XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 22:22

İLK SİFARİŞİNDƏN 6 MİLYON QAZANAN, RUS İDMANÇIYA PƏRƏSTİŞ EDƏN TRAMP…- Ağ Ev sahibinin biznesdən siyasətə uzanan həyat hekayəsi

News.ru, (Rusiya)

 

ABŞ-ın ən qalmaqallı prezidentlərindən olan Donald Con Tramp 1946-cı ildə milyonçu-biznesmen ailəsində anadan olub. Babası Frederik Tramp Birləşmiş Ştatlara 1885-ci ildə, 16 yaşındaykən gəlib. Burada gələcək həyat yoldaşı – alman Elizabet Kraystla tanış olub. Donald Trampın valideynləri Fred Krust Tramp və Meri Enn Maklaud 1936-cı ildə evləniblər. Cütlüyün Donalddan başqa, iki oğlan və iki qız olmaqla daha dörd uşağı olub – Fred, Robert, Merien və Elizabet.

Donald Tramp uşaq yaşlarından bacı-qardaşından fərqlənib – hər zaman davranış problemləri olub. Oğullarının enerjisini müsbət məcraya yönəltmək üçün valideynləri Donaldı Forest-Hilsdəki ümumtəhsil məktəbindən çıxarıb Nyu-York hərbi akademiyasına qoyurlar. Yeni təhsil müəssisəsi Trampın xoşuna gəlir. O, təhsilində yaxşı nəticələr göstərir, akademiyanı müxtəlif idman yarışlarında təmsil edirdi. Lakin gələcək prezident gələcəkdə hərbçi olmağa hazırlaşmırdı.

“1964-cü ildə Nyu-York hərbi akademiyasını bitirəndə kino məktəbinə daxil olmağı düşünürdüm. Lakin son nəticədə bu qənaətə gəldim ki, əmlakçılıq daha gəlirli biznes sahəsidir. Ona görə də, Pensilvaniya Universitetindəki Uorton biznes məkəbinə sənəd verdim və qəbul olundum. Oranı başa vuranda elə sevinirdim ki… Dərhal evə getdim və atamın yanında işləməyə başladım”, – sonralar Tramp müəllifi olduğu “Saziş bağlamaq sənəti” kitabında yazmışdı.

Donald Trampın valideynləri

 

1968-ci ildə Tramp iqtisadiyyat üzrə bakalavr dərəcəsinə sahib olur və atasının əmlak sahəsi üzrə ixtisaslaşmış firmasında işə başlayır. Qarşıdakı illərdə Trampın əsas məşğuliyyəti bu olur. Tramp evləri orta təbəqənin təmsilçilərinə icarəyə verməyə başlayır. Onun ilk layihələrindən biri 1200 kvadratmetrlik kompleksin modernləşdirilməsi və 12 milyon dollara satılması olur. Bu işdən Trampın təmiz gəliri 6 milyon dollar olur.

28 yaşında ilk dəfə nəhəng tenderin qalibi olur. Atılmış bir mehmanxananı rekonstruksiya etmək üçün hökumət gənc biznesmenə 40 illik vergi imtiyazı verir. Nəticədə Tramp köhnə mehmanxananın yerinə dəbdəbəli “Grand Hyatt” otelini qurur.

İkinci böyük layihəsi – 58 mərtəbəli qüllənin (“Trump Tower”) inşası Trampa dünya əmlak ticarətçiləri arasında məşhurluq gətirir. 1982-ci ildə Tramp daha bir oteli rekonstruksiya edərək, onu dəyəri 250 milyon dollar olan dünyanın ən bahalı otel-kazinosuna (Trump Plaza Hotel and Casino”) çevirir.

Nyu-Yorkun ən uğurlu şəhər planlaşdırıcıları sırasına daxil olan Tramp yeni sifarişlər almağa davam edir. Bəzən də tamamən uğursuz görünən layihələrə qol qoyur. Məsələn, 1980-ci ildə Nyu-York rəhbərliyi Mərkəzi Parkda bərpa işlərinə başlayır. Layihə 2,5 illik olsa da, 86-cı ildə belə, başa çatmamışdı. Halbuki bu məqsədlə şəhər büdcəsindən 12 milyon dollar ayrılmışdı. Həmin vaxt inşa işlərini Tramp üzərinə götürür və cəmi 6 aya başa çatdırır. Üstəlik ayrılan 3 milyon dollarlıq büdcənin 750 min dollarına qənaət edir.

Lakin uğurun ardınca uğursuzluq zolağı başlayır. 1989-cu ildə dünyada növbəti maliyyə böhranı yaşanır və Tramp şəxsi borcları və firmasının öhdəliyində olan 1 milyard dollardan artıq işlərin ucbatından iflasın bir addımlığına gəlir.

90-larda gələcək prezident öz biznesini yaşatmaq və borclardan tədricən xilas olmaq üçün müxtəlif vasitələr tapır. 2000-ci illər Tramp üçün növbəti uğurlu dövr olur. Lakin 2008 böhranı onu az qala yenidən iflasın eşiyinə gətirir.

Siyasətə 2000-ci ildə maraq göstərməyə başlayır. Həmin il Tramp islahatçıların ABŞ prezidentliyinə namizədi olmağa qərar verir. Lakin o, yalnız partiyanın tərəfdarlarının səslərini qazana və cəmi bir neçə ştatda qalib gələ bilir.

Namizəd olmaq istədiyini növbəti dəfə 2015-də açıqlayır. Bu dəfə respublikaçıların namizədi olur. Politoloqların proqnozlarının əksinə olaraq Tramp Respublikaçılar Partiyası tərəfdarlarının rəğbətini qazana bilir. Və adı ümumxalq seçkiləri ilə bağlı bülletenə salınır. 2016-cı ilin noyabrında əksər ştatların dəstəyini qazanaraq Ağ Evin yeni sahibi olur.

 

Tramp və İvana Zelniçkova

 

ABŞ prezidenti üç dəfə evlənib. Birinci xanımı Çexoslovakiyadan olan fotomodel, həmyaşıdı İvana Zelniçkovadır. Tramp İvana ilə 1977-ci ildə evlənib. 2016-da prezident seçiləndən sonra mətbuat Zelniçkova amilinə görə Trampı sovet kəşfiyyatı ilə əlaqələrdə ittiham etdi.

Çexoslovakiyada 2016-cı ildə açılan bəzi məxfi sənədlərdən məlum oldu ki, gizli agentlər cütlüyü mütəmadi izləyirmiş. Praqada isə İvananın atası Miloş Zelniçekə göndərdiyi bütün məktublar təhlükəsitzlik orqanları tərəfindən diqqətlə oxunurmuş.

Zelniçkova ilə Trampın 3 övladı – Donald (1977), Erika (1984), İvana (1981) və bu övladlarından 8 nəvəsi var.

Hazırda İvanka atasının müşaviri postunu tutur. Donald və Erik isə ailə biznesini yürüdür. Tramp ailəsinin İndoneziyada Çinin “Yeni ipək yolu” layihəsi üçün infrastruktur qurması və Çinin nəhəng ICBC bankının “Trump Tower”də ofis götürməsi Trampın Çin hökuməti ilə əlaqələrinə dair ittihamlara şərait yaratdı.

Tramp və Marla Maples

 

Trampla Zelniçkova 15 illik ailə həyatından sonra ayrıldılar. Növbəti il biznesmen 29 yaşlı aktrisa və prodüser Marla Mapleslə evləndi. Toylarından iki ay əvvəl cütlüyün Tiffani adlı qızı dünyaya gəldi. Fotomodel işləyən Tiffani 2016-cı il seçkilərində atasının kampaniyasında aktiv iştirak etmişdi.

1999-cu ildə Tramp Marla ilə də boşandı. Bunu belə əsaslandırdı ki, biznesə alüdəçiliyi ailə həyatına mane olur: “Onu deyə bilərəm ki, onlar üçün (İvana və Marla) mənim sevgimlə (biznes) rəqabət aparmaq çox çətin idi. Mən öz işimi həqiqətən də çox sevirəm”.

Marla isə bildirdi ki, heç cür ərini ürəkdən sevməyib. Dediyinə görə, pulu və hakimiyyəti olsa da, Tramp onun qəlbini fəth edə bilməyib.

2004-cü ildə Tramp Slovakiyadan olan fotomodel Melaniya Knavsa evlilik təklifi etdi. Təklifi aldığı gün Melaniya 34 yaşını qeyd edirdi. 2005-ci ilin əvvəlində cütlük təmtəraqlı toy təşkil etdi. Toyda ABŞ-ın tanınmış mədəniyyət xadimləri, teleaparıcıları iştirak edirdi. Mətbuatın iddiasına görə, Melaniyanın təkcə gəlinliyi 200 min dollara başa gəlmişdi.

Donald Tramp, Melaniya və Berron

 

2006-cı ildə bu nikahdan Berron Uilyam dünyaya gəldi. ABŞ prezidentinin yaxın ətrafında olanlar Berronu həm zahiri görnüşünə, həm də ambisiyalı xarakterinə görə Trampa bənzədirlər.

Trampın kiçik oğlu dərslərini, xüsusən dəqiq fənləri yaxşı oxuyur, kompüter texnologiyalarına isə yaxından bələddir. Melaniya Tramp oğlunun tərbiyəsini həyatdakı ən vacib işi sayır. Bu arada, Tramp ailəsi Berron üçün dayə tutmaqdan imtina edib.

Ailə işlərinə böyük vaxt sərf etməsinə baxmayaraq, Melaniya birinci ledi kimi, müxtəlif mərasimlərə qatılır və humanitar təşəbbüslərlə çıxış edir. Sosial sorğular seçicilərin birinci ledinin bu fəaliyyətini təqdir etdiyini üzə çıxarıb. Melaniyanın reytinqi  Donald Trampın reytinqindən daha yüksəkdir.

Melaniyadan fərqli olaraq Donald Trampı ailəcanlı adlandırmaq olmaz. Prezident seçiləndən dərhal sonra mətbuat Trampın Melaniya ilə evli olduğu müddətdə pornoaktrisa Stormi Denielslə əlaqələrindən yazmağa başladı. Aktrisa isə Trampa hər hansı hiss bəsləmədiyini, onunla pul qarşılığında birlikdə olduğunu etiraf etmişdi. Mətbuatın yazdığına görə, sonradan Tramp, susması müqabilində ona 150 min dollar ödəmişdi.

Tramp Fyodr Yemelyanenko ilə

 

Donald Trampın müxtəlif hobbiləri və sevdiyi məşğuliyyətləri var. Gənclik illərində voleybol, futbol və beyzbol oynayıb, yarışlara qatılaraq mükafatlar alıb. Sonra qolfun sirlərinə hakim olub və hazırda da qolf oynamağı çox sevir. Deyilənə görə, Tramp döyüş sənətlərini sevir və rus idmançı Fyodr Yemelyanenkonun döyüşdüyü bir səhnəni belə, izləməyi qaçırmayıb.

Ağ Evin sahibi musiqi dünyasına da yad deyil. Tramp klassik əsərlərlə yanaşı, rep və reggi də sevdiyini deyir: “Frank Sinatraya, Toni Bennetə və Elton Cona qulaq asmaqdan böyük həzz alıram. Mən həmçinin Eminemin böyük pərəstişkarıyam. Reggi məni rahatladır, gərginliyimi götürür”.

Tramp 1996-dan 2015-dək gözəllik müsabiqlərinin də təşkilatçısı olub. 2013-cü ildə müsabiqə Rusiyada keçirilmişdi. Və bu, sonralar Trampın Rusiya kəşifyyatı ilə ilə əlaqələrinə dair növbəti fakt kimi hallandırılmağa başlamışdı.

Tramp ekranlarda olmağı çox sevir. O, bir neçə teleproqramın aparıcısı olub, bir neçə filmdə epizodik rollara çəkilib.

ABŞ prezidenti zərərli vərdişlərdən uzaqdır. Dedyinə görə, həyatı boyunca nə siqaret çəkib, nə də içki içib. Tramp “İncil”i həyatının əsas kitabı sayır. Tez-tez məbədlərdə olsa da, nə vaxtsa Allahdan bağışlanmasını istədiyini xatırlamır: «Nəyisə səhv edirəmsə, Allaha üz tutmadan, onu düzəltməyə çalışıram…”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə