XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 23:05

POÇTALYON ATANIN PREZİDENT OĞLU –Partiyadan və işdən qovulan, hər gün 6 bokal şərab içən Miloş Zeman...

News.ru, (Rusiya)

 

Çexiyanın üçüncü prezidenti, ümumxalq səsverməsi ilə seçilən ilk rəhbəri Miloş Zeman 1944-cü ildə tarixi və memarlıq abidələri ilə zəngin Kolin şəhərində anadan olub. Gələcək prezidentin atası poçtda işləyir, anası ibtidai sinif müəlliməsiydi. Miloşun 2 yaşı olanda valideynləri ayrılır və sonrakı illər o, anası və nənəsinin tərbiyəsi altında böyüyür. Bu səbəbdən də, 13 yaşında atasının ölüm xəbərini eşidəndə bunu sakit qarşılayır.

“Siyasətdə necə yanıldım?” kitabında Miloş Zeman xatırlayır ki, uşaqlıqda tək qalmağı çox sevir və tez-tez evlərindən o qədər də uzaq olmayan qəbiristanlığa getməyi xoşlayırdı.

19 yaşında iqtisadiyyat təmayüllü orta məktəbi başa vuran Zeman ali məktəbə dərhal daxil ola bilmir. Buna səbəb yazdığı referatda Çexiyanın birinci prezidenti (1918−1935) T.Q.Masarik haqda müsbət fikirlərə yer verməsi idi.

Həmin dövrdə Masarik haqda müsbət danışmaq yaxşı qarşılanmırdı. Ona görə də dövlət komissiyası abituriyent Zemanın sənədlərini qəbul etməkdən imtina edir.

Zeman “Tatra Kolin” zavodunda mühasib kimi işləməyə başlayır. Keçmiş həmkarlarının dediyinə görə, Zemanın iş yoldaşları ilə münasibətləri olduqca soyuq olub. Bu iş yerindən aldığı tövsiyə məktubu ilə Zeman iki il sonra Ali İqtisadiyyat Məktəbinə sənəd verir. Və 1969-cu ildə oranı fərqlənmə ilə bitirir.

Siyasətlə hələ tələbə ikən maraqlanmağa başlayır. 68-ci ildə Çexoslavakiya Kommunist Partiyasına üzv olur. Lakin iki il sonra Varşava paktı ilə bağlı bəzi məqamlara açıq etiraz bildirdiyinə görə oradan qovulur. Partiyadan gedəndən sonra Ali İqtisadiyyat Məktəbində müəllimliyi də dayandırmalı olur.

14 il “Sportpropag” idman şirkətində mütəxəssis kimi çalışır. 84-cü ildən isə kənd təsərrüfatı texnikasına dair tədqiqatlar aparan “Agrodat” şirkətində işləməyə başlayır. 89-cu ildə buradan da qovulur. Səbəb ölkə rəhbərliyini tənqid edən məqalə ilə çıxış etməsi olur.

Həmin ilin yayında efirdə hökuməti növbəti dəfə tənqid edir. Bu dəfə ölkənin iqtisadi modelinin səmərəsiz olduğunu sübut etməyə çalışır. Bu çıxış bir çox tamaşaçının yaddaşına həkk olur və bir neçə ay sonra – “məxməri inqilab” zamanı Zeman “Vətəndaş hərəkatı” adlı nüfuzlu siyasi təşkilatın lideri olur.

1990-cı ildə parlament seçkilərində qalib gəlir, 1993-cü ildən isə Çexiya Sosial-Demokrat Partiyasının lideri olur. 2013-cü ildə ölkənin tarixindəki ilk ümumxalq seçkilərində prezident seçilir. 2018-ci ildəki prezident seçkilərində növbəti dəfə qalib gəlir.

Miloş Zeman iki dəfə evlənib. Birinci dəfə 1971-ci ildə öz həmyaşıdı Blanka Zemanova ilə ailə həyatı qurur. Blanka haqqında olduqca az məlumat var. Mətbuat onun hətta qızlıq soyadını belə, öyrənə bilməyib. 2012-ci ildə yerli “Blesk” nəşri Blankanın Praqanın kənarlarındakı beşmərtəbədə yaşadığını üzə çıxarmışdı.

Miloş Zeman xanımı İvana ilə

 

Həmin vaxt Blanka adi mühasib işləyirdi. Müsahibə verməkdən imtina edən qadın Miloş Zemanla hər hansı əlaqəsinin olmadığını demişdi. Lakin Blankanı tanıyanlar bu qadının məhz Zemanın keçmiş xanımı olduğunu təsdiqləmişdilər. Görünür, Blanka 7 illik ailə həyatından sonra ondan ayrılan və oğlu Davidi öz himayəsində saxlamaq üçün məhkəməyə müraciət edən Zemanı hələ də bağışlaya bilməmişdi.

Zeman ikinci dəfə 1993-cü ildə ailə həyatı qurur. Həmin vaxt o, artıq Sosial-Demokrat Partiyasının sədri idi. Zeman özündən 21 yaş kiçik xanımla – İvana Bernadçikova ilə evlənir. Zemanın prezidentlik etdiyi illərdə İvana ictimaiyyət qarşısında az-az görünüb. O, müsahibə vermir, ailə həyatını sirr kimi saxlayır.

Zemanın ikinci nikahdan Katerjina adlı qızı dünyaya gəlib. Anasından fərqli olaraq Katerjina ictimaiyyətdən qaçmır. 2013-cu ildəki seçki kampaniyası zamanı atasına yaxından kömək edir, müsahibələr verirdi.

Bir müddət əvvəl Katerjinanın adı böyük qalmaqala qarışmışdı. Yerli mətbuatın bir pornofilmin çəkilişindən yaydığı fotolarda prezident qızının da olduğu ehtimal edildi. Katerjina özü bunu inkar etdi. Bir çox KİV-lər onun doğru söylədiyi qənaətinə gəlsə də, prezident qızının adı ətrafında ictimai rezonans yarandı. Hazırda Katerjina ali təhsil aldığı Britaniyada işləyir.

Miloş Zeman balıq tutmağı və tərəvəz yetişdirməyi sevir. Mətbuat onun zərərli vərdişlərindən tez-tez yazır. Özü də etiraf edir ki, həddən artıq çox siqaret çəkir. 2013-cü ildəki seçki kampaniyası zamanı seçicilərinə içkini də sevdiyini etiraf etmişdi. Dediyinə görə, gün ərzində 6 bokal şərab, bir qədər də güclü spirtli içki içir. Rəsmi tədbirlərin birinə Zeman içkili vəziyyətdə gəlmişdi.

Şəkərli diabetdən əziyyət çəkən Zemana həkimlər dəfələrlə içki və siqaret qadağası qoyublar. Çexiya prezidenti eyni zamanda ayaq ağrısından da əziyyət çəkir. Bu səbəbdən Zeman bəzən əsa ilə gəzir, pilləkənləri qalxanda və ya enəndə ətrafdakılardan köməyinə ehtiyacı olur. Lakin bütün bunlar Miloş Zemana siyasi həyatda aktiv olmağa mane olmur.

Rus və ingilis dillərində sərbəst danışan Zeman qatı ateistdir. Zeman anti-İslam mövqeyi ilə də tanınır. O, dəfələrlə çıxışlarında müsəlman aləminin sivilizasiyadan geri qaldığını dilə gətirib. Çexiya lideri Rusiya ilə yaxın münasibətlərinə görə zaman-zaman tənqid olunsa da, bu mövqeyinə bugünədək sadiq qalır…

Tərcümə Strateq.az-ındır