XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 20:03

“5 MİN ƏSGƏR KOLUMBİYAYA!”- Boltonun dəftərçəsindəki qeydlər dünyanı qarışdırdı: ABŞ Venesuelaya ordu göndərir?

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dəftərçəsindəki gizli qeyd dünya mediasını qarışdırıb. Jurnalistlər dəftərçədə yazılmış «5 min əsgər Kolumbiyaya» qeydi ilə bağlı qızğın müzakirələrə başlayıblar. Qeydi Boltonun dəftərçəsindən sezən də jurnalistlər olub. İndi media bu suallara cavab axtarır – Birləşmiş Ştatlar Kolumbiyaya hərbçi göndərməyə hazırlaşırmı? Bunun Venesueladakı vəziyyətlə bir bağlılığı varmı?

Qərb dövlətləri özünü Venesuelanın yeni prezidenti elan edən Xuan Quyadonu dəstəkləsə də, yerli ordu legitim prezident Nikolas Maduronun tərəfində qalmağa üstünlük verib. Və hələ ki Quaydonun özünü prezident elan etməsi söz olaraq qalıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Boltonun bloknotundakı yazı Venesueladakı vəziyyətin müzakirəsinə həsr olunmuş mətbuat konfransından sonra peyda olub. Onun sözlərinə görə, Venesuelada vəziyyətin destabilizasiyası Kolumbiya ərazisindən həyata keçirilir.

Birləşmiş Ştatların Venesuellaya hərbçi göndərməsi fakt olmasa da, mətbuatda bu barədə yayılan söz-söhbətlər Venesuela ordusunu narahat etməyə kifayət edib.

Boltonun dəftərçəsindəki gizli qeyd

 

Ekspertlərin fikrincə, buna ABŞ-ın mümkün hərbi aksiyası kimi baxmaq olar. Özü də bu, təkcə təzyiq göstərmək deyil, həm də mümkün hərbi müdaxilə ilə bağlı şantajdır: “Birləşmiş Ştatlar hələ ki hərbi müdaxilə variantından çəkinir. Ordunun Maduronu dəstəkləməsi şəraitində bunu riskli sayır”.

Artıq Kolumbiya Xarici İşlər Nazirliyi son qalmaqalla bağlı mövqeyini açıqlayıb. Nazirlikdən bildiriblər ki, Kolumbiyaya ABŞ hərbçilərinin gəlişi planlaşdırılmayıb. Boltonun dəftərçəsində Kolumbiya ilə bağlı qeydə gəlincə, XİN rəhbəri Karlos Olmes Truxilo bunun səbəbi haqda məlumatsız olduğunu deyib.

Amerika KİV-ləri yüksək vəzifəli məmurlara istinadən yazırlar ki, ABŞ Kolumbiyaya hərbçi və hərbi texnika göndərməyi nəzərdə tutmur. Lakin ABŞ hökuməti özü hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməkdən yayınır.

Con Bolton da susqunluq nümayiş etdirir. Onun Twitter-dəki son paylaşımı Venesuelada demokratiyaya və Quaydoya dəstək xarakterli bəyanatıdır.

Nikolas Maduro

 

Venesuelada hadisələrin gərginləşdiyi gündən bu yana Maduronun tərəfində olduğunu açıq nümayiş etdirən Rusiya hökuməti bu mövqeyinə sadiq qalmaqda davam edir.

Mariya Zaxarova bir daha bəyan edib ki, ölkənin seçilmiş prezidentini (Maduronu) qeyri-legitim adlandırmaq və özünü prezident elan edən şəxsi (Quaydonu) dəstəkləmək Venesuelaya müdaxilə etmədiyini elan edən bir ölkə (ABŞ) üçün təəccüblü yanaşmadır.

Son olaylarla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovdan da açıqlama gəlib. Lavrov bildirib ki, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Venesuelaya münasibətdə etdikləri Rusiyanı olduqca narahat edir. Rusiya XİN rəhbərinin fikrincə, sözügedən ölkələr beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozurlar.

ABŞ bu gün Venesuelanın PDVSA (Petroleos de Venezuela Sociedad Anonima) dövlət neft-qaz şirkətinə sanksiya tətbiq edib. Nəticədə şirkətin ABŞ-dakı 7 milyard dollarlıq aktivi və daha 11 milyard dollarlıq hələ daxil olmamış gəliri bloklanıb.

Sanksiya qərarını pisləyən Lavrov bildirib ki, Moskva Maduronu dəstəkləmək üçün hər şey edəcək.

Xuan Quaydo

 

CNN-ə müsahibəsində Xuan Quaydo ABŞ prezidenti Donald Trampla danışdığını bildirib. Venesuela ilə bağlı hərbi ssenarinin olub-olmadığı barədə danışmaqdan isə imtina edib. O, hakimiyyətin dinc yolla ötürüləcəyi təqdirdə, Nikolas Maduro və silahlı qüvvələrin komandanlığını əfv edə biləcəyini deyib.

Quaydo ümid etdiyini bildirib ki, ordu onu dəstəkləyəcək və Maduronu hakimiyyətdən getməyə razı salmağa kömək edəcək. O, tərəfdarlarının ordu təmsilçiləri ilə danışıqlar apardığını desə də, təfərrüatlar barədə məlumat verməyib.

Venesuelalı diplomat Xorxe Valero isə BMT-nin konfransında bildirib ki, Tramp administrasiyası hərbi müdaxiləyə hazırlaşır.

Venesuela ordusunun komandanlığı Maduroya sadiq olduğunu elan etsə də, ölkənin Birləşmiş Ştatlardakı hərbi attaşesi Xose Luis Silva Quaydonu prezident kimi tanıdığını bəyan edib.

BMT-nin məlumatına görə, son bir həftədə Maduro əleyhinə keçirilən etiraz aksiyalarında 40-dan çox insan həyatını itirib, azı 850 nəfər həbs olunub. Həbs olunanlardan 77-si uşaqlardır.

Quaydo müvəqqəti prezident kimi, ABŞ, Argentina, Avstraliya, Braziliya, Kanada, Kolumbiya, Ekvador, Paraqvay və Perunun dəstəyini alıb. Maduronu isə Rusiya, Çin, Kuba və Türkiyə dəstəkləyir.

Hazırladı:

G.Hüseynova

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə