XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 00:33

Prezident İlham Əliyevin İran səfəri regional sülhə zəmin ola bilər –Təhlil

eliyev-ruhani-1

 

Prezident İlham Əliyevin İran səfəri olduqca mühüm tarixi dövrə təsadüf edir. Yaxın Şərqdə məzhəb müharibələrinin qızışdığı, Rusiya-Türkiyə arasında ziddiyyətlərin artdığı, qlobal enerji daşıyıcıları bazarında son zamanlar qeydə alınan ucuzlaşmanın neft hasilatçılarını çətin vəziyyətə saldığı, İrana qarşı sanksiyaların ləğv edildiyi bir zamanda bu səfərin baş tutması, sözsüz ki, bir çox baxımdan diqqətəşayandır.

 

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın Azərbaycan səfərinin reallaşmaması da İlham Əliyevin bu addımına fərqli bir rəng qatır.

 

İran və Azərbaycan rəhbərlərinin ikitərəfli görüşlərində müzakirəyə çıxardıqları məsələlər də xeyli maraqlıdır. İlkin məlumatlardan belə bəlli olur ki, tərəflər arasında 11 mühüm sənəd imzalanıb. Bu sənədlər iki qonşu dövlətin mədəni əlaqələrinin gücləndirilməsi, iqtisadi əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə fəaliyyət kimi  mühüm sahələri əhatə edir.

 

Prezident İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani ilə görüş zamanı səsləndirdiyi aşağıdakı fikirlər də uzun zamandan bəri iki dövlət arasında o qədər də isti olmayan münasibətlərdə yeni dövrün başlanacağından xəbər verir:

Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.

 

Azərbaycan prezidentinin iki dövlət arasındakı əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsini qeyd etməsi bundan sonrakı münasibətlərin necə olacağı barədə kifayət qədər məlumatlar verir.

 

Prinsip etibarilə, həm İranın, həm də Azərbaycanın münasibətlərini bu səviyyəyə yüksəltməkdən başqa çarələri də yoxdur. Baxmayaraq ki, ortaq tariximiz bu zamana qədər bizi birləşdirən dəyərdən çox, ayıran faktora çevrilmişdi, fəqət yerləşdiyimiz geosiyasi məkanda ortaq təhdid anlayışımız, istər-istəməz, birgə fəaliyyəti şərtləndirir.

 

Tehran üçün Bakıyla münasibətlərin yaxşılaşdırılması bir zamanlar İrana qarşı qüvvələrin əlində ən ciddi silaha çevrilən “Cənubi Azərbaycan” məsələsinin təsir dairəsini xeyli daraltmaq deməkdir.  

 

Azərbaycan üçünsə bu yaxınlaşma həm regional sifariş, həm də Yaxın Şərqi cənginə alan məzhəblərarası savaşlardan sığortalanmaq imkanıdır.

 

Sirr deyil ki, bu gün Yaxın Şərqdə eyni cəbhədə yer alan Rusiya və İranın arasında yerləşirik. Dünyanın yenidən qütbləşməsinin mərkəz xətti də məhz bu coğrafiyadan başlayır. Ötən əsrdən fərqli olaraq, geosiyasi qütbləşmənin ideoloji bazası da artıq Qərbə məxsus ideyalar deyil, İslam mərkəzli məzhəbçı anlayışlardır.

 

Ölkəmizin həm coğrafi məkan olaraq qlobal qütbləşmənin qırılma nöqtəsinə yaxınlığı, həm də mənən İslam mədəniyyətinə aid olması gərilən bu münasibətlər sistemində tərəfsiz qalmağımızı çətinləşdirir. Biz istəsək də, istəməsək də ya təkfirçi anlayışla silahlanan ideoloji axınların, ya da tarixən eyni mədəniyyəti paylaşdığımız ölkələrin yanında olmalıyıq.

 

Kəskin qütbləşmənin yaşandığı indiki dövrdə Azərbaycanın Rusiya və İran arasında “yaşıl ada” olmaq imkanları yox dərəcəsindədir. Əks halda, həm şimaldan, həm də cənubdan ciddi təzyiqlərlə üzləşə və bir çox dəyərlərimizi itirə bilərik.

 

Ölkəmizin bu qədər həssas dövründə Azərbaycan siyasi iradəsinin İranla yaxınlaşması məcburi olduğu qədər də ən rasional seçimdir.  Prezident İlham Əliyevin iranlı həmkarıyla görüşdə səsləndirdiyi bəzi fikirlər qütbləşmiş İslam dünyasında Azərbaycanın məcburi seçim haqqını İranın xeyrinə etdiyini təsdiqləyir:

“Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik”.

 

Əslində rəsmi Bakı bu qütb seçimini İlham Əliyevin İrana səfərindən xeyli əvvəl etmişdi. Bir çoxlarımız ciddi əks-reaksiya ilə qarşılasaq da, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov avstriyalı jurnalistə verdiyi müsahibəylə rəsmi Bakının mövqeyini ortaya qoymuş, Suriya məsələsində İran və Rusiyanın yanında dayandığını göstərmişdi. Prinsipcə, İran prezidenti Həsən Ruhaninin görüşdən sonra jurnalistlərə verdiyi məlumatlar da irəli sürdüyümüz ehtimalı qüvvətləndirir. İRNA-nın bildirdiyinə görə Ruhani deyib: 

“Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir”. 

 

Sözsüz ki, bu seçimin ən yaxın strateji müttəfiqimiz olan Türkiyənin indiki mövqeyi ilə üst-üstə düşməməsi təəssüf doğurur. Buna baxmayaraq, istənilən addımın bir cari, bir də perspektiv nəticələri var. Bəzən cari nəticələrin perspektiv maraqlara qurban verilməsi şərtə çevrilir və ağıllı xarici siyasət doktrinası bu addımı atmaqdan çəkinməməlidir.

 

Hazırda Türkiyənin Yaxın Şərq siyasətində tutduğu mövqenin hətta onun öz perspektiv məqsədləri üçün nə qədər rasional xətt olduğu mübahisəyə açıqdır. Uzaq müttəfiq olan, hər gün öz mövqeyini dəyişən, böyük ehtimalla şüurlu şəkildə ardıcıl siyasət yürütməyərək, regional qüvvələri üz-üzə gətirb zəiflədən və bununla da öz qlobal hegemoniyasını möhkəmlədən ABŞ-ın şirin vədlərinə uyaraq, Atatürk tərəfindən təməlləri atılan cümhuriyyətçilik prinsiplərindən getdikcə kənarlaşan AKP hökumətinin bəlkə də ən riskli hərəkəti yaxın qonşularla münasibəti korlamaq oldu. Yəqin ki, rəsmi Ankara da yenidən regional dövlətlərlə münasibətlərdə əvvəlki “qonşularla sıfır problem” prinsipinə qayıdacaq, düçar olduğu bu çətin vəziyyətdən çıxa biləcək. Və mümkündür ki, Azərbaycan yenidən öz məcrasına qayıdacaq olan bu münasibətlər sistemində körpü rolunu oynasın. Nədən ki, bu coğrafiyanın daimi sakinlərindən heç biri hər kəsi zəiflədən və özgələrin işinə yarayan münaqişənin davam etdirilməsində maraqlı deyillər və belə görünür, hər kəs münasibətləri yenidən tənzimləyən ortaq maraqlar və dostlar axtarışındadır. Kim bilir, bəlkə də İranla münasibətləri srtateji tərəfdaşlıq həddinə yüksəldən, Rusiya ilə də yaxın əlaqələri olan Azərbaycan bu xoşniyyətin əsil bəhanəsinə çevriləcək.

 

Prezident İlham Əliyevin İran səfəri zamanına təsadüf edən bəzi hadisələr də Yaxın Şərqdə üz-üzə gələn yaxın qonşuların öz münasibətlərini normallaşdırmaqda maraqlı olduğundan xəbər verir. Belə ki, səfərə heç bir aidiyyəti olmasa belə, eyni gündə İran özünün yeni Türkiyə təmsilçisinə fövqəladə və tam səlahiyyətli səfir rütbəsi verərək qardaş ölkəyə göndərdi. Ekspertlərin firkrincə, ən yüksək səfirlik ünvanı olan bu status Tehran tərəfindən indiyə qədər nadir diplomatlara verilib və ən yaxın müttəfiqlik arzusunu ifadə edir. Tehranın bu addımı, çox güman ki, regionun ən güclü dövlətlərindən sayılan Türkiyəni Səudiyyə Ərəbistanından ayırmaq və regionda birgə fəaliyyətə dəvət etmək niyyəti daşıyır.

 

Bundan bir neçə gün əvvəl isə İran Şimali İraqda məskunlaşan PKK-nı hərəkətsizliyə dəvət etdi, əks halda bölgəni tam nəzarətə görtürmək potensialını xatırladaraq onları zərərsizləşdirə biləcəyi mesajını verdi. PKK-nın İrandan çox, Türkiyəni hədəfə götürdüyünü nəzərə alsaq, bu da əslində Ankaraya verilmiş xoş niyyət mesajı idi.

 

Maraqlıdır ki, Türkiyə də artıq Suriya məsələsində əvvəlki israrçılığından tədricən uzaqlaşır. Xüsusilə, ABŞ və Rusiyanın atəşkəs sazişi bağladığı bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyaya quru qoşunları yeritmək niyyətlərinin olmadığını ifadə edib. 

 

Anlaşılan budur ki, Türkiyə də regional sülhün daha avantajlı olduğunun fərqindədir və bu, heç də təsadüfi deyil. Qardaş ölkənin rəsmi açıqlamasına görə, bu ilin ilk iki ayının ixracatı ötən illə müqayisədə 40% zəifləyib. Əsas zəifləmə isə Rusiya və İraqla əlaqələrdə qeydə alınıb. Meyvə-tərəvəz ixracatında Türkiyənin ən böyük bazarı sayılan Rusiyaya göndərilən məhsullarda bu azalma 80%-ın üzərindədir. İraqla iqtisadi münasibətlərdə isə itki 60%-ə yaxınlaşır.

 

Əslində Türkiyəylə münasibətlərin pisləşməsindən daha çox əziyyət çəkən ölkə Rusiyadır. Hər il bu ölkəyə 25 milyard dollar dəyərində qaz və neft satan Rusiya özünün ən böyük ikinci bazarını itirməkdə, yəqin ki, maraqlı olmalıdır. Regional yaxınlaşmalar, çox güman ki, Rusiyanı da Türkiyə əleyhinə mövqedən uzaqlaşdıracaq, əvvəlki müsbət tendensiyalara dönüşə zəmin hazırlayacaq.

 

Göründüyü kimi, beynəlxalq münasibətlərdə bütün şərtlər regional əməkdaşlıqları tələb edir və hər kəs uzlaşmaq üçün ortaq yol və dil axtarır. Azərbaycan özünün bu potensialından istifadə edə bilərsə, bölgənin ən çox qazanan dövlətlərindən olar və yuxarıda da qeyd etdiyimiz kimi, regional sülhün bəhanəsinə çevrilər.

 

Heydər Oğuz

Strateq.az