XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2019 - 20:07

ABŞ KÜRD SİLAHLILARINA HAMİ AXTARIŞINDA –Vaşinqtonla Ankara arasında "bazarlıq dövrü" başlayır - TƏHLİL

Mehmet Acet

“Yeni Şafak”, Türkiyə, 14 yanvar 2019-cu il

 

Bir həftə bundan öncə vəzifədə olarkən Suriya dosyesi ilə yaxından maraqlanan, mövzulara və hadisələrin inkişafına yaxından bələd olan, buna görə də proseslərin gedişatını yaxşı anlaya bilən, hazırda istefada olan bir komandanla söhbət edirdik.

Həmsöhbətim, “Bunlar “söz salatı” düzəltmək üçün bura gəlirlər. Əsas MKİ rəhbərliyindən XİN rəhbərliyinə gətirilən Pompeonun səfərinə diqqət etmək lazımdır” dedi.

Təqaüdçü komandan “bunlar” deyərkən, ötən həftə Ankaraya gələn ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonu və onun heyətini nəzərdə tuturdu.

Bolton, CefriDanfordun Ankarada öz həmkarları ilə keçirdikləri görüşlərin mahiyyətinə və pərdə arxasına baxdıqda, “söz salatı” bənzətməsinin önəmli ölçüdə yerinə düşdüyünü söyləyə bilərik.

Bolton və heyəti:

– “Ruslarla nə danışdığınız maraqlıdır” deyərək, ağız yoxlayıb, gələcəklə bağlı aydın bir baxış təqdim etmədən;

 “Öz aramızda belə görüş ayrılıqları var” deyərək, “Nə edəcəyimizi biz belə tam olaraq bilmirik” havası yayaraq;

– verilən suallara qeyri-müəyyən cavablar verərək gəldi və getdi.

O müzakirələrdən konkret olaraq sadəcə “Əlaqəli şəkildə irəliləmək” kimi, xülasə edə biləcəyimiz bir nəticə çıxdı.

 

Pompeonun “Ərəb gücü” axtarışları

 

İndi də istefada olan komandanın “Diqqəti ora vermək lazımdır” deyərək, diqqət cəlb etdiyi digər səfərə baxaq.

ABŞ Xarici işlər naziri Mayk Pompeo hələ bitirə bilmədiyi Səudiyyə Ərəbistanı, İordaniya, Misir, BƏƏ, Qətər, Oman və Küveyt (bura İraq da əlavə edilməli – tərc.) turuna davam edir.

Bir proqramla 8 ərəb ölkəsinə edilən bu ziyarətlərin, ikitərəfli əlaqələr bir yana, ortaq bir gündəliyi də olmalıdır. Elə deyilmi?

Bağlı qapılar arxasında nələrin danışıldığı barədə Ankarada keçirilən görüşlər qədər məlumat sahibi olmasaq da, Pompeonun Şimali Suriyanın gələcəyi üçün bir sıra axtarışlar içində olduğunu söyləmək elə də çətin deyil.

Bu məqamda ortaya iki sual çıxır.

Yoxsa, ABŞ hərbçilərinin geri çəkilməsindən sonra hələ də 1/3-i PKK/YPG terror təşkilatı tərəfindən faktiki nəzarət altında tutulan Suriya torpaqlarının müvafiq hissəsinin “Ortaq Ərəb Gücü”nə buraxılması düşünülür?

Yoxsa, PKK/YPG üçün yeni bir “hami” axtarılır və bu iş belə bir struktura həvalə ediləcək?

Bu 8 ölkənin hamısı olmasa da, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin bu aralar Türkiyənin itirməsinə səbəb olacaq hər bir layihəyə qaça-qaça dəstək verəcəyini proqnozlaşdırmaq mümkündür.

ABŞ hərbçilərini Suriyada saxlamaq üçün bu ölkələrin bəzilərinin öncədən kisənin ağzını açdıqlarını da bilirik.

Unutmayaq ki, ABŞ-ın hakimiyyət nümayəndələri baxımından, bu axtarışların mərkəzində “PKK/YPG-ni yeni bir mühafizə çətiri altına necə ala bilərik?” motivasiyası durur.

Ankaraya gələn nümayəndə heyəti üzvlərinin türk həmkarlarına “Yalnız, pis vəziyyətdə qoyub getdilər” deyilməsini istəmirik deyərək, qayğılanmalarının səbəbi də bu duyğudur.

 

Ankara necə razı salınacaq?

 

Təbii, Ankaranın YPG-yə qarşı qərarlı tutumunda bir sapma olmadığı da görülüncə, dövrəyə “orta yol” axtarışları girmiş kimi görünür.

Bunu Pompeonun, ərəb ölkələri turu davam edərkən, türk həmkarı Mövlud Çavuşoğluna zəng etməsindən və verdiyi bir sıra açıqlamaların sətir aralarından anlaya bilirik.

Pompeo açıqlamalarında bu “orta yol” tapma cəhdlərini büruzə verən bir cümlə qurur: “ABŞ-ın Türkiyəni terror təhdidlərindən qorumaqla bərabər, “Suriyalı kürdlər”i də qoruyacaq bir nəticə əldə edə biləcəyinə inanıram”.

“Bu “orta yol” nə ola bilər?” deyərək, özümüzə sual etdiyimiz təqdirdə, ağıla parlaq bir fikir gəlir: Türkiyəyə sərhəd bölgələrində qismən məkan açmaq , YPG-ni isə sərhəddən bir az aşağılarda yaradılması gözlənilən “Ortaq Ərəb Gücü”nün himayəsi altına almaq.

Pompeonun axtarışlarının, təxminən, belə bir hədəfə doğru irəliləməkdə olduğu anlaşılır.

Təbii, baş verən son hadisələrlə birlikdə sahədə və masada üstünlüyü artan Türkiyə razı salınmadan, edilən bu cəhdlərin davam etdirilməsi asan olmayacaq.

Prezident Ərdoğan “The New York Times” qəzetində nəşr edilən məqaləsində Türkiyənin planının nə olduğunu açıqca elan etmişdir.

O planın perspektivi daxilində Türkiyə torpaqlarının gələcəyini təhdid etməyə davam edəcək əli silahlı bir YPG mövcudluğu yoxdur.

Bu da o deməkdir ki, qarşıdakı günlərdə, həftələrdə Ankara ilə Vaşinqton arasında ciddi və çətin bir müzakirə – bazarlıq dövrü başlayacaq. Hətta başladı belə.

Tərcümə Strateq.az-ındır