XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 11:50

Özünü prezident elan etmiş 35 yaşlı sənaye mühəndisi –VENESUELA İNQİLABININ LİDERİ KİMDİR?

Venesuela müxalifətinin lideri Xuan Quaydo 23 yanvar 2019-cu il tarixində özünü ölkə prezidenti elan edib. Bu, Venesuelada keçirilmiş çoxsaylı etiraz mitinqi zamanı baş verib.

Bəs Xuan Quaydo kimdir?

Strateq.az bildirir ki, Xuan Xerardo Quaydo Markes 28 iyul 1983-cü ildə Venesuelanın La-Quayra şəhərində 8 uşaqlı ailədə doğulub. Atası pilot, anası müəllimə olub. 1999-cu ildə ştatda baş vermiş və 30 min nəfərin ölümünə səbəb olmuş torpaq sürüşməsi zamanı Quaydonun ailəsi sağ qalsa da, evləri dağılıb. “Nyu-York Tayms” qəzetinə danışan Quaydonun dostu Xuan Karlos Miçinel deyib ki, Quaydo məzun olduqdan sonra Meksikada yaxşı iş təklifi alsa da, rədd edib. O, ölkəsini dəyişdirmək üçün Venesuelada qalacağını bildirib. Quaydo 2007-ci ildə Andres Bello adına Katolik Universitetinin sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-da Corc Vaşinqton Universitetində dövlət idarəçiliyi üzrə təhsil alıb.

Quaydo universitetdə oxuyarkən siyasətlə məşğul olmağa başlayıb. 2009-cu ildə Karakasın keçmiş meri Leopoldo Lopesin liderlik etdiyi və sol-mərkəzçi partiya olan “Xalq İradəsi” partiyasına daxil olub. 2014-cü ildə həbs edilən Lopesə məhkəmə 2015-ci ildə 13 il 9 ay həbs cəzası kəsdikdən (2017-ci ildən səhhəti ilə əlaqədar ev dustağı edilib) sonra o, tərəfdarlarını özündən 12 yaş kiçik olan Quaydo ətrafında birləşməyə çağırıb. 2010-2015-ci illərdə Xuan Venesuela parlamenti deputatının müavini kimi çalışıb. 2015-ci ildə Varqas ştatından parlamentə deputat seçilib. O, prezident Uqo Çavesin Konstitusiya dəyişiklikləri layihəsinə qarşı etiraz aksiyalarının təşkilatçısı olub, Maduro hökuməti ilə bağlı korrupsiya faktlarının təhqiqatını aparıb.

Prezident Maduro 2015-ci ildə keçirilmiş seçkilərdən sonra parlamentdə hakim çoxluğu itirib. Ona görə də 2017-ci ildə bu parlamenti buraxaraq, yeni Konstitusiyanın qəbulu üçün Qurucu Məclis yaradacağını elan edib. Müxalifət bu seçkini boykot edib və nəticədə yeni parlament tamamilə hakim partiya üzvlərindən ibarət olub. 2017-ci ildə buna etiraz edən və xalqı küçələrə çağıran müxalifət liderləri arasında Quaydo da vardı. Bu etirazlar zamanı atılan rezin güllələrdən biri Quaydonun boğazına dəyib və izi hələ də qalır. 2018-ci ildə Venesuela müxalifətinin yaratdığı “Demokratik birliyin dəyirmi masası” koalisiyasının rəhbəri seçilib.

5 yanvar 2019-cu ildə Venesuela parlamentinin sədri vəzifəsini tutub. Yanvarın 13-də mitinqə gedərkən həbs olunsa da, az sonra azadlığa buraxılıb. 23 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içib.

Xuan Quaydo evlidir, bir qızı var.




Yuxarı Əvvələ Ana Səhifə