XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2018 - 23:14

LİVİYA RƏHBƏRLİYİNƏ NÖVBƏTİ QƏDDAFİ GƏLİR?- Devrilmiş diktatorun 46 yaşlı oğlu prezident ola biləcəkmi?

Beynəlxalq oyunçular Liviyada 2019-cu ilin yazında seçkilərin keçirilməsinə dair razılığa gəlsələr də, ölkədəki mürkəkkəb siyasi vəziyyət bunun real olmadığını göstərir. Bir tərəfdən də, Qəddafi klanının təmsilçisi Seyf əl-İslamın prezident postuna iddialı olduğu və Kremldən dəstək axtardığına dair xəbərlər yayılır.

Dekabrın 24-də Rusiya KİV-lərində yayılan məlumatda qeyd olunurdu ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam öz siyasi ambisiyalarını gerçəkləşdrmək üçün Moskvadan dəstək axtarır. Onun Rusiya prezidenti Vladimir Putinə ismarıc yolladığı da bildirilir. İddialara görə, o, Rusiyadan həm maliyyə dəstəyi axtarışındadır, həm də Kremlin Liviyadakı digər güc mərkəzləri ilə koalisiya qurulmasında vasitəçi olmasını istəyir.

Hələ ötən ilin dekabrında Qəddafi ailəsinin təmsilçisi Basem əl-Haşimi bildirmişdi ki, Seyf əl-İslam gələn il ölkə prezidentliyə namizədliyini irəli sürəcək.

Yeri gəlmişkən, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.

“Bloomberg”ə danışan mənbə bildirib ki, Rusiya təmsilçiləri Seyf əl-İslamın adamları ilə təmas qurublar. Bu təmas Qəddafinin oğlu 6 illik məhbəs həyatından sonra – 2017-ci ilin iyununda azadlığa çıxarkən videoəlaqə şəklində olub.

Seyf əl-İslamın konkret haradan bağlantı qurduğu məlum deyil. Lakin həmin ilin yayından Rusiyanın ekspert çevrəsində onun seçkidəki perspektivi aktiv şəkildə müzakirə olunmağa başlayıb.

Seyf əl-İslam Qəddafi Londonda iqtisadi və siyasi elmlər məktəbində təhsil alıb. Yüksək təhsilinə və ingilis dilində sərbəst danışıq qabiliyyətinə görə, bir neçə dəfə ölkəsini beynəlxalq tədbirlərdə təmsil edib.

Atasının ölümündən sonra ölkədə başlayan vətəndaş müharibəsi zamanı “Əbu-Bəkr əs-Siddiq” qruplaşması tərəfindən ələ keçirilən oğul Qəddafi 2017-ci ilin iyununa qədər həbsdə qaldı. Və yalnız Tobrukda yerləşən parlamentin verdiyi amnistiyadan sonra azadlığa çıxa bildi.

BMT-nin Liviyanın birləşdirilməsi planına uyğun olaraq, ölkədəki seçkilər 2019-cu ilə təyin olunub. Lakin bu ilin noyabrında Palermoda keçirilən konfransın nəticəsiz başa çatması səbəbindən bu razılaşmanın həyata keçəcəyi sual altına düşür. Və görünən odur ki, onsuz da parçalanmış vəziyyətdə olan Liviyada daha bir üst orqanın peyda olması situasiyanın stabilləşməsinə yardım etməyəcək.

Xəlifə Xaftar

 

Maraqlı məqamlardan biri də odur ki, Palermo konfransı ərəfəsində Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Rusiyaya səfər etmişdi. Tobrukdakı hökumət tərəfindən “feldmarşal” adını alan Xaftar bir vaxtlar Qəddafinin yaxın silahdaşı olub. Lakin 80-ci illərdə liviyalı diktatorla münasibətlərinə son qoyaraq müxalifətə keçib.

Hazırda Xaftar bir neçə yerə parçalanmış Liviyada ən nüfuzlu səhra komandiridir. Xaftar Qəddafi dövrünün bir çox zabitləri kimi, SSRİ-də təhsil alıb və rus dilində danışır.

Moskvanın generala olan marağı onun Liviyanı öz rəhbərliyi altında birləşdirmək istəyilə bağlıdır. Bundan başqa, Xaftarın Qərbin dəstəklədiyi Milli Barışıq Hökuməti (Tripolidəki) ilə münasibətləri pisdir.

Qərb mətbuatının yazdığına görə, Rusiya xüsusi təyinatlıları Xaftara Qərbi Misir istiqamətindən dəstək veriblər və ehtimal ki, bunu indi də davam etdirirlər. Xaftarın nəzarətindəki ordu məhz orada yerləşir.

“Reuters”in məlumatına görə, rus hərbçiləri Liviyanın şərq hissəsinə nəzarət edən bu səhra komandirini dəstəkləyirlər və onunla bir neçə dəfə görüşüblər.

Xaftarın bu il noyabrın əvvəllərində baş tutan Moskva səfərini ekspertlər belə şərh etmişdilər ki, liviyalı general Palermo konfransı ərəfəsində Moskvaya təsir göstərməyə və Kremli ona sərf edən mövqe sərgilməyə vadar etməyə çalışıb. Belə ki, Xaftar konfrans öncəsi nümayiş etdirmək istəyib ki, o, Moskvanın Liviyadakı əsas müttəfiqidir.

Ekspertlərə görə, reallıqda Rusiyanın Liviyada baş verən proseslərə çox qarışmaq imkanı yoxdur. Çünki Suriyadan fərqli olaraq Liviya Avropa İttifaqı ölkələri, xüsusən də Fransa və İtaliya üçün həyati əhəmiyyət daşıyır. Rusiya onlarla münaqişəyə girmək istəməz. Moskva üçün münaqişənin bütün tərəfləri ilə danışıqlara hazır olduğunu nümayiş etdirmək vacibdir. Xaftarı Moskvada bu səbəbdən qəbul edirlər. Üstəlik, nəzərə alınmalıdır ki, Xaftar özünü terrorizmə qarşı savaşçı kimi təqdim edir. Antiterror məzmunlu gündəm də Kreml üçün çox vacibdir.

Seyf əl-İslam

 

Oğul Qəddafinin bütün bunların fonunda kimin yanında yer alacağı hələ ki bəlli deyil. Prezident postuna iddialı olan diktator oğlunun ətrafındakı sirr pərdəsini aralamaq üçün isə nə özü, nə də sponsorları heç bir addım atmır.

Azadlığa çıxdığına dair xəbərdən sonra Seyf əl-İslamı görən olmayıb. Onun çoxdan öldürüldüyünə dair şayiələr də gəzir. İctimaiyyət son dəfə onu 2014-cü ilin iyununda Tripolidəki məhkəmə istintaqı zamanı videobağlantı ilə ifadə verərkən görüb.

Regional mətbuatın mənbələri də ziddiyyətli xəbərlər verirlər. Bəziləri bildirir ki, oğul Qəddafi sağdır, lakin hələ də həbsxanadadır. Bəziləri isə Seyf əl-İslamın heç vaxt dəmir barmaqlıqlar arasında olmadığını, məhkumluğunu ev həbsində keçirdiyini iddia edir.

Mütəxəssislər onun azadlığa buraxılması məsələsində də fərqli mövqe sərgiləyirlər. Bəzilərinə görə, Seyf əl-İslamın amnistiyaya düşməsi xəbəri ictimailəşməməli idi. Çünki onun üzərində sanksiyalar var və Beynəlxalq Cinayət Məhəkəməsi tərəfindən təqib olunur.

Bəzilərinə görə, onun azadlığa çıxmaq zamanı gəlməsə də, Birləşmiş Ərəb Əmirlikləri onun üzərinə bəzi planlar qurub. Seyf əl-İslamın BƏƏ-nin dəstək verdiyi Xaftarın nəzarətində olan ərazilərə göndərilməsi də bunun göstəricisidir.

“Middle East Eye” iddia edir ki, həbsdə olan müddətdə Qəddafinin hərbi kəşfiyyatının polkovniki, BƏƏ-də vətəndaşlıq alan Məhəmməd İsmayıl onunla hüquqi firmanın vasitəsilə əlaqə qurubmuş.

Hələlik Qəddafinin 46 yaşlı oğlu ilə bağlı müəmmalı məqamlar çoxdur.

Belə bir ehtimal da irəli sürülür ki, Qəddafinin oğlundan general Xaftara müqavimət üçün gizli oyunlarda istifadə olunur. 75 yaşlı generalın səhhətindəki problemlər tərəfdarlarını narahat edir. Xaftar Liviya Milli Ordusunda bütün sistemə nəzarət edən yeganə şəxsdir və üstəlik, varisi də yoxdur…

Tərcümə Strateq.az-ındır