XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 09:17

İRANIN “İNSTAGRAM”DAKI SİMASI:sanksiyalar dövründə "yaxşı genlilər"in qıcıq və hiddət doğuran həyat tərzi

Erin Kunninqham

“Washington Post”, 15.01.2019

 

İranın imtiyazlı gənclərinin həyat tərzi, o cümlədən ABŞ sanksiyalarının iqtisadiyyatı zəiflətdiyi dövrdə təmtəraqlı bayramlar, qəşəng şənliklər, nağd pul bolluğu və yaxşı iş imkanları ictimai qəzəbə səbəb olub.

Hökumətlə əlaqələri olan bəzi gənc elitlər “Instagram”da və ya paytaxt Tehranın küçələrində, dəbdəbəli kurortlarda idman dizaynlı paltarlar və son model avtomobillərlə özlərini nümayişə çıxarırlar.

Onlar dövlət vəzifələrinə irəli çəkilir, gəlirli tələbə təqaüdləri alır və rahat səyahət edirlər. Hətta İslam inqilabının lideri Ayətullah Ruhullah Xomeyninin nəvəsinin keçən il Londonda 3,800 dollarlıq əl çantası ilə foto çəkdirməsi (bəziləri malın saxta olduğunu iddia edirlər) ehtirasları coşdurub.

Amma bir çoxları belə bədxərcliyə yol verə bilməz. Odur ki, iranlılar bərabərsizliyə və nepotizmə (qohumbazlığa), “ağazadə” və ya elit uşaqlar adlandırdıqları təbəqəyə qarşı çıxarlar.

Ötən ay prezident Həsən Ruhaninin qaynı, İranın Geoloji Tədqiqat İdarəsinin rəhbəri Kambiz Mehdizadə internetdə klan ittihamları ilə üzləşdikdən iki gündən sonra istefa verməyə məcbur olub. 33 yaşlı Mehdizadə əvvəllər Neft Nazirliyində məsləhətçi işləyib.

Bu qalmaqal ötən ilin yayında bənzər bir kampaniya ilə yadda qalıb. İranlılar sosial media vasitəsilə siyasətçilərdən uşaqlarının istifadə etdiyi imtiyazları etiraf etməyə çağırıblar.

“Allaha şükür edirəm ki, BMT-dəki missiyam başa çatdıqdan sonra uşaqlarım İrana qayıdıb və Tehranda ailələri ilə birlikdə yaşayır və işləyirlər”, – xarici işlər naziri Məhəmməd Cavad Zərif “Donya-e Eqtesad “qəzetinə verdiyi açıqlamasında bildirib.

Təxminən eyni vaxtda “Instagram”-da mühafizəkar bir ruhani Rəsul Tolouini, İnqilab Keşikçilərinin sabiq komandirinin oğlunu 2 yaşlı qızı üçün keçirdiyi təmtəraqlı ad günü mərasiminə görə qınayıb.

“25 yaşlı birinin bu qədər zəngin olması mümkün deyil! – deyə din xadimi Mehdi Sədrüs-səadati “Instagram”-da yazıb. – Halbuki əksər insanlar körpələrinə bez ala bilmirlər. Siz hansı dövlətdə yaşayırsınız?”

Bütün hesabatlara əsasən, İran iqtisadiyyatı dağılır və sıravi insanlar çətinlikləri öz üzərində hiss edirlər.

İşsizlik səviyyəsi yüksəkdir, çatışmazlıqlar genişlənir və milli valyuta ötən il dəyərinin yarıdan çoxunu itirib.

Noyabr ayında ABŞ, İranın neft və bank sektorlarını darmadağın etməyə və xarici ticarətini çətinləşdirməyə yönəlmiş sanksiyaları qüvvəyə mindirib. Sanksiyalar Tramp administrasiyasının 2015-ci ildə dünya gücləri ilə İran arasında imzalanan nüvə müqaviləsindən çıxma qərarından sonra reallaşdırılıb.

Virciniya Texnologiya Universitetinin iqtisadiyyat professoru Cavad Salehi-İsfahani deyir: “Lakin sanksiyalar yenidən qüvvəyə mindikdə, İranda mövcud qeyri-bərabərlik hökumətin kəmərsıxma siyasəti ilə birlikdə artıb”.

Vaşinqtondakı Müharibə və Sülh İnstitutunda İran şöbəsinin analitiki Rza Əkbərinin sözlərinə görə, ağır iqtisadi şərait “ölkənin reallıqlarına aid korrupsiyaya, nepotizm və ağazadələrə qarşı hədsiz qəzəb yaradıb”.

İranın hakim sinfinin üzvləri bir zamanlar öz zəngin həyat tərzlərini gizlədərkən, bugünkü elit iranlılar sərvətlərini internetdə və mediyada sərgiləyirlər.

Bir diplomatın oğlu – Saşa Sübhani “Instagram”-da yarım milyon izləyicisinə yunan adalarından və ya şampanın fəvvarə kimi axtdığı yaxtasından səslənir: “Məni nə qədər qısqanacaqsan?”

“Instagqram”-dakı “Tehranın zəngin uşaqları” adlı səhifə İranın ən qlamur gənclərinin həyat tərzini əks etdirir.

Ötən il yayımlanan (yoxsulluğa qarşı milli etiraz aksiyaları zamanı) gənc elitlərin məclislərinə dair video görüntülər, şəkillər açıq qıcıq doğurmuşdu.

Rza Əkbəri deyir ki, “hökumət tənqidlərə həssasdır və ictimaiyyətin qəzəbinə qarşı səssiz qala bilməyəcək”.

Əslində, “İran ağazadələri” istilahı 1990-cı illərdə, inqilabçı elitanın uşaqları ailə əlaqələrindən istifadə etməklə, yüksəlməyə başladıqda ortaya çıxıb.

Brukinqs İnstitutunun xarici siyasət proqramının direktor müavini Suzann Maloni “İran: İnqilabdan sonra Siyasi İqtisadiyyat”adlı kitabında qeyd edir ki, nepotizm nəsillər arasında nüfuz fərqinə gətirib çıxardı”.

2017-ci ildə tanınmış islahatçı siyasətçi Məhəmməd Rza Arifin oğlu həyatında baş verən bütün uğurların “yaxşı genlərin” nəticəsi olduğunu deyib və iranlılar hələ də bu ifadədən internetdə haştaq formasında yuxarı sinifə istehza etmək üçün istifadə edirlər.

Arifin özü “Twitter”-də iranlıları ABŞ sanksiyaları dövründə daha çox işləməyə və birləşməyə çağırdıqda, bir iranlı hüquqşünas, ilk növbədə, iranlıların “yaxşı genli adamlardan qurtulma”lı olduğunu yazıb.

Ruhaninin qaynı Mehdizadənin təyinatı da “Twitter”-də onu təyin edən nazirin tənqidi ilə nəticələnib.

Ancaq qohumluq əlaqələri “mədəniyyəti” çox genişdir, iranlılar iş yerində, məktəbdə və ya bəzən gündəlik həyatlarında – bir sözlə, hər sahədə onunla üzləşirlər. Daşınmaz əmlakdan sənətə və humanitar sahələrə qədər, demək olar ki, hər zaman irəliləyiş və ya üstünlük hakimiyyətlə əlaqə hesabına qazanılır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə