XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2016 - 17:08

“Tənbəl” NATO gerçəyi:Türkiyə və Azərbaycan rus təhdidi qarşısında

 

Lüksemburq dünyanın ən balaca dövlətlərindən biridir. Ərazisi, vur-tut, 2586 m2, əhalisi yarım milyondan az olan bu ölkənin adı isə xeyli böyük səslənir: Lüksemburq Böyük Hersoqluğu.

 

Adından savayı hər şeyi cırtdan boyda olan Lüksemburqun son zamanlar başqa bir böyüklüyü ortaya çıxıb. Söhbət NATO üzvü kimi onun bu alyansın qərar mexanizmini işləməz hala gətirmək gücündən gedir.

 

Xatırlayırsınızsa, bir neçə gün bundan öncə Lüksemburqun xarici işlər naziri Jan Asselborn Türkiyənin Rusiyayla savaşa girəcəyi halda, NATO yardımına bel bağlamaması barədə açıqlama vermiş və bu bəyanat müttəfiqlərinin Ankaranı müdafiədən imtinası kimi başa düşülmüşdü.

 

Həqiqətən, Lüksemburq xarici işlər nazirinin bu fikirlərini NATO-nun mövqeyi kimi də qəbul etmək mümkündür. Məsələ burasındadır ki, 28 üzvü olan alyansın nizamnaməsinə görə, müharibə və sülh qərarları konsensusla qəbul olunur. Yəni, üzvlərdən hər hansı birinin “xeyr” deməsi qərarın qəbul olunmaması üçün yetərlidir. Lüksemburqun isə Türkiyənin çətin anında “xeyr” deyəcəyi Jan Asselbornun məlum açıqlamasından aydın oldu.

 

Sual oluna bilər: Qərarı NATO-nun son qərarı kimi ortaya çıxan Lüksemburqun alyansın hərbi gücündə nə qədər payı var?

 

Suala konkret və birmənalı şəkildə cavab vermək tələb olunarsa, heç bir payı yoxdur. Lüksemburq kimi ölkələr alyansın qərarlarına beynəlxalq ictimai rəy rəngi qatmaqdan başqa bir işə yaramırlar. Bunu ölkənin hərbi qüdrətinə nəzər salanda da görə bilərik.

 

Rəsmi məlumata görə, NATO üzvü olan Lüksemburq ordusunun 450 peşəkar, 340 könüllü əsgəri və 100 nəfərlik mülki vəzifəlisi var. Yəni, hamısını bir yerə yığsaq, cəmi 850 nəfər edər – Türkiyənin hansısa bir alayının əsgəri qədər. Dastan qəhramanı olan Koroğlu belə, 7777 dəlisiylə Lüksemburdan, az qala, 10 qat qüdrətli idi

 

Di gəl ki, bir alaylıq ordusuyla Avropanın bu “cırtdan balası” əsgər sayına görə, NATO-nun ikinci böyük gücü sayılan Türkiyədən indiki durumda daha qüdrətli təsir bağışlayır. Səbəb dünyanın yeganə hegemon gücü olmağa can atan NATO-nun işləmə mexanizminin  iddiasına cavab verməməsindən qaynaqlanır.

 

Əslində alyans rəhbərliyi də hərbi ittifaqın qarşı-qarşıya qaldığı bu problemin fərqindədir. NATO-nun genişlədikcə “tənbəlləşdiyini”, sonunda “köklüyündən” hərəkətetmə qabiliyyətini itirəcəyini artıq alyansın ən yüksək hərbi və siyasi iradəsi də qəbul və etiraf edir.

 

26 iyun 2015-ci ildən etibarən, alyansın Hərbi Komitəsinə rəhbərlik edən Petr Pavel hələ bu vəzifəyə gəlməmişdən bir neçə ay qabaq verdiyi açıqlamada diqqətləri qərarverici mexanizmindəki problemlərə çəkərək demişdi: “Rusiya 2 gün ərzində Ukraynanı və Baltik ölkələrini tamamilə işğal edəcək gücdədir. Biz isə ona qarşı qərara imza atmaq üçün aylarla müzakirə aparmalıyıq. NATO-nun tez-tez dəyişilən qlobal şəraitə uyğun reaksiya vermək imkanı qeyri-kafidir. Avropanın Rusiya və İŞİD-dən gələ biləcək təhdidlərə qarşı tədbirlər potensialı təəccüb doğuracaq şəkildə məhdud və təsirsizdir”.

 

NATO-nun faktiki olaraq öz təyinatından doğan vəzifələrini yerinə yetirmək gücündə olmadığını görən Qərb siyasi-hərbi dairələri müxtəlif islahatlar barədə düşünsələr də, bunu yerinə yetirə bilmirlər. Arzuolunan islahatlarda əsasən sözəbaxmaz “cırtdanları” qərarvermə mexanizmindən uzaqlaşdırmaq nəzərdə tutulur.

Bunu hələ ötən ilin ortalarında NATO-nun Baş Katibi Cens Stoltenberq də etiraf edərək, alyans üzvlərinin müdafiə nazirlərini müzakirəyə çağırmışdı. Baş katibin fikrincə, müzakirələrdə qərarverici mexanizmdəki “tənbəlliyi” aradan qaldırmaq üçün “öncül qüvvələr” yaradılmalıdır. Həmin “öncül”lər yarana biləcək təhlükə anında NATO-nun hər hansı qərarını gözləmədən hərəkətə keçməli və problemin qarşısını almalıdırlar.

 

Cens Stoltenberqin təşəbbüsüylə ötən yay aylarında çağırılan həmin toplantıdan hansı nəticənin çıxdığı yazı müəllifinə bəlli deyil. Görünən isə budur ki, alyansın “cırtdan”ları bu tezisi qəbul etməyiblər. Özlərinə görə, haqsız da deyillər. Axı “öncül qüvvələr” yaranacağı təqdirdə, NATO-nun ABŞ ordusunun yedəyinə çevrilməsi rəsmən təsdiqlənəcəkdi. ABŞ isə nə edəcəyi yalnız Putinə bəlli olan Rusiyayla rəqabətdədir və Kremldəki sarayında qəzəbli-qəzəbli Qərbə baxan bu adam rəqibin yumşaq yerini axtarır. Təbii ki, Lüksemburq və ya Balkan ölkələri kimi “cırtdanlar” "divlər" savaşının poliqonuna çevrilmək istəmirlər.  Zira, onlar NATO-ya ona görə girməyiblər ki, "div"lərin ayaq altında qalıb əzilsinlər. Əksinə, bir "div"in caynağından xilas olmaq məqsədilə digər bir "div"in “arxa bağçası”na sığınıblar. 

 

Göründüyü kimi, cənab Jan Asselborn, qətiyyən haqsız deyil. Türkiyə yerləşdiyi coğrafiyada gedən qlobal savaşlarda öz “tənbəl” silahdaşına çox da güvənməməlidir. Əks təqdirdə, dərin xəyal qırıqlığına uğraya bilər.

 

Dərd burasındadır ki, qardaş ölkə NATO-nun hər hansı beynəlxalq hüquq tanımayan, istədiyi an istədiyi yerə müdaxilə etməkdən çəkinməyən üzvlərinə də, daha konkretləşdirsək, ABŞ-a da bel bağlacayaq halda deyil. Son zamanlar Vaşinqtonun Şimali Suriyadakı kürd separatçılarıyla qol-boyun olması, bir çox hallarda açıq-aşkar onları dəstəkləməsi qardaş ölkəni xeyli narahat edir. Ağ ev bu “mehribançılığı” İŞİD-ə qarşı mübarizədə kürd fədailərinin gücündən istifadə etmək niyyətiylə əsaslandırır. Rəsmi Ankara isə öz ərazi bütövlüyünü təhdid edən bu əməkdaşlığa göz yuma bilmir. Çünki İŞİD-ə qarşı mübarizə adıyla verilən silah-sursatları öz sərhədləri daxilində türk ordusuyla vuruşan PKK-çıların əlində görür. Dolayısıyla, müttəfiqinin sözünə yox, öz gözlərinə inanır.

 

ABŞ qardaş ölkəyə kürd separatçılarına qarşı mübarizədə də gözlənilən dəstəyi vermir, əksinə, onun əl-qoluna dolaşır. Bunun ən bariz nümunəsi Türkiyənin Şimali Suriyanı tam nəzarət altına almaq istəyən YPG-ni top atəşinə tutduğu zaman ortaya çıxdı. Rus təyyarəsini vurduqdan sonra, bənzər cavabla qarşılaşmaq və dolayısıyla, bölgəyə havadan hücum etmək istəməyən Türkiyə yeganə mübarizə yolu kimi top atışlarına yönəlmişdi. Bölgənin strateji nöqtələrinin separatçıların əlinə keçməməsi üçün müəyyən hədəfləri top atəşləriylə qoruyan Türkiyənin bu son çarəsinə də ABŞ-dan ciddi təpkilər gəldi. Ağ ev tərəfindən yayılan məlumatlara görə, bir neçə gün əvvəl Ərdoğanla danışan ABŞ prezidenti Barak Obama bu atəşləri dayandırmağı həmkarından tələb edib.

Bu da azmış kimi, qardaş ölkənin “tənbəl” NATO-ya güvənib münasibətlərini korladığı Rusiyayla da ciddi problemləri var. O da eynilə kürd separatçıları kimi İŞİD-lə mübarizə adı altında Türkiyənin “arxa bağçası”na daxil olub və Ankaraya bağlı qüvvələrlə vuruşur. Rusiya, həmçinin, Ermənistan hərbi hava qüvvələrini gücləndirir və gələn aydan etibarən Türkiyənin şimal-şərq səhrədləri boyunca nəzarət uçuşlarına başlayacağını bəyan edir.

 

Regionda bütün şərtlərin Ankaranın əleyhinə dəyişildiyi bir vaxtda prezident Rəcəb Tayip Ərdoğanın dünən səsləndirdiyi fikirlər Türkiyənin regional mövqeyini itirməmək üçün istənilən risklərə gedə biləcəyindən xəbər verir. Ərdoğan terrorizmə qarşı mübarizədə istənilən məkanda istənilən addımı atmağın Türkiyənin özünümüdafiə haqqı olduğunu və bu haqqı Ankaranın əlindən heç kimin ala bilməyəcəyini bildirdi.

 

Mesajın tam olaraq kimə – rəqib Rusiyayamı, yoxsa öz müttəfiqi olan ABŞ-amı verildiyi mübahisə doğursa da, özünümüdafiə haqqı kimi gördüyü bu məsələdə Ankara xeyli əzmli təsir bağışlayır. Baxmayaraq ki, bu mübarizədə Türkiyə artıq nə NATO-ya, nə də alyansın əsas aparıcı qüvvələrinə güvənəcək qədər sadəlövh deyil. Ankaranın indi güvənə bildiyi yeganə qüvvə Yaxın Şərq böhranından, ən azı, Türkiyə qədər təsirlənəcək olan regional qüvvələrdir. Bəli, söhbət Səudiyyə Ərəbistanı və körfəz dövlətlərindən gedir.

 

Türkiyənin dəstəyinə bel bağladığı qüvvələrdən bir də Azərbaycandır. Qardaş dövlət rəsmilərinin bu dar macalda ölkəmizə səfər etmək və hərbi-strateji müqavilələr bağlamaq istəyi də bu zərurətdən doğurdu.  

 

Nə yazıq ki, rus ordusunun Ermənistanda mövqelərini möhkəmlətməsi iki qardaş ölkə arasındakı onsuz da xeyli çətin olan və ciddi fədakarlıqlar tələb edən rabitə ehtimalını ciddi təhlükə altına qoyur. Hətta o da mümkündür ki, şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistan və Gürcüstan tərəfindən mühasirə vəziyyətinə salınan ölkəmiz müxtəlif cəbhələrdən gələ biləcək təxribat və hərbi basqılarla qarşı-qarşıya qalsın. Eynilə, 100 il bundan əvvəl olduğu kimi…

 

Kim bilir, bəlkə də Rusiyanın Ermənistanda hərbi cəhətdən möhkəmlənməsinin başlıca hədəfi də əslində Türkiyə yox, onun regiondakı ən təbii və strateji müttəfiqi olan Azərbaycandır? İstisna olunmamalıdır ki, ölkəmizin Ermənistanla sərhədlərində və Qarabağda nisbi sabitliyi pozmaqla Rusiya Türkiyəni həm də şimalda təxribata çəkmək istəyir.

 

Ankara terroru səbəbiylə təxirə salınan Ərdoğan – İlham Əliyev görüşündə müzakirəsi gözlənilən məsələlərdən birinin də Qarbağ problemi olacağı və səfərdə türk ordusunun ən yüksək rütbəli zabitlərinin iştirakının planlaşdırılması bu baxımdan təsadüfi sayılmaya bilər. Bir müddət əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlunun Rusiyanın növbəti hədəfləri arasında Azərbaycanın adını çəkməsi də yuxarıda bəhs etdiyimiz ehtimalı qüvvətləndirir…

 

Heydər Oğuz

Strateq.az