəaliyyətini qiymətləndirib. Putin bildirib ki, ümumən komandanın fəaliyyətindən razıdır.

Putin onu da qeyd edib ki, Rusiyanın yeni texnoloji sıçrayışa ehtiyacı var. Və bu olmadan ölkənin gələcəyi yoxdur.

 

Jurnalistlərin yeməyinə 2,5 milyon xərclənib

 

Hər il olduğu kimi, bu dəfə də dekabrın sonlarında Rusiya prezidenti ənənəvi illik mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırır.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sayca 14-cü olan mətbuat konfransı Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Bu dəfə Kreml rəhbərinə sual vermək istəyən rekord sayda jurnalist var – 1702 nəfər.

Mətbuat konfransına 60,6 milyon rubl xərclənib. Vəsaitin böyük hissəsi dekorasiyaya,  2,5 milyon rubl isə jurnalistlərin yeməyinə sərf olunub.

Mətbuat konfransı 3 saat davam edəcək. Ən uzun mətbuat konfransı 2008-ci ildə olmuşdu. Həmin vaxt Putin 4 saat 40 dəqiqə suallara cavab vermişdi.

Putin zalda əyləşən KİV nümayəndələrinə müraciət edərək hər kəsin bir dəfə sual verməsini xahiş edib.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə