XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2016 - 21:00

Ərdoğanın səhvləri –12-ci prezident xətalarını düzəldəcəkmi? - II hissə

erdoqan-24

 

24  mart 1994-cü ildə Rifah Partiyasının təmsilçisi kimi İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı seçilməklə böyük siyasətdə ilk parlaq zəfərini qazanan Türkiyənin hazırkı – 12-ci  prezidenti  Rəcəb Tayyib Ərdoğan son 14 ildə dünyanın diqqət mərkəzindədir.  Rifah Partiyasının qalıqları əsasında mötədil islamçı qüvvələri birləşdirməklə Ədalət və İnkişaf Partiyasının (AKP) qurulmasında əsas rol alan Ərdoğan 2002-ci ildən Türkiyə siyasətində son sözü deyəcək mərkəzi fiqur kimi çıxış edir. 

 

2002-ci ildə AKP-nin parlament seçkilərində böyük qələbə qazanaraq təkbaşına hökumət qurmasından bu yana Türkiyə tarixinin Ərdoğan mərhələsi başlayıb. Şəxsi xarizması, enerjisi, liderlik bacarığı, natiqlik məharəti, eqosu və iddiaları ilə AKP-ni, tərəfdarlarını zəfərdən-zəfərə daşıyan Ərdoğan müsair dövrümüzün ən parlaq siyasətçilərindən birinə çevrilib.  Ancaq geridə qalan son 3  ili  onun üçün o qədər də uğurlu saymaq olmaz. Türkiyə,  hakim partiya kimi AKP və Ərdoğanın özü çoxsaylı problemlərlə üz-üzə qalaraq, mürəkkəb vəziyyətlə üzləşiblər.  

 

Bu cür vəziyyətin yaranmasında – xarici siyasətdə ard-arda uğursuzluqların baş verməsində,  ölkə daxilində qarşıdurmanın güclənməsi, terror aktları və küçələrdə bombaların partlamasında xarici amillərin də çox böyük rolu var. Bu danılmazdır və Türkiyənin hər zaman çox güclü xarici təzyiqlərə məruz qalması da  sirr deyil.  Amma subyektiv səbəblər də yox  deyil və zaman keçdikcə, onlar daha aydın görünür.

 

Türkiyənin bu vəziyyətə gəlib cıxmasında Ərdoğanın buraxdığı səhvlər hansı rol oynayıb? Ərdoğanın hansı səhvlərindən danışmaq olar?

 

Məqalənin 1-ci hissəsini bu linkdən oxuya bilərsiniz:   

 

Silahlı Qüvvələrin elitasında separatçılara qarşı sərt mövqe tutan, AKP-yə münasibətdə loyallığı ilə seçilməyən və Ərdoğan tərəfdarlarına münasibətdə şübhələrini saxlayan hissəsinin əzilməsinin səhv olması tezliklə özünü biruzə verdi.  Xüsusən, kürd separatçıları və terror təşkilatı PKK-nın Ərdoğanın təşəbbüskarı olduğu “kürd açılım”dan anlaşmaq, uzlaşmaq üçün yox, güclənmək, iri şəhərlərdə kök salmaq üçün yararlandığı üzə çıxdıqdan sonra, bu yanlışın fəsadları daha aydın görünür.  Bunu AKP rəhbərliyi də gizlətmir və PKK-nın bölgələrdə böyük silah anbarları yaratdığını bəyan edir. Müxalifət isə haqlı olaraq sual edir: “Ərdoğan kimdən-kimə şikayətlənir?".

 

Ümumiləşdirsək, separatçılara qarşı sərt siyasət tərəfdarlarının istər siyasətdə, istərsə də güc strukturlarında oyundankənar vəziyyətə salınması PKK-nın əl-qolunu açdı,  gözlənilən nəticələrə səbəb olmadı.

 

“Kürd açılımı” və nəzarətdən çıxan barışıq prosesi

 

Ərdoğan 2005-ci ildə Diyarbəkirdə tarixi çıxışında AKP hökumətinin kürd probleminin çözülməsi ilə bağlı yeni plan hazırladığının anonsunu verdi. Ərdoğan bu çıxışında hər bir dövlətin keçmişdə səhvlər etdiyini vurğulamış, ''keçmişdə buraxılan səhvləri yox saymaq böyük dövlətlərə yaraşmaz” demişdi. O, zaman-zaman hər bir təbəqəyə münasibətdə siyasətdə səhvlərin buraxıldığını qeyd edərək, “hər bir xətaya ad qoymaq da gərəkməz. Çünki probelmlər hamımızındır. Amma mütləq “ad qoyaq “ deyirsinizsə, kürd problemi bu millətin bir hissəsinin deyil, hamısının problemidir. Mənim də problemimdir”, – demişdi. Çıxışını isə diyarbəkirli şair Cahit Sıtkı Tarancının “Memleket isterim” şerini oxumaqla bitirmişdi.

 

kurd-acilimi

 

Bu tarixi çıxışdan 4 il sonra – 2009-cu ildə AKP “Milli Birlik və Qardaşlıq Layihəsi”ni elan etdi. 1 sentybarda PKK atəşkəs elan etdiyini açıqladı. Bu layihəyə uyğun olaraq kürdlər yaşayan bölgələrdə sosial-iqitisadi problemlərin həlli, kürd dilində tədris, kürd dilində telekanalın açılması istiqamətində addımlar atıldı. Kürdlərin siyasi təşkilatlanması təşviq edildi. 2007-ci ildə kürdlərin Demokratik Toplum Partiyası (DTP) parlamentdə təmsilçilik qazandı. AKP sədri kimi Ərdoğan DTP təmsilçiləri ilə görüşdü. 2011-ci ildə AKP hökuməti təmsilçilərinin Oslo şəhərində PKK nümayəndələri ilə məxfi saxlanılan danışıqlar aparması barədə məlumat açıqlandı.  2012-ci ildə İmralı həbsxanasında PKK-nın həbs edilən lideri Abdulla Öcalanla görüşlər keçirildi.  “Milli Birlik və Qardaşlıq Layihəsi”ni xalqa anlatmaq məqsədilə "Müdrik İnsanlar Şurası" yaradıldı.  Bu layihə çərçivəsində qanunverciliyə çoxsaylı dəyişikliklər də edildi. 

 

Şübhəsiz ki, Ərdoğan komandasının bu addımları atmasına ciddi zərurət vardı.  “Soyuq başla” düşünənlər üçün aydın idi ki, kürd problemi, PKK problemi yalnız güc, zor üsulları ilə çözülə bilməz.  Bu baxımdan, AKP hökuməti doğurdan da çox böyük məsuliyyət altına girərək, “kürd açılımı”na start verdi. Bununla belə, təhlilçilər Ərdoğan komandasının sonradan çox böyük fəsadlar yaradan səhvlər buraxdığını da vurğulayırlar.

 

İlk növbədə Ərdoğan komandası kürd məsələsinin yaxın gələcəkdə regionda necə böyük amilə çevriləcəyini hesablaya bilmədi. Bu məsələdə strateji uzaqgörənlik nümayiş etdirilmədi. Halbuki, artıq Vaşinqtondan “Böyük Yaxın Şərq Layihəsi” elan olunmuşdu…

 

AKP “kürd probleminin həlli” məsələsini inhisara aldı və bir mərhələdən sonra açıq olaraq "PR" məqsədləri üçün istifadə etməyə başladı.  Müxalifət və digər maraqlı tərəflərlə əhatəli müzakirələr aparılmadı. Ərdoğan bu məsələdə də istisnasız olaraq təkbaşına hərəkət etməyə üstünlük verdi.

 

Ən vacibi,  hərbçilərin fikri, mövqeyi heç nəzərə alınmadı. Bu dəyişiklikləri və həyata keçirilən tədbirləri əvvəl belə məsələlərdə əsas söz sahiblərindən olan hərbçilər müşahidəçi kimi izləmək məcburiyyətində qaldılar. Onların onlilliklər boyu terrorçulara qarşı mübarizədə əldə etdikləri bilik və təcrübədən kifayət qədər yararlanmaq istəmədilər.

 

Ərdoğan komandası kürd problemi ilə bağlı kənar təsirlərin rolunu da kifayət qədər qiymətləndirə bilmədi. Nəticədə 1999-2014-cü illər atəşkəsindən PKK daha çox faydalandı, daha da qüvvətləndi, təbliğat vasitələri əldə etdi, onun leqal siyasi qrupları gücləndi.

 

AKP-nin “kürd açılımı”nda çox tələsdiyi də nəzərdən qaçmadı. Daha uzun zaman kəsiyi üçün planlaşdırılmalı olan tədbirlərin tez bir zamanda həyata keçirilməsinə cəhd olundu.  Cəmiyyətin bu dəyişikliklərə hazırlanması üçün də zəruri işlər zamanında görülmədi.

 

Nəticədə indi “barışıq prosesi” dalana dirənib.  PKK atəşkəsdən imtina edib.  AKP isə yenidən, Tansu Çillərin baş nazir olduğu vaxtlarda olduğu kimi, PKK ilə faktiki olaraq bütün vasitələrlə müharibəyə başlayıb.  Ancaq PKK əvvəlki illərə nisbətən indi daha “dişli” görünür. Burada, şübhəsiz ki, çox əhəmiyyətli olan kənar təsirlərlə yanaşı, Ərdoğanın səhvlərinin rolu da az deyil.

 

Bu məsələdə ən vacib məqam kimi isə AKP-nin “barışıq prosesi”nə nəzarəti itirməsini vurğulamaq lazımdır. Belə təəssürat yaranır ki, uzun müddət AKP də bunun fərqində olmayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən gələn təpkilər uzun müddət qulaqardına vurulub.

 

Eyni zamanda AKP-nin addımları kürd problemini siyasi üsullarla çözülməsi ideyasına da zərbə vurub. Yəqin ki, bununla əlaqədar  hər şeyin yenidən danışıqlar müstəvisində müzakirəsinə və çözülməsinə nail olmaq üçün illər, qurbanlar və çox böyük zəhmət vermək lazım gələcək.

 

“Yeni osmanlıçılıq”  ideyası və xarici siyasətdə boşa çıxan ümidlər

 

osmanli-imp

 

 

2009-cu ildə indiki baş nazir Əhməd Davudoğlunun AKP hökumətinin xarici işlər naziri təyin edilməsi ilə Türkiyənin xarici siyasətində “Yeni osmanlıçılıq” doktrinası hakim oldu. Bu doktrina Türkiyənin keçmiş Osmanlı İmperiyasının əhatə etdiyi çoğrafiyda öz təsir gücünü artırmasını hədəfləyirdi.  Şübhəsiz ki,  imperiya yaddaşını, ənənələrini heç zaman itirməyən türklər üçün bu doktrina aktual idi.  Regional güc kimi Türkiyənin nüfuz çoğrafiyasını artırmaq, ABŞ və Qərb ölkələrinin xarici siyasət planlarında yalnız icraçı kimi yer almaqdan qurtulmaq niyyəti tam təbii idi.  İlk vaxtlar Ankara bu istiqamətdə çox böyük uğurlara da imza atdı.

 

Ərəb çoğrafiyasında, İslam dünyasında Türkiyənin nüfuzu artdı. “Ərəb baharı” və onunla əlaqəli proseslərdə Qərb Türkiyəni “model ölkə” kimi nümunə göstərdi. Xarici siyasət vektorunu Şərqə və Cənub istiqamətinə dəyişən Ankara Rusiya ilə çox sıx münasibətlər qura bildi. Afrikadan tutmuş Orta Asiyaya qədər Türkiyə fəal işlədi.  Hətta sanksiyalar altında olan İranla da sıx işgüzar münasibətlər quruldu.

 

Ərdoğan İslam dünyasının ən nüfuzli liderlərindən biri statusunu qazandı. İsrailə qarşı sərt çıxışları və siyasəti ilə bütün müsəlman dünyasının rəğbətini əldə etdi.

 

Bunlarla yanaşı, Türkiyəninin ənənəvi Qərblə bağlantılarının zəifləməsi də diqqətdən qaçmırdı.  Bu, çox ciddi səhv və strateji yanlışlıq idi. İraqdakı və Suriyadakı proseslər göstərdi ki, Qərbdə Ərdoğanın yeni osmanlı sultanı olmaq planlarına bir mərhələyə qədər dözmək niyyətindədirlər. Amma indi  Ərdoğan komandasının bu “qırmızı xəttlər”in harada başlayıb harada bitməsi ilə bağlı düzgün hesablama aparmadığı qənaəti möhkəmlənir.

 

Eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın yeni planlarının, strategiyasının da hədəfləri düzgün qiymətləndirilməmişdi.  

 

Kürd amilinin belə ciddi faktora çevrilə biləcəyi perspektivi nəzərə alınmamışdı. İranın sanksiyalardan qurtulmasının hansı perspektivlər yarada biləcəyi gözdən qaçırılmışdı. İndi iş o yerə çatıb ki, 3 il əvvəl Osmanlı sələtənəti haqqında xəyallar quran Ankara öz böyrü-başında türkmənləri qorumaqda aciz qalıb. Rusiya təyyarəsini vuraraq Moskva ilə münasibətlərə son qoyub, əvəzində isə ciddi bir divident qazana bilməyib.  Yenidən Qərbin dəstəyindən tam asılı vəziyyətə düşüb. Böyük ehtimalla, dünənə qədər lənətlənən İsrail ilə indi yenidən İrana qarşı ittifaq bağlamaq məcburiyyətində qalacaq.

 

Ola bilsin ki, bizim təsvirimizdə mənzərə çox tünd alınır.  Amma Türkiyənin hazırda düşdüyü vəziyyəti də obyektiv qiymətləndirmək çox vacibdir. Hətta bu məsələdə daha çox pessimist olmaqda fayda olduğunu da düşünürük. Böyük ambisiyalar çox vacibdir. Böyük hədəflər olmadan uğur qazanmaq mümkün deyil. Amma realist olmadan, gerçəkləri düzgün qiymətləndirmədən də, nəticə əldə etmək olmaz.

 

2011-ci ildə "Milliyyət" qəzetində tanınmış yzar İlber Oltaylının çox böyük əks-səda verən “Yeni Osmanlıçılıq” məqaləsi dərc olunmuşdu. Müəllif yarımbaşlıqda qeyd edirdi: “Bəzi ölkələrdə Türkiyənin şişirdilmiş  şəkildə “neoosmanlı”  kimi tanıdılması başadüşüləndir. Amma imperatorluq xəyalları qura biləcək vəziyyətdə deyilik”…

 

Türkiyə siyasətində sultan ədalı prezident problemi  

 

Ərdoğanın avtoritarzimi,  yersiz inadkarlığı, xəyalpərəstliyi ilə bağlı  da çoxlu iradlar səslənir. Onun inadla Türkiyənin bütün siyasi sistemini öz iradəsinə bağlamağa çalışması artıq ciddi problemə çevrilib.  Avtoritar manerası ilə mövcud siyasi ənənələrə qarşı çıxan 12-ci prezident öz fəaliyyətində konsensus və kompomisi birmənalı şəkildə rədd edir. Bu isə öz növbəsində siyasi sistemdə qarşıdurmanı gücləndirir, kollegiallıq və diskussiyalar üçün imkanları məhdudlaşdırır. Bir nəfərin iradəsinin dövlətin siyasətinə çevrilməsi meyilləri çox fatal səhvlərə yol açır – hərbçilərə münasibətdə, Suriya məsələsində olduğu kimi…

 

Ərdoğan xətalarını düzəldəcəkmi?

 

 

Erdoqan-2023

 

12-ci prezident kimi, Ərdoğan 2019-cu ilə qədər dövlət başçısı postunu tutacaq. Hələ ki, onun Türkiyənin prezidentli respublikaya çevrilməsi planlarının reallaşması ləngiyir. Türkiyə ətrafında baş verən proseslər Ərdoğanı, yəqin ki, bir müddət bu planın reallaşdırılması üçün fəal səylərdən çəkindirəcək. Ərdoğanın bu ideyası ilə bağlı birmənalı yanaşma yoxdur. Amma subyektiv düşüncəmizə görə,  o, yenə tələsir.  Ola bilsin ki, Türkiyə üçün prezidentli respublika istiqamətində hər hansı dəyişikliklər sabitliyin təmin edilməsi, siyasi böhranların qarşısının alınması baxımından çıxış yollarından biridir. Lakin bunun yenə Ərdoğana xas avtoritar manerada, total təzyiqlərlə xalqa qəbul etdirmək səyləri çox yanlışdır. Bunun üçün daha uzun müddət və hazırlıq işləri tələb olunur.

 

Ola bilsin ki, indi Türkiyə ətrafında baş verənlər AKP iqtidarı, Ərdoğan komandası və 12-ci prezidentin özünün də yanaşmalarını dəyişməsinə səbəb oldu.  Ərdoğan və baş nazir Davudoğlu hamıdan yaxşı görürlər ki, Türkiyə üçün necə həssas və təhlükəli mərhələ başlayıb. Bu mərhələdə əvvəlki dönəmin üslubunun, davranışlarının saxlanılması nə dərəcədə düzgündür? Əminik ki, AKP komandası da bu sual üzərində çox ciddi düşünməli olacaq.

 

Türkiyə üçün indi hər zamankından daha çox birliyə, səfərbərliyə ehtiyac var. Türkiyənin kollegial qərarlara, hamının məsuliyyəti bölüşməsinə ehtiyacı daha böyükdür. Bütün bunlar üçün isə əvvəl buraxılmış səhvlərin ciddi nəzərdən keçirilməsi və düzgün qərarlar verilməsi əsas şərtdir…

 

Zaur İBRAHİMLİ

 

Strateq.az