XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 15:00

BOLTONUN HƏDƏLƏRİ İRANI QORXUDACAQMI? –Tarixi təcrübə Tehranın geri çəkiləcəyinə işarə edir - TƏHLİL

Rey Takeyh,

“Politico”, 16.01.2019

 

Vaşinqtondakı isteblişmenti sarsıdan son xəbər budur ki, prezident Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Pentaqonu İrana qarşı hərbi variantları nəzərdən keçirməyə çağırıb.

Şərhçilər və demokratlar hiddətlənib deyirlər ki, davakar əhval-ruhiyyə yalnız İranın döyüşkənliyini artıracaq. Obama administrasiyasının bir çox sabiq səlahiyyətliləri Boltonun sərt yanaşması ucbatından Tehranın nüvə proqramını davam etdirə biləcəyindən qorxurlar. Lakin həqiqət budur ki, İranla münasibətlərdə təhdidlər çox vaxt səmərəli olur, qılığa girmə isə ölkəni idarə edən mollaların iştahasını azaltmır.

Cimmi Karterə qədər heç bir prezident İslam inqilabçılarının həssaslığından daha çox narahatlıq keçirməyib. Hətta iranlı etirazçılar ABŞ-ın Tehrandakı səfirliyinə hücum etdikdə və amerikalı diplomatları girov götürdükdən sonra Karter böhranın teokratiya ilə əlaqələrin bərpa etmə ehtimalını təhlükəyə almayan şəkildə həllinə ümid edib. Belə ehtimal böhranı 444 günə uzadıb və Karterin prezidentliyinə son qoyub.

Ancaq uzun müddətli girov saxlama dövründə Karter bir dəfə güc tətbiqinə qol qoyub və onun siyasəti əslində səmərəli olub. Səfirliyə hücumdan sonra ABŞ diplomatlarının məhkəməyə veriləcəyi Tehranda çox danışılıb. Administrasiya İrana məktub göndərərək bəyan edib ki, girovlara istənilən zərər Amerikanın hərbi müdaxiləsini doğuracaq. Tezliklə açıq mühakimə üzrə bütün müzakirələr sakit şəkildə buxarlanıb. Bu, yalnız Karter deyil, İranla məşğul olacaq digər Amerika dövlət xadimləri üçün vacib bir dərsdir.

Reyqan administrasiyası “İran-Kontras işi” ilə tanınıb: “Hizbullah”ın Livanda saxlanılan Amerika girovlarını azad etməsi müqabilində Tehrana silah satılıb. Lakin 1988-ci ilin iyul ayında İran mülki təyyarəsinin vurulması faciəsi İran-İraq müharibəsinə son qoymaq üçün həqiqətən əhəmiyyətli dönüş olub.

Səkkiz il ərzində İranın dini lideri Ayətullah Xomeyni insan tələfatından asılı olmayaraq, İraq lideri Səddam Hüseynin məhvi məqsədindən əl çəkməyərək, bütün diplomatik vasitəçilik təkliflərini rədd edib. 1988-ci ilin yayında Amerikanın hərbi gəmiləri ilə Körfəz sularında üzən İran katerləri arasında mütəmadi toqquşmalar baş verib. Qarşıdurma dönəmində İranın Dubaya uçan mülki təyyarəsi “USS Vincennes” gəmisindən açılan atəşlə vurulub və 290 sərnişin həlak olub.

Hüzn mərasimləri və alovlu çıxışlara baxmayaraq, İranın təpkisi əsasən çəkingən idi, çünki Tehranda hakimiyyətin asimmetriyası münaqişənin güclənməsinə qarşı idi. Sərnişin təyyarəsinin vurulması, nəhayət, İraqla müharibədən imtinanın vacibliyini təlqin edib. Hətta Xomeyni də Amerikanın qüdrətinə hörmətlə yanaşıb. Beləliklə, o, “bir kasa zəhər” içməklə barışığı üstün tutub.

İranın nüvə ambisiyalarına təpki də ibrətamizdir. İslam Respublikası nüvə silahı yaratmağa meylli idi. 1990-cı illərin sonlarında rəsmi Tehran paytaxtdan təxminən 200 mil cənubundakı Natanz şəhərindəki gizli obyektin yaradılması ilə məşğul idi. İran plutonium potensialını inkişaf etdirməkdə də fəal olub. İsfahandakı uran konversiya qurğusu və Ərakda, demək olar ki, inşası tamamlanan ağır su istehsalı zavodu Beynəlxalq Atom Enerjisi Agentliyindən məharətlə gizlədilmiş proqramın əhatəsini göstərib. İslam Respublikası atom bombasına yol açan nüvə infrastrukturunu diqqətlə qurmuşdu.

Bütün bunlar bir müxalifət qrupunun Tehranın sirlərini ortaya qoyduğu 2002-ci ildə faş olub. Əli Xamneyi, Xomeyninin xələfi olan dini lider dərhal ciddi problemlə üzləşdiyini anlayıb. Bu, Əfqanıstanda “Taliban” və İraqda BƏƏS rejiminin məhv edən Amerikadan şok və qorxu duyulduğu vaxta təsadüf edib. Sonuncu kampaniya İranın siyasi quruluşunu sarsıdıb, Tehrandakı qorxu ABŞ-ın daha sonra nəzərlərini İslam Respublikasına çevirəcəyinə əsaslanıb.

Bundan sonra nə baş verib? Prezident Corc Buşun İranı “şər oxu”na daxil etməsi İran liderlərini narahat edib. Dövlətin vaxt qazanması və fırtınanın keçməsini gözləməsi lazım gəlib.

Məhz bu dövrdə İranın nüvə proqramının bütün aspektlərini dayandırmaq üçün Avropa İttifaqı-3 (İngiltərə, Fransa və Almaniya) ilə müqavilə bağlanıb. Bu təxirəsalma iki il davam edib. O vaxt Amerika İraqdakı məzhəbi vətəndaş müharibəsi ilə məşğul idi və bu, İran və onun vəkilləri tərəfindən alovlandırılmışdı. Amerikanın başı İraqa qarışdığı zaman İran zənginləşdirmə fəaliyyətini bərpa edib. Lakin 2003-cü ilin dərsi budur ki, diplomatiyaya nisbətən məhz təhdidlər Tehranın nüvə proqramından imtina etməsi baxımından işləkdir.

Tramp və Bolton İslam Respublikasını diksindirən son amerikan siyasətçiləridir. Ağ Evdən gələn işarələr bəzən birmənalı olmaya bilər, amma sərt danışıqlar və sərt hərəkətlər Tehrana həmişə təsir göstərib. ABŞ İranla nüvə razılaşmasından çıxıb və İrana neft ixracında təxminən 1 milyon barel ziyan vurmaqla, iqtisadiyyatını çökdürən sanksiyalar tətbiq edib.

İrana buna heç bir qarşılıq verməyib. İslam Respublikası nüvə razılaşmasına əməl edir və Trampın prezidentliyi dövründə sazişə sadiq qalacaq. Niyə? Çünki ABŞ-ın gücünü bilir və ondan qorxur. Dərs: Amerikanın qətiyyətlə güc tətbiq edəcəyinin ifadəsi, ümumiyyətlə, İranın geri çəkilməsini təmin edir.

İranla münasibətlərindəki dərsləri dərk etmiş kimi görünən yeganə Amerika strateqi Con Boltondır. O, Tehranın Yaxın Şərqdə xaos yaratma tarixini və atom bombasına yol açan silahlanmaya nəzarət razılaşmasının yanlışlığını düzgün qiymətləndirir. Daha vacib olan budur ki, sakitləşdirici sözlərlə müqayisədə təhdidlər tarixin küllüyü üçün nəzərdə tutulmuş teokratik rejimi çəkindirmədə ən yaxşı üsuldur.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə