Stanislav Tarasov,
regnum.ru, 23.01.2019
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Davos İqtisadi Forumu meydanlarında qeyri-formal görüşü baş tutub. Paşinyanın dediyi kimi, tərəflər “(Dağlıq Qarabağ üzrə-S.T.) danışıqlar prosesindəki cari durum və sonrakı müzakirələr üzrə fikir mübadiləsi edib”. Elə onun məlumatına görə, “görüş, haradasa, saatyarım çəkib” ki, bu da ən cüzi diplomatik arşınlara görə az deyil.
Yada salaq ki, bu yaxınlarda Parisdə ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının dörd saat çəkən görüşü keçirilib. Düzdür, tərəflər danışıq bazasının qurulduğu prinsipləri bildirməyiblər. Bəzi ekspertlər əmindirlər ki, söhbət 2016 savaşından sonra münaqişə tərəflərinin təmas xəttində monitorinq sisteminin tətbiqi və ora beynəlxalq müşahidəçilərin gəlişini nəzərdə tutan “Peterburq razılaşmaları”nın əməli gerçəkləşdirilməsindən gedir.
Amma Düşənbədə Əliyev və Paşinyan arasında şifahi uzlaşmadan sonra cəbhə xəttində Peterburq sazişinin dəyəri kimi, gərginlik hissolunacaq dərəcədə düşüb. Hətta Minsk Qrupu həmsədrlərinin Parisdə başqa məsələlərlə yanaşı, əhalinin barışa hazırlanması üzrə konkret tədbirlərin görülməsi gərəkliliyinin müzakirə olunduğu, habelə tərəflərin bölgənin iqtisadi potensialının gerçəkləşməsinə yönəlmiş qarşılıqlı əlverişli təşəbbüslərinin önəminə edilən vurğunun göstərildiyi haqda bəyanatından sonra aydın olub ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə artıq konkret ssenari var və tərəflər predmetli müzakirə, ola bilsin, sövdələşmə də aparır.
Bütün əlamətlərə görə, Əliyev və Paşinyan Davosda Azərbaycan və Ermənistan XİN başçılarının fevralda gözlənilən növbəti görüşündə danışıqlar prosesini irəlilətməkdən ötrü mövqelərə müəyyən düzəlişlər ediblər. Sonra ardınca hökmən hansısa konkret, amma yenə də aralıq sazişinin imzalanması ilə bitəcək Əliyev-Paşinyan rəsmi sammiti gələ bilər.
Bu da aydındır ki, Dağlıq Qarabağda status-kvo saxlanmayacaq. Bakı və İrəvan Stepanakertdən (Xankəndi – red.) yaxa qurtarmaqla güzəştlərdən ibarət razılaşmaya gedir.
Aydındır ki, Azərbaycan indiki mərhələdə bölgələrin bir qisminin onun nəzarətinə qaytarılmasını gözləyir, əks halda, güman etmirəm ki, Ermənistanı “diplomatik ağuş”unda qucardı. Axı ərazi bütövlüyü prinsipindən istənilən geriləmə Əliyevə qaçılmazcasına nüfuzunu və hətta Bakıda legitimliyini itirmək gətirər.
Buna görə də “Artsaxın (Dağlıq Qarabağın) konkret statusu müəyyən edilmədən Ermənistanın Azərbaycana heç bir ərazi güzəştinə getməyəcəyi”nə indiyədək əminlik bildirən erməni siyasətçi və ekspertləri romantik illüziyaların əsiridirlər.
Stepanakertin (Xankəndi – red.) statusu və Paşinyanın qabaqlar bəyan etdiyi kimi, münaqişə tərəfi qismində danışıqlara qatılması indi artıq İrəvanın özü tərəfindən nəzərdən keçirilmir. Paşinyanın cəlb olunduğu prosesin məntiqi Qarabağ yönündə ona artıq müəyyən, addım-addım fəaliyyət diktə edir.
Yalnız aydın deyil ki, Bakı məhz hansı güzəştlərə getməyə hazırdır. Bu bir.
İkincisi, bütün əlamətlərə görə Azərbaycan Ermənistan üçün paket saziş hazırlamaqla öz “partiyasını” Türkiyə ilə birgə oynayır.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu günlərdə Antalyada tələbələr qarşısında çıxış edərək “birdən” Ermənistanı yada salıb və bildirib: “Mövcud bəzi problemlərin çözülməsi üçün təşəbbüslü olmaq gərəkdir. Yalnız öz maraqlarını qorumaq bəs etmir. Qarabağ münaqişəsinin həll olunmadığı bu gündə Qafqazda sabitliyi təmin etmək və Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq mümkünsüzdür. Biz 2019-da bu məsələlərdə daha ardıcıl olacağıq”.
Yada salaq ki, Ankara qabaqlar Paşinyanın Türkiyə ilə münasibətləri “ilkin şərtlərsiz” normallaşdırmaq çağırışlarına oxşar şəkildə, amma motivlə reaksiya verib. Bəs indi nə baş verib?
“Azadlıq Radiosu”nun erməni xidmətinin xəbər verdiyi kimi, Türkiyə hökuməti ölkədə ilk erməni kanalı “Luys”un (“İşıq”) açılmasına icazə verib. Telekanal martda yayıma başlayacaq, perspektivdə erməni və qismən türk dillərində gecə-gündüz yayım həyata keçirəcək. Bu gün Türkiyədə erməni dilini işlədə bilən, amma hökumətin yüksək diqqət ayırdığı neçə vətəndaşın qaldığını bilmək maraqlı olardı.
Buna əlavə olaraq, REGNUM İA-nın bu yaxınlarda məlumat verdiyi daha bir fakt: İsveç XİN-in dəstəyi ilə Türkiyədə ölkənin tarixində ilk dəfə türk dilində Ermənistan üzrə elektron variantda da əlyetən yol bələdçisi nəşr olunub. Broşür müəllifləri türkiyəli həmvətənlərini sərhədlərin bağlı olduğuna fikir verməyərək qonşu ölkəyə getməyə, tanış olmağa və tanımağa çağırırlar. Budur, Simon Qaraxanyan bizim agentlikdə bunu belə şərh edib: “Nikol Paşinyanın idarəçiliyi (prezident Rəcəb Tayib Ərdoğan başda olmaqla Türkiyədəki yeniosmançılıq tendensiyalarına baxmayaraq) Türkiyə ilə münasibətlərdə irəliləyişi qeydə almaq və yuxarıdan vadar edilən tədbirə deyil, cəmiyyətin tələbi olacaq normallaşmaya gətirməkdə bütün şanslara malikdir”.
Daha bir sitat: “Xalqlar (yəni ermənilər və türklər- S. T.) eyni, bir-birinə anlaqlı mədəni dildə danışırlar və sərhədlərin açılması özlüyündə təbii, diplomatik münasibətlərin qurulması isə gərəkli görünəcək. Bu vəzifənin gerçəkləşdirilməsi tam yerinə yetiriləndir, çünki indi bunun üçün əlverişli şərait yaradılıb. Ermənistanda hakimiyyət dəyişikliyini dəstəkləyən gənc siyasətçilərin, politolqoların, ictimaiyyətçilərin önəmli bölümü bu gün haqlı olaraq deputat mandatı alıb, hökumətdə işləyir, idarələrə başçılıq edirlər”.
Yəni Bakı və İrəvan hələlik “xalqları barışığa” hazırlayınca, Ankara əməli gerçəkləşdirməyə girişib. Buna görə də şübhə etmək lazım gəlmir ki, Əliyev və Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə anlaşma əldə ediləcəyi halda növbəti addım 2009-un oktyabrında imzalanmış, Ermənistanla diplomatik münasibətlərin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan Sürix sənədlərinin Türkiyə parlamenti tərəfindən ratifikasiyası olacaq ki, bu da həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə geopolitik bölgünün ciddi dəyişiminə səbəb olacaq.
İrəvan Bakı və Ankaranın arasında sıxılmış görünəcək, Ermənistanın Qarabağ yönündə bütün manevr imkanları asanlıqla yox olacaq.
Eyni zamanda Azərbaycan özünün təhlükəsizliyinə bağlı bəlli səbəblərdən münaqişənin sürətli həllinə can atır. Onun sərhədləri boyu İrana qarşı mümkün hərbi əməliyyatlar Bakı üçün cənubdan birbaşa təhlükə təşkil edir, Türkiyənin deyil, Rusiyanın rolunun güclənməsinə gətirə bilər.
Bəs İrəvan hara tələsir?
Keçmiş rəhbərlik Rusiya ilə blok siyasətini şübhə altına almırdı, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağın onun üçün ölkə içində ictimai qəzəb doğurmadan müalicə edilməsi gərəkən “Axilles dabanı” olduğunu saymaqla balanslaşır.
Əliyev yetərincə ağıllı və bacarıqlı siyasətçi kimi hər şeyi anlayır və ehtimal ki, buna görə də addımbaaddım diplomatiya üsullarından istifadə edərək, durumu İrəvanın geri dığırlanması mümkün olmayan məqama gətirəcək.
O, Paşinyanla ciddi oyuna başlayıb və hələlik uğurla aparır. Baxarıq, sonra nələr olacaq.
Tərcümə: Strateq.az