XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 22:40

TACİKİSTANDA “RƏNGLİ İNQİLAB” HAZIRLIĞI- Hökumət çaşqınlıq içində: hədəfdə QHT-lər və radikal dindarlardır

Ölkədə stabilliyin pozulmasından ehtiyat edən Tacikistan hökuməti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətini nəzarətə götürməyə çalışır. Yerli mətbuatda bəzi QHT-lər açıq şəkildə “dağıdıcı” kimi təqdim olunur. Eyni zamanda ölkədə çoxsaylı strukturlar var ki, cəmiyyətdə baş verənlərlə bağlı informasiya toplayır və bu məlumatları beynəlxalq aləmə ötürürlər. Bu da təbii olaraq respublika rəhbərliyinin xoşuna gəlmir.

Ötən il Tacikistanda 1718 QHT xaricdən təqribən 80 milyon dollar dəyərində maliyyə alıb. Bunu bu gün mətbuat konfransında ölkənin ədliyyə naziri Rustam Şoxmurad açıqlayıb. Nazirin dediyinə görə, pullar müxtəlif valyutalarda daxil olub – 58 milyon dollar, 8 milyon avro, 2,5 milyon funt sterlinq, 6,5 milyon İsveçrə frankı, 8 milyon rubl və 78 milyon somoni (təqibən 8 milyon dollar).

Nazir bildirib ki, qrantları əsasən, fəaliyyətlərində insan haqları və sosial sektoru əhatə edən QHT-lər alıb.

Ötən il xarici sponsorların yardımı bir qədər azalıb. Belə ki, 2017-də xaricdən alınan maliyyənin həcmi 100 milyon dollar idi. Azalmaya baxmayaraq, xaricdən verilən dəstək yerli hakimiyyəti narahat edir.

QHT-lərin fəaliyyətinə nəzarəti gücləndirmək üçün ölkədə mütəmadi olaraq yeni qanunlar qəbul olunur. Məsələn, 2016-cı ildə qəbul edilən qərara əsasən, bütün QHT-lərin üzərinə, xaricdən aldıqları pullar barədə 10 gün ərzində məlumat vermək öhdəliyi qoyulub. 2017-ci ildə parlament bu normanı qanuna çevirib. Və QHT-lərə aldıqları (eləcə də Tacikistanın fiziki və hüquqi şəxslərindən alınan) bütün vəsaitlər haqqında məlumat vermək öhdəliyi qoyulub.

Tacikistan Milli Bankının sədr müavini Xamidullo Maşrabzoda “İctimai birliklər haqqında” qanuna düzəlişləri təqdim edəndə bəyan etdi ki, bu dəyişikliklər cinayət yolu ilə əldə edilən pulların “yuyulması” cəhdlərinin qarşısını almaq üçündür. Maşrabzoda bu açıqlaması ilə bir növ xaricdən maliyyələşən QHT-lərin fəaliyyətinin xarakterinə işarə vurmağa çalışdı.

Tacikistan hakimiyyətinin narahatlığına həqiqətən də əsas var. Mütəxəssislərin qənaətinə görə, xarici strukturlar, xüsusən də Qərb strukturları 2000-ci illərdən fəallıqlarını artırmağa başlayıblar. Hazırda Tacikistanda «Freedom House», «Internews Network», «Eurasia Foundation» kimi iri Qərb təşkilatları fəaliyyət göstərir.

Hökumətin dediyinə görə, bir çox QHT-lərin fəaliyyəti birbaşa USAID-lə koordinasiya olunur. Bu qurum 1992-ci ildən bu yana Tacikistandakı QHT-lərə 1 milyard dollardan çox qrant ayırıb.

Bəzi qurumlar mütəmadi olaraq hesabatlar hazırlayıb, Tacikistanı avtoritar və antidemokratik ölkə kimi xarakterizə edir. Qənaət isə ölkədə keçirilən sosioloji sorğular vasitəsilə formalaşır. Məsələn, ard-arda neçə ildir ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun nəzarətində olan strukturlar (NİD) Tacikistanın Soqdiskaya vilayətindəki fermer təsərrüfatları və istehsal obyektlərinin rəhbərlərinə 25 min dollaradək vəsait ayırır. Formal olaraq pullar kiçik və orta biznesə ayrılır. Lakin əvəzində tələb qoyulur ki, qrant alanlar öz fəaliyyətləri və çətinlikləri barədə hər ay hesabat təqdim etsinlər. Bu hesabatlarda yerli məmurların onlara yaratdığı maneələr barədə də məlumat verilməlidir. Məsələn, 2017-ci ilin martında Tacikistandakı özəl şirkətlər arasında respublika sakinləriinin siyasi seçimləri və dini inanclarına dair sosioloji sorğunun keçirilməsi ilə bağlı tender elan olunmuşdu.

Tacikistan KİV-ləri xaricdən maliyyələşən QHT-lərin fəaliyyətini təsvir edərkən həmişə postsovet məkanının digər ölkələrində baş vermiş “rəngli inqilabları” yada salırlar. Onların qənaətinə görə, Qərbin Qırğızıstan, Gürcüstan və Ukraynada təşkil etdiyi hakimiyyət dəyişikliyi bu ölkələrə xaos və iqtisadiyyatın tənəzzülündən başqa heç nə gətirməyib.

Yerli jurnalistlərin yazdığına görə, amerikalılar 2014-cü ildə Ukraynada hakimiyyətin dəyişməsi üçün 5 milyard dollar xərcləyiblər. Tacikistanda isə destabilizasiya üçün daha az resursa ehtiyac olacaq.

Əslində ölkə rəhbərliyi siyasi stabilliyə əsas təhlükəni demokratiyanı bərqərar etmək cəhdlərində görmür. Onsuz da ölkədə güclü müxalifət partiyaları yoxdur. Hakimiyyətin əsas ehtiyat etdiyi radikal dindarlardır.

“Freedom House”un Tacikistanda insan haqlarının vəziyyətinə dair ötənilki hesabatında əsas problem kimi həm də İslam Dirçəliş Partiyası fəallarının təqib olunması göstərilirdi. Partiya liderləri dövlətin qanunlarının dini normalara uyğunlaşdırılmasını tələb edir və hakimiyyəti ənənələrdən uzaqlaşmaqda ittiham edirlər.

1997-ci ildə Tacikistan prezidenti Emomali Raxmon İslam Dirçəliş Partiyasının lideri Səid Abdulla Nuri ilə saziş imzalayaraq, 5 illik vətəndaş müharibəsinə son qoymuşdu. Bir müddət Rahmon və adıçəkilən partiya sülh şəraitində dolandı. Lakin sonradan tərəflər arasında münaqişə başladı. 2015-ci ildən partiya ölkədə terror təşkilatı kimi tanındı, fəaliyyətinə qadağa qoyuldu. İslam Dirçəliş Partiyası bu gün hakimiyyət üçün əsas təhlükə hesab olunur. Ölkə rəhbərliyində başa düşürlər ki, təhlükə yalnız partiyanın gizli özəkləri yox, inanclıların sayının artması ilə bağlıdır.

Vəziyyətə nəzarət üçün dövlət yeni tədbirlərə əl atır. Hakimiyyətin fikrincə, bu tədbirlər cəmiyyətin dünyəvi xarakterini qoruyub saxlayacaq. Məsələn, ötən ilin avqustunda ölkədə vətəndaşlardan ənənəvi geyim və mədəniyyətə riayət etməsini tələb edən qanun qəbul edildi. “Freedom House”un məlum hesabatında bu, hicab əleyhinə addım və müsəlmanların dini inanclarına görə sıxışdırılması kimi dəyərləndiririlib.

Bütün bunların fonunda Tacikistan rəhbərliyi onu da başa düşür ki, QHT-lərə qadağa qoymaq problemin həlli deyil. Real siyasi mübarizənin olmadığı bir mühitdə QHT-lərin fəaliyyətində iştirak insanlara vətəndaş fəallığını nümayiş etdirmək üçün az qala yeganə imkan olaraq qalır. Və qeyri-hökumət təşkilatlarına qadağa qoyularsa, yoxsulluq, işsizlik və bu kimi sosial problemlər bir çox vətəndaşları çıxış yolunu gizli radikal təşkilatlarda axtarmağa sövq edə bilər.

Xüsusən də nəzərə alınmalıdır ki, İslam Dirçəliş Partiyasını hökumət özü qadağan edib və bununla da insanlara radikal qruplara meyllənmək üçün şərait yaradıb…

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə