XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Fevral 2016 - 15:16

21 fevral devalvasiyasından 1 il ötdü –3-cü devalvasiya olacaqmı?

devalvasiya

 

Ötən il 21 fevral tarixində azərbaycanlılar səhəri hamı üçün dəhşətli bir xəbərlə açdılar. Mərkəzi Bank  İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi.  Milli valyuta ABŞ dollarına nisbətdə 30% ucuzlaşdı.

 

Mərkəzi Bank bu qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə ilə izah etdi.

 

Əhalini hiddətləndirən isə Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun devalvasiyadan 2 gün əvvəl Azərbaycan Televiziyasının (AzTV) efirindən manatın məzənnəsinin sabit qalacağından ağızdolusu danışması idi.

 

21 fevral devalvasiyası 1999-cu ildən bəri milli valyutanın sabit məzənnəsinə, yaxud məzənnə ilə bağlı kiçik dəyişikliklərə öyrəşmiş  azərbaycanlılar üçün şok effekti verdi.

 

Adətən, bu hallar zamanı gözlənilən mənzərə ilə qarşılaşdıq: valyuta dəyişmə məntəqələri qarşısında uzun növbələr, ərzaq dükanlarında ajiotaj, möhtəkirlik və qiymətlərin süni artımı cəhdləri. Bir çox sahibkarlar və ticarət şəbəkələri isə satışı dayandırmağa qədər radikal addımlar atdılar.

 

İki-üç  gün davam edən gözləmə mövqeyindən sonra hökumət sərt inzibati üsullarla bu cür halların qarşısını almağa çalışdı. Panika o qədər uzun sürmədi və əhali təxminən 7-8 gündən sonra sakitləşdi.

 

Amma 21 fevral devalvasiyası ölkə iqtisadiyyatında baş verəcək neqativ proseslərin qaranquşu idi.  Eyni zamanda bir gecədə milli valyutanın 30% faizdən çox dəyərdən düşməsi ilə bağlı qərar verilməsi hökumətin  bu zamana qədər buraxdığı səhvləri daha aşakar görməyə imkan verdi.  Azərbaycan iqtisadiyyatı ilə bağlı deyilən bütün gurultulu sözlər, vədlər, anonslar puça çıxdı.  Məlum oldu ki,  xərclənən çox böyük neft pulları müqabilində ölkənin idxaldan çox böyük dərəcədə asılılığına son verilməyib. Ölkə iqtisadiyyatı çox qeyri-səmərli idarə olunub.  Subyektiv qərarlar obyektiv zərurəti üstələyib.

 

21 fevarl devalvasiyasından sonra 2-ci 21 dekabr devalvasiyasına qədər isə hökumətin “heç nə etməmək” siyasəti əhalinin manata etibarına ağır zərbə vurdu.  Məlum oldu ki, 21 fevraldan sonra hər ay 1 milyard dollara  yaxın xərcləyərək milli valyutaya süni nəfəs verilməsi çox yanlış qərar olub…

 

Digər tərəfdən, hökumətin hər şeyi dünya bazarında neft qiymətlərinin aşağı düşməsi ilə izah etməyə çalışması da qıcıq doğurmağa başladı. Axı 2014-cü ilin sentyabrından başlayaraq neftin qiymətinin ucuzlaşması ilə bağlı çöx mötəbər araşdırma, konsaltinq şirkətləri proqnozlar verirdilər. 2014-cü ilin oktyabrında isə neftin ucuzlaşmasının davamlı xarakter alacağı artıq yəqinləşmişdi.

 

21 fevral devalvasiyası ölkənin maliyyə sektorundakı eybəcərlikləri də gün işığına çıxardı. Məlum oldu ki, səhmlərinin 50% dövlətə məxsus Beynəlxalq Bankın verdiyi, təxminən, 8 milyard manata yaxın kreditləri artıq geri qaytarmaq mümkün olmayacaq. Çünki adi sürücü, bağban və b. şəxslərin adına girovsuz-filansız yüz min manat dəyərində kreditlər verilib. Mənimsəmə məqsədli xəyali layihələrə milyonlar, milyardlar ayrılıb…

Nəticədə sadə vətəndaşların xəyalları puç oldu. İqtisadçı-ekspert Rövşən Ağayev modern.az saytına bildirib ki, devalvasiya şəraitində ən çox itkiyə məruz qalanlar ev təsərrüfatları, biznes sektoru və banklar olub: “Ən çox itki bank sektoruna dəydi. İlk devalvasiyaya qədər bankların 6,5 milyard dollar xarici borcu var idi. Manatın dəyərdən düşməsindən sonra bankların xarici borca xidmət xərcləri 2 dəfə artdı. Ona görə də bank sektorunda kifayət qədər böyük problemlər yarandı. Bankların əhaliyə də valyuta ilə borcları artdı. Nəticədə aktivlərin keyfiyyəti pisləşdi, problemli borcların həcmi artdı.

Artıq bir neçə bank bağlanıb, bir neçəsinin bağlanması təhlükəsi yaranıb. Bütün bunlar devalvasiyanın bank sektoruna vurduğu ən ağır zərbədir. Bundan sonra sektorda gedəcək prosesləri proqnozlaşdırmaq elə də çətin deyil. Çünki, bu şəraitdə banklar işləyə bilməyəcək. Hələ bundan sonra bir neçə bankın bağlanacağı və birləşəcəyi gözləntiləri də var.

Zərbə alan növbəti təbəqə ev təsərrüfatları və vətəndaşlar oldu. Bildiyiniz kimi, devalvasiya ərəfəsində vətəndaşların kommersiya banklarına təqribən 2 milyard dollar kredit borcu var idi. Devalvasiyadan əvvəl bu 1, 5 milyard manat idisə, hazırda dollar kreditlərinin həcmi 3 milyard manatdan çoxdur.

Biznes subyektlərinin də valyuta ilə kredit borcu təxminən 5 milyard dollara yaxın idi. O dövrdə bu 5 milyard manatdan bir qədər çox idisə idisə, indi 8 milyard manatdan çoxdur. Bu o deməkdir ki, 3-3.5 milyard manata qədər əlavə xərclər yaranıb”.

 

Artıq neçə müddətdir ki, 21 dekabr devalvasiyasından sonra manat möhkəmlənməyə başlayıb. Ekspertlərin fikrincə, bu, ilk növbədə Mərkəzi Bankın dollar satışı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər, valyuta dəyişmə məntəqələrinin bağlanması, dövriyyədə olan manat kütləsinin kəskin azaldılması, idxalın azalması ilə bağlıdır. Bununla belə, ekspertlərin fikrincə,  manatı qorumaq üçün yürüdülən bu siyasət sonunda iqtisadi durğunluğu daha da dərinləşdirə bilər. Çünki iqtisadi inkişaf üçün ucuz və geniş kreditləşmə imkanları əsas şərtlərdən biridir.  Hökumət isə hələ ki, bu istiqamətdə addımlar atmaqdan ehtiyat edir.

 

3-cü devalvasiyanın gözlənilməsinə gəldikdə isə, hazırda bununla bağlı risklər qalmaqdadır. Hamıya aydındır ki, manatın indiki məzənnəsi fundamental göstəricilərə  uyğun deyil, onun real bazar dəyərini əks etdirmir. Bu baxımdan risk hər zaman var. Amma əsas amil neftin qiyməti ilə bağlıdır. Neftin qiymətinin 30 dollardan aşağı düşəcəyi təqdirdə isə 3-cü devalvasiya riski daha da artacaq.

 

Sonda qeyd edək ki, manatın özünün devalvasiyasından çox, milli valyutaya, iqtisadiyyata olan  inamın devalvasiyaya uğraması daha təhlükəlidir. Hökumət mütləq bu amili bütün qərarlarında əsas götürməlidir.

 

Zaur İBRAHİMLİ
Strateq.az