XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 17:50

PUTİN-ƏRDOĞAN GÖRÜŞÜ:Ankara üsyançıları kürd torpaqlarına dəyişməyə hazırdır – Təhlil

İqor Subbotin,

Nezavisimaya qazeta, 23.01.2019

 

RF prezidenti Vladimir Putin Vaşinqtonun Amerika kontingentini Suriyadan çıxarmaq qərarı işığında bu ölkənin taleyini müzakirə etmək üçün türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla görüşüb.

Hələlik kürd birləşmələrinin əlində qalmış şimali-qərb torpaqları üzərində nəzarət əldə etmək Ankara üçün son dərəcə önəmlidir. Ekspert mühitində ehtimal edirlər ki, Türkiyə Cümhuriyyəti Suriyanın şimalının, heç olmasa, daha bir bölümünü əldə etmək üçün üsyançıların əlindəki İdlib əyalətini mübadilə edə bilər.

Hələ Putin-Ərdoğan danışıqları start götürənədək Rusiya XİN-də Suriyadakı durumu dəyərləndiriblər. Özəlliklə diplomatik idarənin rəsmi təmsilçisi Mariya Zaxarova Türkiyənin nəzarətindəki İdlib əyalətindəki durumla bağlı ciddi narahatlıq ifadə edib. “Eyniadlı zonada durum sürətlə aşınır, – diplomat məlumat verib. – Ərazi mötədil silahlı müxalifət dəstələrinin sıxışdırılması hesabına “Həyat Təhrir əş-Şam” qruplaşması tərəfindən faktiki tam nəzarətə götürülüb”.

XİN təmsilçisi bildirib: “Terrorçuların davam edən fitnəkarlıqları dinc vətəndaşlar, Suriya hərbçiləri və Rusiyanın Xmeymim aviabazası üçün təhlükə təşkil edir”.

Rusiya və Türkiyə 2018-in payızında İdlib təhlükəsizlik zonası üzrə memorandum imzalayıb. RF prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bu saziş “hərbi əməliyyatların dayandırılması rejiminə ciddi töhfəyə çevrilib”. Amma, Kremldə hesab edildiyi kimi, bu bölgədə son aylarda fitnəkarlıqların sayı hiss olunası dərəcədə artıb, buna görə də “Türkiyə rəhbərliyi ilə yeni fikir mübadiləsi aparmağa ehtiyac yaranıb”. Türkiyə hökumətinin özü prezidentlərin görüşü ərəfəsində İdlib üzrə sazişin gerçəkləşdirilməsini müsbət dəyərləndirib. Cümhuriyyət Müdafiə Nazirliyindən bildiriblər ki, “fitnələrə baxmayaraq” iş davam edir. Moskva və Ankaranın buradakı ritorikası şübhəli şəkildə oxşardır ki, bu da Türkiyənin onun məsuliyyət sahəsindəki İdlib üzrə güzəştlərə getməyə hazır olduğu haqda düşünməyə vadar edir.

Amma İdlibi verməyin əvəzində Ankaranın nəyi əldə etməsi gərəkdir? Türkiyə tərəfi indi RF və ABŞ kimi oyunçularla uzlaşma, kürd hərbi birləşmələrinin əlində qalan Menbiçin götürülməsinə kart-blanş əldə etməyə çalışır. Bununla yanaşı, göründüyü üzrə, Amerika tərəfi bu rayonların Türkiyəyönlü güclərə verilməsini təmin etmək vədi veribmiş. Türkiyə milli müdafiə naziri Hulusi Akar amerikalıların Menbiç üzrə “yol xəritəsi”ni icra etmədiklərini respublikaçı senator Lindsi Qremə (Cənubi Karolina ştatı) bu yaxınlarda Ankara görüşünün gedişində bildirib. Ərdoğanın özü dəfələrlə qeyd edib ki, Ankaranın şimalda apardığı əməliyyatlar sürəcək.

İdlib üzərində nəzarət siyasi danışıqlarda müxalifətin maraqlarını yeritmək baxımından önəmlidir, – Rusiya Beynəlxalq Məsələlər üzrə Şurasının eksperti Anton Mardasov “NG”-yə deyib. – Lakin Suriya rejimi əleyhdarlarının maraqlarına lobbiçilikdə Ankaranın gerçək marağı haqda böyük şübhələr var. Türklər üçün “kürd problemi”nin həlli daha önəmlidir. Radikal HTŞ koalisiyasının Suriya müxalifətinin mötədil fraksiyasına qarşı son əməliyyatları zamanı onların passivliyi buna işarə edir. Buna görə də istisna etmirəm ki, Türkiyə tərəfi İdlibdəki hərbi postları barter üçün saxlayır ki, Moskva ilə Menbiçə – Hələbin şimalında antikürd bufer zonasının formalaşmasının başa çatması üçün önəmli şəhərə görə saziş bağlasın. Suriyanın şərqinə gəlincə, bura hələlik çoxlu məchullarla bərabərlikdir: bəzi məlumatlara görə, Trampın anons etdiyi 32 km-lik bufer zonaya Ankaranın müttəfiqi və “Demokratik Birlik” Partiyasının əleyhdarı Kürd Milli Şurasına yaxın Rojava peşmərgəsi yeridilə bilər. Əhməd Carbanın (Suriya müxalifəti liderlərindən biri – “NG”) Suriya Elit Güclərinin yeridilməsinin müzakirəsi haqda da məlumatlar var. Amma mən Carbanın BƏƏ və Səudiyyə Ərəbisdtanına yaxınlığı üzündən onların Türkiyə sərhədi yaxınlığında iştirakına çox da inanmıram”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə