XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 14:23

AYƏTULLAH ŞAHRUDİNİN ÖLÜMÜ İLƏ PUÇ OLAN VARİS BƏSİRƏTLƏRİ –"Önümüzdəki onilliklərində Əzrail hələ də İranda ən əhəmiyyətli aktyor olacaq"

Əziz Rzazadə

Strateq.az

 

Bu gün İranda milli matəmdir, mərhum Ayətullah Seyyid Mahmud Haşimi Şahrudinin ölümü ilə əlaqədar ölkə qara libasa bürünüb. Şiə dünyası üçün onun vəfatı nüfuzlu alimin itkisi, siyasi şərhçilər üçün isə bir çox hesabat, proqnoz və siyasi tənliklərin əsas fiqurlarından biri idi.

Yaxın keçmişdə İranın baş prokuroru (həm də Ekspertlər Şurasının sədri) olmuş Ayətullah Şahrudi Məsləhət Şurasının sədri vəzifəsinə qısa müddət rəhbərlik edə bilib. O, 2017-ci ildə Əli Əkbər Haşimi Rəfsəncanidən sonra boş qalmış kürsüyə sahib olmuşdu.

Taleyin qəribə təsadüfü nəticəsində Məsləhət Şurasının əvvəlki sədrlərinin hamısı – nə Ayətullah Abbas Vaiz Təbəsi, nə Ayətullah Haşimi Rəfsəncani həyatdadır.

Ali Dini Lider Xamnəi ilə quda olmuş (onun qızı Seyyid Həsən Xamnəinin xanımıdır) Vaizi Təbəsi 2016-cı ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Uzun illər Xamnəi ilə siyasi tandem təşkil etmiş Haşimi Rəfsəncani isə 2017-ci ilə vəfat edəndən “sirli ölümü” ilə hələ də mübahisələrin qaynağıdır (Gerçəkdə onun hovuzda üzərkən ürək dayanmasından öldüyü məlumdur. Lakin qızı Faizə Haşimi hələ də atasının radioaktiv maddə ilə öldürüldüyünü iddia edir. Bu yaxınlarda Qumda “Hovuz sənin üçün darıxır” deyə prezident Ruhani əleyhinə təhdid plakatları qaldırmış, saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılan 5 şəxslə bağlı siyasi qalmaq, bir növ, ilkin fərziyyəni əsaslandırır.).

Ayətullah Haşimi Şahrudinin ölüm səbəbi gün kimi aydındır – xərçəng və onun Almaniyada gizli müalicəsindən bəri “İks günü”, Xamnəidən sonrakı lider olacağı ilə bağlı bəsirətlər puç olub. Xüsusilə Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun aparıcı mütəxəssisi Mehdi Xələcinin “The Future of Leadership in the Shiite Community” (“Şiə icmasında gələcək liderlik”) kitabında bu yöndə iddialar artıq tullantıdır.

Daim bir ayağı ilə İranda, o biri ilə İraqda olmuş Ayətullah Haşimi Şahrudi (o, mərhum Seyyid Məhəmməd Baqir Sədrin ((Müqtəda Sədrin əmisi)) tələbəsi, ondan ictihad icazəsi almış şəxs idi) haqqında bir sıra aparıcı xarici KİV-lərdə də oxşar öncəgörmələr irəli sürülüb.

“Reuters”in şərhçisi Babək Dehqanpişe hələ ötən il mərhum Haşimi Şahrudinin 88 yaşlı Ayətullah Sistaninin varisi olacağına dair qeydlərində yazırdı: “Sistaninin yaşı və sağlamlığı ilə əlaqədar davamlı söz-söhbətlər ucbatından onun varisi məsələsi getdikcə daha çox gündəmə gəlir. İraqlı şiə qrupları Sistanini əvəz edəcək şəxs uğrunda yarışır. Əhalisinin əksəriyyəti şiə olan İran bu məsələdə Şahrudini dəstəkləyir.

Şahrudi Sistani üçün mübahisəli bir varis ola bilər. Nəcəfdəki ali din xadimləri İranın öz təsirini genişləndirməsindən narahatdır və Şahrudiyə, tələbələr arasında dəstəyinə baxmayaraq, hələ müəyyən şübhə ilə baxılır.

Sistani İran siyasətindən məsafə saxladığından bəzi ardıcılları Tehrana yaxın olan şəxsi, yəqin ki, istəməzlər.

Nəcəfdəki mənbələr Sistaninin varisi kimi həssas bir məsələyə dair şərh vermək istəmirlər, amma əvvəllər yüksək vəzifə tutmuş bir iraqlı şəxs “Reuters”-ə bildirib: “İranlılar bu məsələdə əlindən gələni edəcəklər. Çünki bu məsələ yalnız dini deyil, siyasətin bir hissəsi halına gəlib və İraqın taleyini həll edəcək”.

…Əgər Tehran İraqdakı növbəti ən məşhur şiə din xadimi məsələsinə təsir edə bilərsə, o, illər boyu bu ölkədə hakimiyyətini gücləndirə bilər”.

Daha aydın izah: strateji məqsəd həm İranda, həm də İraqda qəbul edilən vahid dini-siyasi avtoritetin bərqərar edilməsi və Yaxın Şərq coğrafiyasında, bir növ, İran-İraq konfederasiyasının yaradılması idi.

Artıq gözlər digər mümkün varislərə yönəlib: Məkarim Şirazi (onun qızlar üçün nikah yaşının 13-ə qaldırılması təklifi bu həftə Məclisdə rədd edilib), Cəfər Sübhani, Misbah Yəzdi…

Şəxsi həyatı barədə yeni filmlə – “An zemestan”la (“O qış”) hazırda gündəmdə olan sonuncu müctəhid mühafizəkar düşərgənin lideridir. Lakin sadalanan və sadalanmayan bir çox ali ruhanilərin haqladığı sin onların hətta “İks günü”ndən sonra liderliyə yetişəcəyini şübhəyə alır. Yəni nisbətən gənc ruhanilərə, o cümlədən Misbah Yəzdinin dəstəklədiyi Mir Baqiri, habelə İbrahim Rəisi kimi fiqurlara perspektivdə geniş yol açır.

Bu arada sosial şəbəkələrdə Ayətullah Haşimi Şahrudinin ölümünə də “sirr pərdəsi” örtən istifadəçilər var. “Bu dörd şəxsin – Kazimi Aştiyani, Fərəcullah Selahşor, Seyyid Əbdüləziz Həkim və Ayətullah Haşimi Şahrudinin ölümlərində oxşarlıqdan xəbərdarsızmı?

Ani xərçəng!

Bioterrorizm vasitəsilə fiziki məhv etmə!

İndi başa düşürsünüz ki, daxili riyakarlardan gələn təhlükə Birləşmiş Ştatlar və İsraildən gələn təhdid qədərdir?!”, – deyə “Twitter” istifadəçilərindən biri hayqırır.

Yetərincə şübhəli iddiadır. Elə İranın gələcək liderinin kim olacağı ilə bağlı bəsirətlər qədər.

Bu mənada “Human Rights” fəalı olan jurnalist Rza Həqiqətnejadın iddiası gerçəyə daha yaxındır: “Bu illər ərzində Haşim Şahirudinin şansları və Xamnəinin varisi olacağı barədə yüzlərlə qeyd yazılıb. İndi bu analizlərin heç bir dəyəri yoxdur. Önümüzdəki onilliklərində Əzrail hələ də İranda ən əhəmiyyətli aktyor olacaq”.