XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 10:27

Türkiyə geri çəkildi,növbə Rusiyada

 

“Türkiyənin Suriyaya quru qoşunları yeritmək istəməsi haqqında deyilənlər manipulyasiyadır”

 

Strateq.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu fikirdədir.

 

İtalyalı həmkarı Paolo Gentiloni ilə heyətlərarası görüşündən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin sualına cavab verərkən, Çavuşoğlu onu da vurğulayıb ki, Türkiyə heç bir zaman təkbaşına, ya da başqa bir ölkə ilə ikitərəfli bir əməliyyat keçirmək barədə düşünməyib: “Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya müdaxilə ediləcəyimiz iddiası haradan çıxdı? Səudiyyə Ərəbistanı da, bəzi Avropa dövlətləri də quru əməliyyatının şərt olduğunu deyirdilər. Amma əsgər göndərmək istəməyən ölkələr də var idi. Biz – antiterror ittifaqı yaratmış 65 ölkə İŞİD-ə qarşı başqa terror təşkilatlarını gücləndirmək əvəzinə, onların hamısıyla birgə mübarizə apara və bütün terrorçuları birlikdə yox edə bilərik”.

 

O ki qaldı, Səudiyyə Ərəbistanı ilə Türkiyənin Suriyada birgə əməliyyat keçirmək istəməsinə, Çavuşoğlu bunun heç vaxt gündəmdə olmadığını bildirib: “Gündəmimizdə belə bir şey olmayıb. Çox açıq söyləyirik: quru əməliyyatı olacaqsa, bu bütün ölkələrlə birlikdə həyata keçiriləcək”.


Halbuki, Türkiyənin Səudiyyə Ərəbistanı ilə birgə Suriyaya quru əməliyyatına hazırlaşdığı xəbərləri bir müddət əvvəl yayılmış və bunu təsdiqləyən bəzi hadisələr yaşanmışdı. İlk əvvəl Səudiyyə krallığının xarici işlər naziri keçirdiyi bir mətbuat konfransında Suriyaya quru hərbi qüvvələri göndərməyə hazır olduqlarını demiş və bu bəyan ABŞ müdafiə nazirini xeyli sevindirmişdi. Daha sonra Cümhruhiyyət tarixində ilk dəfə Türkiyənin Baş Qərargah rəisi baş nazirlə bərabər Səudiyyə Ərəbistanına getmiş, müzakirələrdə hər iki ölkənin əsgəri yetkililəri iştirak etmişdilər.

 

Türk heyəti ölkəyə dönər-dönməz CNN Arabiya telekanalı sensasiyalı xəbər yaymışdı. Xəbərə görə, Ankarayla Riyad ətraflarına 40-dan artıq müsəlman ölkələri toplayaraq, Suriyaya hərbi müdaxilə etmək və bu məqsədlə 150 min əsgərli bir ordu yaratmaq barədə düşünürlər. Xəbərin kifayət qədər ciddiliyindəniydi ki, Rusiya və İranın ona reaksiyası da özünü çox gözlətməmiş, hətta Tehran Riyadı təhdid edərək, bu addımın Səudiyyə sülaləsinin tabutuna vurulmuş son mismar olacağını bildirmişdi.

 

Bütün dünyanın bu xəbəri müzakirə etdikləri bir zamanda nə Səudiyyə Ərəbistanından, nə də Türkiyədən hər hansı təkzib verilməmişdi. Əksinə, bəzi rəsmilərinin bəyanları bu ehtimalı gücləndirmişdi.

 

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Əhməd Asiri ölkəsinin Suriyada iri miqyaslı quru əməliyyatlarına hazır olduğunu təsdiqləmiş,  krallığın adı çəkilməyən bir başqa yetkilisi isə “Financial Times”-a açıqlamasında sözügedən ehtimalla bağlı eynilə belə demişdi: “Hələlik, Suriyada yoxuq, amma orada olmağa da çox yaxınıq”.

 

Baxmayaraq ki, bu xəbər ortaya çıxdıqdan sonra rəsmi Ankara konkret mövqe bildirməkdən yayınmağa çalışıb, amma müxtəlif zamanlarda dilə gətirilən bəzi fikirlər də ayrı mətləblərdən xəbər verirdi. Hələ bir neçə ay əvvəl, konkret desək, noyabrın 9-da Türkiyənin baş naziri Əhməd Davudoğlu CNN-ə açıqlamasında demişdi: “Quru qüvvələrinin Suriyada hərbi əməliyyatlara qatılması birlikdə müzakirələri, fikir mübadiləsini tələb edən mövzulardandır. Hava və quru əməliyyatları ilə bütünləşmiş vahid bir strategiyaya ehtiyacımız var”. Ertəsi gün Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da xalqı “quru əməliyyatlarına başlamaq məsələsində müsbət dəyişikliklərin baş verməsi” xəbərilə müjdələmişdi.

 

Heç uzağa getmədən bir neçə gün bundan əvvəl yenə Türkiyə prezidentinin çıxışına nəzər salsaq, eyni motivlərin səsləndirildiyini görərik. Ərdoğan dünya güclərinə ünvanlanmış mesajında Türkiyənin özünümüdafiə haqqından danışmış və bu haqqın tələbləri çərçivəsində Suriyada və terror təşkilatlarının məskunlaşdığı hər yerdə lazım bildiyi hər cür əməliyyatlar keçirmək hüququna malik olduğunu söyləmişdi.

 

Bütün bu dəlillərə rəğmən, Türkiyə xarici işlər nazirinin təkbaşına və ya hansısa ölkəylə bərabər Suriyaya quru əməliyyatı barədə ümumiyyətlə düşünmədiklərini söyləməsi, qətiyyən, inandırıcı görünmür. Belə təəssürat yaranır ki, beynəlxalq güclərin ciddi basqıları qarşısında qardaş ölkə öz sərhəd ötəsi maraqlarından geri addım atmaq məcburiyyətində qalıb. Son zamanlar Ankaranın NATO və ABŞ tərəfindən ciddi şəkildə dəstəklənməməsi, hətta Vaşinqtonun “dovşana qaç, tazıya tut demək” siyasətinin ortaya çıxması bu geri addımın atılmasında xüsusi rol oynaya bilər.

 

İndiyə qədər regional qüvvələri Bəşər Əsəd rejimi və Rusiyaya qarşı mövqeyə həvəsləndirən ABŞ-ın dünən rəsmi Moskva ilə atəşkəs barəsində razılığa gəldiklərini açıqlaması da böyük bir məkrdən xəbər verir. Razılıq sazişində yer alan bəzi müddəaların mahiyyətinə nəzər salanda əslində onun atəşkəsdən daha çox, Rusiya ilə ABŞ-ın Yaxın Şərq məsələsində fikir birliyinə bənzədiyini görə bilərik.

 

Sənədin adına görə, tərəflər, guya, atəşkəs sazişi imzalayıblar. Amma bu atəşkəsin İŞİD və əl-Nüsra silahlılarına şamil olunmayacağı razılıq mətnində açıq şəkildə yer alıb. Nəzərə alsaq ki, Rusiya da elə bu iki qüvvəni yox etmək bəhanəsiylə Suriyada hərbi əməliyyatlara başlayıb və amma sözdə hədəf göstəriləni deyil, “mülayim müxalif”ləri zərərsizləşdirməklə məşğuldur, atəşkəs sazişinin prinsip etibarilə “atəşə davam” müqaviləsi olduğu ortaya çıxır.

 

Sözsüz ki, bu ikibaşlı siyasətiylə ABŞ regionun əsas qüvvələrini – Türkiyə, Rusiya, İran və Səudiyyə Ərəbistanını qarşı-qarşıya gətirməyə çalışır, onları zəiflədərək həm Yaxın Şərqin yeganə lideri olmaq, həm də müsəlman qaçqınlarla doldurduğu Avropanı çətin vəziyyətə salmaq istəyir. Bir daşla bir neçə quş vurmaq həvəsinə düşən ABŞ-ın əsas məqsədi isə öz dünya hegemoniyasını gücləndirmək, sabah qarşısına çıxa biləcək bütün potensial rəqiblərini beşikdəcə boğmaqdır. 

 

Əlbəttə, tərəflər ABŞ-ın məkrli siyasətinin alətinə çevrilməkdən nə qədər tez geri çəkilərlərsə, ziyanın yarısından bir o qədər tez qayıtmış olarlar. Bu baxımdan Mövlud Çavuşoğlunun diliylə səsləndirilən fikirlər regional sülhə doğru atılmış ilk addım kimi səciyyənləndirilə bilər.

 

Könül istərdi ki, növbəti addım da Rusiyadan gəlsin…

 

Heydər Oğuz

Strateq.az