XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 21:41

TRAMPLA BAĞLI YENİ ŞOK İDDİA- Koenin etirafı ABŞ-ı qarışdırdı: "Tapşırdı ki, bu barədə Konqresə yalan ifadə verim"

“ABŞ prezidenti Donald Tramp keçmiş hüquqşünası Maykl Koenə göstəriş verib ki, “Trump Tower”in Moskvada inşası layihəsinə dair aparılan danışıqlar barədə Konqresə yalan ifadə versin”.

Bu qalmaqallı iddia ilə “BuzzFeed News” ABŞ-da bu işi araşdıran hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Koen bunu xüsusi prokuror Robert Müllerə danışıb. Koen prokurora deyib ki, Tramp ondan məlum layihə ilə bağlı Rusiya tərəfi ilə danışıqların əslində olduğu tarixdən bir neçə ay əvvəl başa çatdığını deməyi xahiş edib.

“BuzzFeed” yazır ki, Müllerin komandası əvvəlсə bu məlumatı “Trump Organization”dakı əməkdaşlardan və şirkətin elektron poçtundan əldə ediblər. Sonradan xəbəri Maykl Koen də təsdiqləyib.

Mənbə onu da qeyd edib  ki, seçkiöncəsi kampaniya zamanı Tramp Moskvadakı “Trump Tower” layihəsi ilə bağlı Koenlə ən azı on dəfə görüşüb. Halbuki Tramp Rusiyada biznes maraqlarının olması barədə iddiaları rədd edirdi.

Məqalədə qeyd olunur ki, Moskvadakı layihə barədə oğul Donald Tramp və İvanka Tramp da məlumatlı olub. Ən maraqlısı isə odur ki, Tramp Koendən Putinlə görüşmək üçün Rusiyaya səfərini təşkil etməyi xahiş edib.

Ağ Ev və “Trump Organization” “BuzzFeed”in məsələ ilə bağlı sorğusunu cavablandırmayıb. Eyni zamanda xüsusi prokuror Müller də və Koen özü də bu sualları cavabsız qoyub.

Adam Şiff

 

Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiff “Twitter”də yazıb ki, bu gün bu, Trampa qarşı yönələn ən ciddi ittihamdır: “Bunun doğru və yalan olduğunu müəyyənləşdirmək üçün lazım olan hər şeyi edəcəyik”.

CNN-in məlumatına görə, Barak Obamanın prezidentliyi dövründə baş prokuror olan Erik Holder bəyan edib ki, əgər “BuzzFeed”in məlumatı təsdiqlənərsə, Konqres impiçment prosedurunu başlatmalıdır.

İvanka Trampın nümayəndəsi CNN-ə bildirib ki, məlum layihə barədə uzun müddət məlumatsız olub. Məlumatı olanda da bu məsələylə minimal həddə əlaqəsi olub.

Bundan əvvəl də Koen ABŞ prezidentinin “Playboy”un keçmiş modeli Karen Makduqala onunla münasibətləri barədə susmaq müqabilində pul ödədiyini açıqlamışdı. Dediyinə görə, Makduqala Trampın xahişi ilə ödəniş edib.

Maykl Koen

 

Koen məhkəmədə bu hərəkəti ilə seçkiöncəsi kampaniyanın maliyyələşdirilməsinə dair qaydaları pozduğunu etiraf etmişdi. Tramp isə Koenin yalan danışdığını, özünü xilas etmək və mümkün qədər az cəza almaq üçün belə dediyini bildirmişdi.

Demokrat Partiyasının Nyu-Yorkdan olan təmsilçiçi Cerrold Nedler isə bəyan etmişdi ki, Koenin modellə bağlı dedikləri sübut olunsa, bu, seçkiöncəsi kampaniyanın maliyyələşdirilməsinə dair pozuntu və impiçment üçün əsas sayıla bilər.

Qeyd edək ki, Maykl Koen 12 il Donald Trampın şəxsi hüquqşünası kimi çalışıb və 2018-ci ildə bu vəzifədən uzaqlaşıb. Uzaqlaşmamışdan bir ay əvvəl ona qarşı vergidən yayınma, seçki kampaniyasının maliyyələşməsindəki pozuntularla bağlı təhqiqat başladılıb. Ötən ilin avqustunda Koen Federal Təhqiqatlar Bürosuna təslim olub və istintaqla əməkdaşlığa razılıq verib. Dekabrda isə məhkəmə Koenin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Strateq.az