XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 14:28

“Pendiri unudun, tələdən çıxmalıyıq!” –TRAMPIN SURİYADAN ÇƏKİLMƏ QƏRARININ MƏNASI BUDURMU?

Rameş Takur

“Project Syndicate”

03.01.2019

 

ABŞ prezidenti Donald Tramp Miladdan bir həftə əvvəl bir tvitlə Ağ Evdə “bomba partladıb”: Suriyadakı bütün ABŞ qoşunlarını önümüzdəki aylarda geri çəkməyə qərar verib. Növbəti gün onun administrasiyası Əfqanıstandakı qoşunların sayını (14.500 nəfər) iki dəfə azaldacağını açıqlayıb.

“The Times” qəzetinin xəbərinə görə, Trampın Suriyadan çəkilmə qərarı “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində qəbul olunub və ABŞ-ın müdafiə strukturunu mat qoyub”.

İŞİD-in demək olar ki, məğlubiyyətə uğradıldığını söylədikdə, Ərdoğan Trampa ABŞ-ın Suriyadakı mövcudluğunun yeganə səbəbinin İŞİD olduğunu xatırladıb. Tramp tvit atıb: “Suriyada İŞİD-i məğlub etdik, orada olmağımızın yeganə səbəbini…”

Suriyadan çəkilmə və Əfqanıstanda ixtisar Vaşinqtonda və ABŞ-ın müttəfiqləri arasında çaşqınlıqla qarşılanıb. Müdafiə naziri Ceyms Mattis və qlobal koalisiya üzrə prezidentin xüsusi elçisi Brett MakQurk qərara etiraz olaraq istefa veriblər.

Konqresin Tədqiqat Xidmətinin 2015-ci ildə açıqladığı hesabata əsasən, 1798-1989-cu illər arasında, yəni 191 il müddətində ABŞ xaricdə 216 dəfə və ya hər il orta hesabla 1,1 dəfə gücdən vasitə olaraq istifadə edib.

Müqayisə üçün: Soyuq müharibə başa çatdıqdan sonra, 25 illik dövrdə ABŞ 152, yəni ildə 6,1 dəfə hərbi gücdən faydalanıb.

Hərbi qüvvə istifadəsinin tezliyi təxminən altı qat artsa da, ABŞ son onilliklərdə cəmi bir neçə həlledici hərbi qələbə qazanıb.

Truman administrasiyasının müdafiə naziri Robert A. Lovett, kiçik qələbələr üçün böyük riskləri olan siyasi böhranlarla qarşılaşdıqda tövsiyə edirdi: “Pendiri unudun, tələdən çıxmalıyıq”.

İndi ABŞ “İslam Hilalı”ndakı “Pax Americana” pendirini unutmalı, müdaxilə tələsindən qaçmalı və əsgərləri evinə gətirməlidir.

Əfqanıstana gəlincə, nə Obama, nə də onun sələfi oğul-Corc Buş üç mühüm suala cavab verə bilməyib:

Nə üçün amerikalılar hələ də oradadır?

ABŞ-ın fədakarlığı necə başa düşülməlidir?

Müharibə necə başa çatacaq?

Əfqanıstanda və İraqdakı üç kampaniya üzrə veteran Co Kuinn, 17 il sonra deyir: “Biz hər şeyi sınadıq: şərti müharibə, üsyançılarla toqquşma, korrupsiya ilə mübarizə, çəkilmə”.

Kuinn əfqan əsgərlərinə sərf olunan 68 milyard dolların “döyüş qabiliyyətinin əsas tərkibi: sadiqlik, cəsarət və dürüstlüyü” aşılamadığını söyləyib.

Suriyada xarici müdaxilə münaqişənin uzanması, habelə mülki itkilər və əziyyətlərin çoxalmasına səbəb olub, ancaq ölkənin diktatoru Bəşər Əsədin hakimiyyətdən getməsinə gətirib-çıxarmayıb.

Beləliklə, Qərbin müdaxiləsi regionda, Yaxın Şərqdən Şimali Afrikayadək ərazidə korrupsiya və işsizlikdən tutmuş səmərəsiz siyasətə qədər patologiyanı daha da artırıb.

Həqiqətən, heç bir humanitar böhran xarici müdaxilələrlə bu cür ağırlaşmayıb.

Trampın Milad elanına cavab verən tənqid xoru dörd əsas arqumentə çevrilə bilər.

Birincisi, Yaxın Şərq və Şimali Afrikada 17 il davam edən döyüşdən sonra bölgədən qəfil çəkilmə qeyri-sabitliyi daha da gücləndirəcək. ABŞ müdaxilələri bölgəni bərbad hala gətirib, hərbi müdaxilələr uğursuz olduğundan, qoşunlar müəyyən müddətə orada saxlanılmalıdır.

Eyni zamanda, nizamsız və korrupsiyalaşmış Əfqanıstan qüvvələri kütləvi şəkildə fərarilik edir, “Taliban” isə dirçəlir, hər keçən illə xilasedici qüvvəyə çevrilir.

ABŞ-ın işğalından sonra hərbi iştirak problemin bir hissəsi halına gəlib və bu vəziyyətdə ölkədən çıxış yerli və regional balansların bərpasına kömək edə bilər.

İkinci arqument “terrora qarşı müharibə”nin başa çatmasıdır. Lakin bu, peyğəmbərlik deyil. Axı, Amerika 11 sentyabr 2001-ci ildən etibarən terrora qarşı uzun müharibə apararkən, daha çox ekstremist yaranıb.

Əfqanıstan, Pakistan, İraq, Suriya, Yəmən və Liviya amerikalılara və Amerikaya qarşı nifrət yayan fanatiklərin yetişdiyi məkanlara çevrilib. Bu cür düşmən mühitdə uğurlu səylərinin dəstəklənməsi üçün ABŞ-ın nə təcrübəsi, nə potensialı, nə də iradəsi var.

Bundan başqa, Amerikanın uzun müddətli müttəfiqi olan Səudiyyə Ərəbistanı bölgədə İslam fundamentalizmin ən qabaqcıl amilidir.

Üçüncü arqument – ABŞ-ın çəkilməsi Rusiya və İran üçün zəfərdir. Amma bu iddianın sahibləri xəritəyə müraciət etməlidirlər. Rusiya və İran Yaxın Şərqin qonşularıdır, ABŞ isə okeanla ondan ayrılır. Rusiya Suriya münaqişəsinə və Əfqanıstana – imperiyaların qəbiristanlığına qayıtmaq istəyirsə, ABŞ onun yolunu kəsməməlidir.

Son arqument budur ki, ABŞ-ın çəkilməsindən sonra İsrailamansız düşmənlərinin təhdidinə məruz qalacaq. Ancaq İsrail bölgənin ən qüdrətli hərbi qüvvəsi və nüvə silahlı yeganə dövlətdir.

ABŞ-ın çəkilməsinin tənqidçilərində təklif vermək üçün real alternativi yoxdur. Tramp hərbi qüvvələri ən azı növbəti altı ayda yerində saxlamağa razılaşsa, ABŞ seçiciləri ondan niyə seçki kampaniyasında verdiyi vədi pozduğunu soruşacaq.

Əgər o, eyni sualları generallara versəydi, deyərdilər: “Cənab prezident, biz siyasətlə deyil, hərbi strategiya ilə məşğuluq. Yeri gəlmişkən, cənab, işi bitirmək üçün bizə yenə altı ay möhlət lazımdır”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə