XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 10:35

SURİYA KAMPANİYASININ SONUNDA UDUZAN TƏRƏFLƏR:"İsraillə müqayisədə, kürdlər daha böyük xəyanətə məruz qalıb"

Amos Harel

“Haaretz”

 

ABŞ prezidenti Donald Tramp bir qılınc zərbəsi və ya bir “tweet”-lə məsləhətçiləri və generallarının bütün planlarını pozub. Bir çox aylar ərzində onların hamısı – dekabrın 20-də istefa verən müdafiə naziri Ceyms Mattisdən tutmuş milli təhlükəsizlik məsləhətçisi Con Boltona qədər – İranın genişlənməsinə maneə törətmək, Yaxın Şərqdə Rusiyanın təsirini və ABŞ-ın beynəlxalq mövqeyini gücləndirmək üçün Suriyada Amerikanın mövcudluğunun nə qədər vacib olduğunu təlqin ediblər.

Ötən Çərşənbə günü Tramp xalını onların ayaqları altından dartıb-çıxardı. Diplomatlar və digər ABŞ rəsmiləri Suriyanı 24 saat içərisində və son Amerika əsgəri 100 gün ərzində bölgəni tərk edəcək.

Trampı bu qərara gətirib çıxaran şeyi başa düşə biləcək ağıllı adam kimdir?

Televiziyada, “Fox” şəbəkəsində vaxtının çoxunu keçirən prezidentin məramı nədir?

Bəlkə, xüsusi müşavir Robert Möller çənbəri daraltdığı üçün o, mətbuat müzakirələrini başqa bir mövzuya yönəltmək istəyir? Ya da “Öncə Amerika!” vədini yerinə yetirməyin yolunu uzaq sahillərdə aparılan müharibələrə xərcləri azaltmaqda görür?

İsrailə gəlincə, bu hekayətin bir dərsi var. Dərhal nəticəyə gəlmək olar ki, İran qoşunları və Suriyadan olan şiə milisləri uzaqlaşdırmaq arzusu dalana dirənir. Rusiyanın İsrailə kömək vədləri xülyadır. İsrail ordusu yaz aylarında Suriyada İİKK ilə qarşıdurmalarda təsirli uğura nail olsa belə, bu, Tehranın öz planlarından imtina etməsini bildirmir.

Uzunmüddətli dərs budur ki, Tramp etibar ediləcək şəxs deyil. İsrailə rəğbəti, ailəsi, məsləhətçiləri və onu əhatə edən xeyriyyəçilər yəhudi olsalar da, Tramp böyük narahatlıq içindədir və İsrail hökuməti bu dəstəyin uzun müddətli olacağına əmin ola bilməz.

Amerika rəhbərliyinin fələstinlilərlə “Əsrin müqaviləsi”ni – sülh planını inkişaf etdirmək şansları indi minimal görünür, Trampın hətta birdən-birə iranlılarla razılaşması ehtimalı var. Şimali koreyalı diktatordan gələn nüvə təhdidinin sona çatdığını açıqlaması kimi. Söhbət Trampdan getdikdə Yerusəlimdəki qərarvericilər artan qeyri-müəyyənliyi nəzərə almalıdırlar.

İsrailin məyusluğu, İŞİD əleyhinə Amerika kampaniyasına kömək edərkən minlərlə döyüşçüsünü qurban verən kürdlərə xəyanətlə müqayisədə, nisbətən kiçik məsələdir və indi onlar Suriyada hərbi dəstəksiz qalacaq.

ABŞ-ın Suriyadan geri çəkilməsi vətəndaş müharibəsində Rusiya və İranın rəhbərliyi ilə Bəşər Əsəd rejimini dəstəkləyən geniş düşərgədə məmnunluqla qəbul edilib. Vladimir Putin artıq Suriya macərasını təsirli bir uğur hesab edə bilər.

İsrailin müdafiə qurumunda Rusiyanın Suriyadakı bataqlıqda boğulacağına dair qiymətləndirmələr səhv olduğunu sübut edib. Putinin 2015-ci ilin sentyabr ayında Suriya lideri Bəşər Əsədə kömək üçün iki eskadrilya göndərmə qərarı özünü doğruldub. O, vətəndaş müharibəsində tarazlığı rejimin lehinə dəyişib və Moskvanın beynəlxalq mövqeyini gücləndirib.

Herzliyadakı Diplomatiya və Strategiya Ali Məktəbinin professoru Dmitri Adamski Rusiya strategiyasının ən peşəkar analitiklərindən biridir. Fransanın düşüncə quruluşu IFRI tərəfindən nəşr olunan “Moskvanın Suriya kampaniyası: Rusiyanın strategiya sənəti” sənədində Adamski Rusiyanın Suriyadakı hərbi iştirakını “Rusiyanın strateji düşüncə və əməliyyat sənəti” mövzusunda dərindən təhlil edir.

“Moskva Suriyadakı kampaniyaya bir neçə səbəbə görə qoşulub: müttəfiqi (Əsəd) müdafiə edib, aktivlərini qoruyub saxlayıb (Aralıq dənizində Tartus limanının nəzarətini təmin etmək); bəzi qonşu Orta Asiya ölkələrindən gələn “cihadçılar”a zərbə endirib; beynəlxalq və regional mövqeyini yaxşılaşdırmağa çalışıb; diqqəti Krım və Şərqi Ukraynadakı hərəkətlərindən yayındırıb”.

Adamski Suriyadakı üç strateji prinsipi təsvir edir. “Birinci prinsip – fikir ayrılıqlarını yüksək səviyyədə, lakin nəzarət həddində qoruyub saxlamaq. Bu, Moskvaya bütün partiyalarla təmasda broker statusunu möhkəmləndirməyə imkan verir, çünki onların hamısı ruslara lazımdır. Rusiya Suriyadakı problemin, həm də həllin bir hissəsidir. Bütün tərəflərlə saxladığı təmaslar amerikalılarla rəqabətdə ona üstünlük qazandırıb. Hər bir münaqişədə Rusiya gücünü və Kremldən asılılığı qabardacaq”.

Qeyd edək ki, bu, Rusiyanın İsraillə əlaqələrində də tətbiq olunan prinsiplərdir: ilk növbədə, hər iki ölkənin təyyarələri arasında hava qarşıdurmasının qarşısını almaq üçün “qaynar xətt” yaradılıb, sonra “İl” casus təyyarəsi Suriyada vurulub.

Adamskinin sözlərinə görə, ikinci prinsip – rusların ən böyük təhlükə saydığı kampaniyanın nəzarətsiz genişlənməsi (amerikalılar onu “missiyanın sürüşməsi” adlandırır), yəni tədricən orijinal sahəsindən kənara çıxmasıdır.

Üçüncü prinsip – strateji mütəhərrikliyin qorunub saxlanılmasıdır.

“Putin Rusiyanın strategiyasından razı qala bilər, – deyə Adamski yazır. – Rusiya yalnız Əsəd rejimini sabitləşdirməyə müvəffəq olmayıb, həm də itki və müharibə xərcləri məqbul həddədir. Onların regional və beynəlxalq statusu güclənib, hərbi zabitlər əməliyyat təcrübəsi qazanıb və qoşunlar yeni döyüş doktrinalarının düzgünlüyünü sınaqdan keçirərək, beynəlxalq arenaya hərbi imkanları və müasir silah sistemlərini nümayiş etdirib, kəşfiyyat və texnologiya ilə dolu kompleks kampaniyanı idarə ediblər”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə