XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 17:22

KÜRDÜSTAN DÖVLƏTİ QURMAQ ÜÇÜN AMERİKA-İSRAİL LAYİHƏSİ İŞƏ DÜŞÜB: Türkiyə bu burulğandan qurtula biləcəkmi? – Təhlil

Anna Kukuşkina, Lyudmila Surkova

Vzqlyad.ru, 15.01.2019

 

Tramp və Ərdoğan indi günboyu bir neçə dəfə dalaşır və barışırlar. ABŞ prezidenti hələ səhər-səhər türklər Suriyada kürdlərə hücum edərsə, onları var-yoxdan çıxarmaqla hədələyib. Türkiyə XİN Trampa şiddətli cavab verərək “hətta ac qalmaq lazım gələrsə”, kürdlərə hücum etməyə söz verib. Amma Tramp və Ərdoğan artıq axşam zəngləşib və Ağ Evə inansaq, ümumi mövzuları müzakirəyə başlayıblar. Tramp həmkarından yalnız xahiş edib ki, “kürdləri incitməsin”.

Ankara öz “Tvitter”ində Türkiyə Suriyada kürdlərə qarşı hərbi əməliyyata başlayarsa, onu sanksiyalarla var-yoxdan çıxarmaq hədəsi gələn Trampa bazar ertəsindən bəri sərt cavablar verib. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Ankaranı hədələmək hüququna malik deyil – hələ-hələ sosial şəbəkədə.

“RİA Novosti” Çavuşoğludan sitat gətirib: “Strateji tərəfdaşlıq mövzuları sosial şəbəkələrdə müzakirə olunmur. Biz görürük ki, Suriyadan qoşunları çıxarmasın deyə, Trampa böyük basqı göstərilir və o, çətin durumdadır, amma bununla belə, bu sayaq  mövzuları sosial şəbəkələrdə müzakirə etmək olmaz”.

Nazirin sözlərinə görə, Ankara hədələrdən qorxmur. Nazir qeyd edib: “Terrorçularla işbirliyi heç hara aparmaz. Qoy biz ac, yeməksiz və susuz qalaq, amma gərəkli hər şeyi edəcəyik. ABŞ və qalan ölkələr Türkiyəyə gərəkli sayğı göstərməlidir”.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da bildirib: “Fərq etməz, əməliyyat başlanacaq”.

Düzdür, o, daha yuşmaq tonda çıxış edərək eyham vurub ki, Vaşinqtonda, sadəcə, durumu yanlış təsəvvür edirlər.

Kalın bildirib: “Suriya kürdləri və Kürdüstan Fəhlə Partiyasını (PKK), habelə Demokratik Birlik Partiyasını və onun silahlı “Xalq Özünümüdafiə Dəstələri”ni (YPG) eyniləşdirmək qaçılmaz yanlışlıqdır”.

Yada salaq ki, Trampın qoşunları Suriyadan çıxarmaq göstərişi türklərin amerikalılarla yeni incikliyini doğurub. Türklər durumdan yararlanmağı qət edib və Suriyanın şimalında mənzillənmiş hərəkata – “Xalq Özünümüdafiə Dəstələri”nə (YPG) qarşı “Şərq-Fərat” əməliyyatını elan ediblər.  O, Suriya kürdlərinin “Demokratik Birlik” partiyasının hərbi qanadıdır.  Ankaranın baxış nöqtəsindən həm bu partiya, həm də “Xalq Özünümüdafiə Dəstələri” artıq Türkiyənin özünün daxilində kürdlərin məskunlaşdığı bölgələrin ayrılması uğrunda çarpışan Kürdüstan Fəhlə Partiyasına sıx bağlıdır.

Amerikalılar üçün isə “Xalq Özünümüdafiə Dəstələri” müttəfiq olaraq qalır. Trampın səsi milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ankara missiyasının iflası fonunda çıxıb. O, yanvarın 8-də ora gəlib, amma Ərdoğan onu qəbul etməkdən imtina edib. Bu, ABŞ-ın heysiyyətinə zərbə olub.

Habelə yada salaq ki, Türkiyə artıq keçən il Amerika sanksiyalarının gücünü dadıb. ABŞ avqustda Türkiyə alüminiumu və poladına rüsumları uyğun olaraq 20 və 50 faiz artırıb. Bu, türk lirəsi kursunun uçuntulu düşümünə səbəb olub. Tramp o vaxt Türkiyədə 2016 qiyamına qatılmaqda ittiham edilən Amerika pastoru Endryu Bransonu buraxmağı açıq tələb edib. Ticarət savaşı yalnız mahiyyətcə Ankaranın təslim olduğu oktyabrda dayanıb – Türkiyə məhkəməsi “qiyamçı pastor”u birdən azadlığa buraxıb.

Amma bır sıra ekspertlər bu dəfə hesab edirlər ki, ABŞ prezidenti türkləri dəhşətli cəza ilə hədələməklə, sadəcə, blef edir. Əslində bundan sonrakı danışıqlara, bu gedişatda hansısa güzəştlərlə rastlaşmağa ümid edir. Özəlliklə də çağdaş Türkiyənin araşdırılamsı mərkəzinin siyasi yönünün rəhbəri Yuri Mavaşev belə fikrin tərəfdarıdır. Onun “Vzqlyad” qəzetinə dediyi kimi, prezidentin blefi Türkiyədən savayı ABŞ Konqresinə tuşlanıb – orada Ərdoğanın xeyli şeyi özünə rəva bilməyə başladığını və onu sıxmaq gərəkdiyini hesab edənlər çoxdur. Mavaşev deyib: “Türkiyə Trampa önəmli geopolitik müttəfiq kimi lazımdır, Konqres isə bu yöndə sərt xətt qurur, Tramp buna görə də bəzən qeyri-dostluq jestləri edir ki, göstərsin – “xeyr, mən Ərdoğanla deyiləm, mən də ABŞ-ın mövqeyini qoruyuram, mən də Türkiyəyə münasibətdə sərt addımlar ata bilərəm””.

Bununla belə, ekspert yada salıb: istənilən halda amerikalıların Ankaranı sıxmağa nəyisə var. Məsələn, Amerika texnologiyalar transferinin məhdudlaşdırılması ilə Türkiyəni cəzalandıra bilər. Bu, maşınqayırmaya, yüksək texnolgiyalarla bağlı sahələrə, hay-tek və özəlliklə müdafiə sənayesinə güclü zərbə olar.

Mavaşev hesab edib: “Türkiyə müdafiə sənayesi Qərbin müdafiə konsernlərinə və istehsalat zəncirlərinə çox sıx inteqrasiya olunduğundan, müdafiə sənayesinə zərbə daha həssas olacaq”.

Özü də təkcə iqtisadi deyil, siyasi həssaslıq. Ekspert deyib: “Ərdoğana hər dəfə öz elektoratı qarşısında uğurlarını vurğulamaq gərəkəndə Türkiyə hərbi sənayesinin uğurlarına vurğu edir: yeni döyüş helikopterinə, ya da tanka”.

Mavaşev izah edir – bu böyük layihələrin hamısı Qərb texnologiyalarından asılıdır. Beləliklə, Türkiyə HSK-yə zərbə birbaşa Ərdoğanın nüfuzuna zərbədir. Lakin Mavaşev hesab edir – durumun Türkiyəyə qarşı artıq bu yaxınlarda elan edilmiş iqtisadi sanksiyalardan uzağa gedəcəyi ehtimalı azdır.

Bu arada Moskva da Trampın bəyanatına münasibət bildirib. Dövlət Dumasının müdafiə və təhlükəsizlik üzrə komitə sədri müavini Yuri Şvıtkin hesab edir ki, təhdidlər daha çox duyğusal xarakter daşıyır, çünki ABŞ, çətin ki, NATO-ya daxil olan ölkəyə qarşı birbaşa hərəkət edər.

Şvıtkin RT-yə deyib: “ABŞ Türkiyə ilə işbirliyində maraqlıdır, buna görə də ona qarşı iqtisadi sanksiyalar çərçivəsində ziyan vurmaqdan danışmağına dəyməz”.

Və doğrudan da – Tramp və Ərdoğan bazar ertəsi günü axşam zəngləşib və Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq ideyasını sakitcə müzakirə ediblər. Ərdoğan həmkarının qoşunları Suriyadan çıxarmaq qərarını yenə də dəstəkləyib. HabeləTürkiyənin SƏR-də amerikalılara dəstəyə hazır olduğunu qeyd edib.

Tramp cavabında Amerika qoşunlarının Suriyadan çıxarılması fonunda orada Türkiyəni kürdlərlə “pis davranmamağa” çağırıb. Bunu Ağ Evin mətbuat katibi Sara Sanders xəbər verib. Onun sözlərinə görə, Tramp Suriyanın şimalında təhlükəsizlik səviyyəsinin yüksəldilməsində Ankaranın narahatlığının həll edilməsi üzərində birgə işləmək arzusunu ifadə edib. Sandersin dediyi kimi:

O vurğulayıb ki, Türkiyənin birgə döyüşərək İŞİD-i darmadağın etməyə nail olduğumuz kürdlərlə və Suriya Demokratik Qüvvələrinin başqa iştirakçılarıyla pis davranmaması ABŞ üçün önəmlidir”.

Ekspertlərin bir bölümü, əksinə, qabaqcadan bildirir ki, Vaşinqton və Ankaranın savaşı ancaq qızışacaq. “Yaxın Şərq-Qafqaz” Araşdırma Mərkəzinin direktoru Stanislav Tarasov əmindir – Türkiyə Suriya torpağında Kürdüstan yaradılması üzrə Amerika-İsrail layihəsinin işə düşdüyü səbəbindən böhranlı duruma düşüb. Ekspertdə qəti inam var ki, ABŞ-ın fəaliyyətində Suriyada kürd anklavının saxlanması ssenarisi izlənilir. Eyni zamanda İraqda kürd muxtariyyəti gücləndirilir. Ehtimal böyükdür ki, kürdlər Türkiyədə də federallaşma yolunda hansısa güzəştlər əldə edəcəklər.

Tarasov “Vzqlyad” qəzeti ilə söhbətində istisna etməyib – “Suriya, İraq və Türkiyə Kürdüstanları potensialca yeni dövlət qurumu yarada bilər”.

Durumun belə gəlişməsi Ərdoğanı qətiyyən qane etmir.

… Ekspertin qeyd etdiyi kimi, amerikalılar kürdləri heç də Türkiyənin mərhəmətinə verməyə hazırlaşmırlar. Burada məsələ təkcə etibarlı müttəfiq nüfuzunu qorumaqda deyil. Ekspert hesab edir ki, ABŞ üçün Suriya Kürdüstanındakı nüfuzlu və loyal qruplaşmalar həm də İrana qarşı durmaq kontekstində önəmlidir. Axı orada da kürdlər yaşayırlar və onlardan artıq İran rejimini qarışdırmaq üçün istifadə etmək olar.

Hər necə olsa da, hər şey ən yaxın zamanda bir neçə beynəlxalq görüşün gedişində daha da aydınlaşacaq…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə