XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2019 - 11:16

DÖYÜŞKƏN VƏ CƏSUR KALMIKLAR:həm çar, həm də bolşeviklər onları niyə soyqırımına məruz qoyub? – Araşdırma

Dmitri Bavırin

vzqlyad.ru, 31.12.2018

 

Kalmıklar monqollara nisbətən dünyanın başqa hissəsində yaşayır, amma onların ən yaxın qohumudurlar. Rusiya imperiyası dönəmində bu xalqa görkəmli əsgər və rus ordusunun sadiq müttəfiqi kimi sayğı bəsləyiblər. Amma başqa imperiya – sovet – onları satqın elan edərək tamdəyərli soyqırımı təşkil edib. Bu qədər amansız siyasətin səbəblərini nəylə izah edirlər?

“Ura” rus döyüş hayının kalmıkca “uralan”dan, yəni “irəli”dən qaynaqlandığına söykənən versiya var. Çox güman ki, bu, vur-tut, əfsanədir, amma kökləri aydındır: kalmıklar uzun illər boyu cəsur əsgər və çox gözəl süvari kimi dəyərləndirildikləri Rusiyanın etibarlı dayağı idilər.

Oyratlar və ya qərbi monqollar Rus çarlığına XVI yüzilliyin sonunda köçməyə başlayıblar ki, bu da Tsin Çininin monqol torpaqlarını işğalının nəticəsi olub. Qonşu türklər onları “kalmaklar”, yəni “qopanlar” – islamı qəbul etməyən və budda inancını saxlayanlar adlandırıblar, “kalmık” sözü də buradandır. Köçkünlər artıq 1600-cü illərin başlanğıcında rus çarına sədaqət andı içib, sonradan isə “Kalmık xanlığını” (Xalmq xana ulus) – rus dövlətinin özünü idarə edən, rus ordusuna daim çox gözəl təlim keçilmiş, bir çox savaşlarda özlərini göstərən döyüşçülər tədarük edən hissəsini qurublar. II Yekaterina xanlığı ləğv edəndən sonra da belə davam edib ki, bu da “toz yürüşü” kimi tanınan faciəli hadisələrin (Şandı jorık – çar Rusiyası tərəfindən güclü və ədalətsiz basqıya görə Volqa kalmıklarının 1771-ci ildə Rusiyadan Tsin imperiyasına kütləvi köçü-red.) qaçılmaz sonucu olub.

Amma, bax, Çingizxanın törəmələrinin Rusiya qanadının sovet hökumətiylə münasibəti əksinə, dərhal baş tutmayıb. Kalmıklar Rusiyanın az (o cümlədən repressiya olunmuş ) xalqlarındandır ki, SSRİ illərində çoxalmayıb, azalıb. 1989-cu ildəki siyahıya alınmanın məlumatına görə, ölkədə 174 min, 1897-ci il siyahıya alınmasına görə isə 190 mindən çox kalmık yaşayıb (indiki göstəricilər haradasa ortadadır).

Bunun bir neçə səbəbi var. Kalmıkiya ərazisi Vətəndaş savaşı illərində güclü dağılıb – Rusiyanın Qızıl Ordusunun simasında və Krasnov və Denikin ordularının görkəmində çəkiclə zindan arasında qalıb. Nəticədə əhalisi aclıqdan 1921–1924, 1932–1934-cü illərdə (yəni Ukraynada məhz Ukrayna xalqının soyqırımı sayılan hadisələrdən) güclü ziyan çəkib. Ən güclü zərbə isə BVM illərində Stalinin Sibirə məcburi köçü – XDİK-in “Uluslar” deyilən əməliyyatı nəticəsində kalmık xalqının, ən azı, üçdə biri qədər, bəzi hesablamalara görə, yarıbayarı azaldığı hadisə olub.

Xalq Komissarları Sovetinin “Kalmık MSSR-də yaşayan kalmıkların sürgünü haqda ”qərarı, düz, 75 il qabaq – 1943-ün 28 dekabrında dərc edilib. 1956-da kalmıklara vətən dönmək icazəsilə bəraət verilib. Bir il sonra onların muxtariyyəti yenidən yaradılıb. SSRİ Ali Soveti 1989-da deportasiyanı “Stalin rejiminin vəhşi aksiyası” elan edib. Nəhayət, RSFSR-də 1991-in aprelində qəbul edilmiş qanun kalmıkları soyqırım qurbanı sayıb.

28 dekabr çağdaş Kalmıkiyada kalmık xalqının deportasiyasının qurbanları Günü kimi qeyd olunur.

Bütün bunlara baxmayaraq, kalmıkların deportasiyası nə isə qulaqlarda deyil – çeçenlər, almanlar, balkarlar, yaxud Krım tatarlarındansa bunu çox nadir hallarda yada salırlar. Bunun bəyan edilən səbəbləri və ilkin tarixi haqda da təkdənbir danışırlar. İlkin tarixi isə belədir.

Sovet hökumətinin 1941-in qorxulu noyabrında yaratdığı milli birləşmələrin içində kalmık birləşməsi də var idi – 110-cu kavaleriya diviziyası. O, savaşın ilk dönəmində Qafqaz və Donun qorunmasında özünü çox gözəl göstərdi, amma almanlar 1942-nin yayında Rostovu bir də ələ keçirəndə və diviziyanı əldən salanda fərarilik halları artdı. Almanlar, təxminən, o zaman Kalmıkiyanın böyük hissəsini tutdular. O zaman deyiləcəyi kimi, qaçqınlar kiçik vətənə dönərək “şiddətli və məğlubiyyət əhvali-ruhiyyəsi yaydılar”, onların bir bölümü artıq Kalmıkiyada isə yerli kollaboratsionçuların sıralarında əridi. Paralel olaraq Berlində Kalmıkiya Milli Komitəsi deyilən qurum – sürgündəki hökumət kimi bir şey yaradıldı, kalmıklar bundan sonra bolşeviklərlə çarpışmada özlərini Reyxin müttəfiqləri kimi göstərməyə başladılar. Beləcə kalmıklar sürgün edilməsi, bölünməsi milli-mədəni muxtariyyətdən tam məhrum edilməsi nəzərdə tutulan “satqın xalq”a çevrildi. Sover təbliğatında vurğulandığı kimi – həmişəlik.

Baş verənlərə heç bir bəraət yoxdur: sovet hökuməti beynəlmiləlçiliyi təbliğ edib, amma özünü eynilə nasist hökuməti kimi büruzə verib (O vaxt Holokost – etnik prinsip üzrə terrorun zirvəsi haqda hələ bilmirdilər).

Bəli, doktor Dollun Kalmıkiya birləşməsi var idi, amma Kalmıkiya partizan hərəkatı da var idi. Tarix abverin agenti Basanq Oqdonovu xatırlayır, lakin SSRİ qəhrəmanı Erdni Delikov da yadındadır. Hitlerin tərəfinə keçmiş ağ mühacir kalmıklar var idi, amma 1942-nin qışında vermaxtın arxa cəbhəsinə atılmış könüllü kəşfiyyatçılar da var idi.

Sovet hökuməti isə ümumiyyətlə bütün kalmıkları, o cümlədən orden və medalla mükafatlandırılanları repressiya edib. Yalnız pasortunda milliyyətini dəyişdirməyə macal tapanlar və başqa xalqlardan çıxanlara ərə gedən kalmık qızları istisna təşkil ediblər.

Deportasiya xatirinə kalmıkları hətta cəbhədən geri çağırıblar, amma sonda onların bir neçə mini yenə də “bütün müharibəni keçib”.

Yəni bu, bütöv bir xalqın indiyədək özünə gəlmədiyi əsil etnik təmizləməydi. 75 il keçsə də, SSRİ-də kalmıklara köçürülmüş başqa xalqlardan bir neçə ay qabaq bəraət veriblər.

Stalin dönəminin soyqırım siyasətindən danışmağı indi sevmirlər. Özü də məsələ təkcə “dövrün təmizə çıxarılmasında” deyil, daha çox bundadır ki, bu, cəmiyyəti parçalayan ağrılı döyənəyi əzməkdir.

Lakin milli respublikalarla çoxmillətli ölkədə yaşayan mürəkkəb cəmiyyətimizin etnik prinsip üzrə parçalanması daha təhlükəlidir. Repressiya edilmiş, öz xalqının tarixini çox gözəl bilən kalmıkların törəmələri (bu isə, demək olar, bütün kalmık ziyalılarına aiddir) bığlı generalissimusun fanatlarının Stalinin etnik təmizləmə siyasətinə haqq qazandırdığının, tamamilə öydüyünün şahidi olanda bir qayda olaraq, məhz bu da baş verir.

Birgə götürülən bütün Qərb təbliğatındansa belə “vətənsevərlər” çox vaxt ölkənin ərazi bütövlüyü ideyasına daha çox ziyan vururlar.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə