XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 20:58

İqtisadi fəlakətin astanasında – Hökumət antiböhran konsepsiyasını niyə təqdim etmir?

ölkə 50-60 min neftçinin əlinə baxır

Neftin qiyməti hətta 100 dollara qalxsa belə, Azərbaycan iqtisadiyyatının böhrandan çıxması dumanlı görünür. çünki iqtisadiyyatı pulla təmin edən neft sektorunun özü tənəzzülə doğru gedir. ABƏŞ-in, SOCAR-ın iki on illiyə yaxındır istismar etdiyi neft quyularında hasilat aşağı düşür. Ekspertlərin qənaətinə görə, bu, təbii prosesdir, uzun müddət istifadə olunan yataqların neftvermə qabiliyyəti azalmalıdır. Bu sahəyə yeni investisiya yatırılmır: nə ölkənin maliyyə resursları buna imkan verir, nə də xarici neft kompaniyaları, xüsusən BP buna maraq göstərir. Proqnozlaşdırılan eniş bir qədər ləngisə də, Azərbaycanın ümumi neft hasilatında böyük azalma var. Son 5 ildə neft hasilatı 51 milyon tondan 42 milyon tona düşüb. Problem bir neçə il əvvəl ən yüksək səviyyədə ABƏŞ-in operatoru BP şirkətinin qarşısında qaldırılsa da, nəticə olmadı. BP hasilatın azalma tempini dayandırmaq və artırmaq öhdləiyi götürmüşdü, amma qısamüddətli sabitlikdən o tərəfə nailiyyət əldə edə bilmədi. çünki xarici tərəfdaşlar neft sektoruna tələb olunan böyük investisiyaları yatırmaq niyyətində deyillər.

Azərbaycan 10-12 il ərzində neftdən 105 milyard dollardan artıq gəlir əldə edib. Onun, təxminən, 37 milyard dolları Dövlət Neft Fondunda saxlanılır, qalan hissəsi xərclənib. İsraf olunan, təxminən, 68 milyard dolların əsas hissəsi qeyri-neft sektoruna deyil, məmur-oliqarxiyasının himayəsində olan şirkətlərin icra etdiyi abadlıq, quruculuq layihələrinə, yol infrastrukturuna yönəldilib. Beləliklə neft pullarının əksəriyyəti gəlir gətirməyən sahələrdə “öldürülüb”.

İndi neftin qiyməti ilə bağlı bütün proqnozlar mənfidir, ilin ikinci yarısı və gələn il 55-60 dollar civarında olacağı güman edilir. Azərbaycan hökuməti də gələn ilin dövlət büdcəsində neftin qiymətini 50 dollardan hesablayacağını açıqlayıb. Maliyyə nazirinin bu bəyanatı büdcə xərcləmələrində əvvəlki israfçılığın olmayacağına ümidlər yaradır. Amma neft iynəsi üzərində oturmuş Azərbaycan iqtisadiyyatı üçün bu sayaq qənaət də böyük problemlər vəd edir. Gəlirlərin azalması ölkədə pul dövriyyəsinə, iş yerlərini təmin edən investisiya proqramlarının icrasına ciddi təsir edəcək.

Beləliklə, hökumət təxminən iki dəfə azalmış neft gəlirləri hesabına nəhəng dövlət aparatını saxlamalı, əhalinin maaş, pensiya, müavinətlərini təmin etməli, müdafiə və hüquq-mühafizə orqanlarının xərclərini əvvəlki qaydada ödəməli, qeyri-neft sektorunu stimullaşdırmalı, xarici borclarını ödəməli və s. öhdəliklərini yerinə yetirməlidir. Qeyd olunan xərcləri qarşılamaq üçün əsas etibarı ilə bir mənbə var – neft sənayesi. Hökumət bu sahədə çalışan 50-60 min insanın yaratdığı dəyərlə dövlət sektorunda bütün işləyənləri, təqaüd alanları saxlamağa məcburdur. üstəlik, iqtisadiyyatın digər sahələrini pulla təmin etməlidir. Məlumdur ki, dövlət büdcəsinin gəlirləri birbaşa və dolayısı ilə neft sektoruna bağlıdır. ölkədə ixrac potensialı olan, valyuta gətirən emal, sənaye müəssisələri çox azdır.

Gəlirlərin kəskin azalması hökuməti çox ciddi çətinliklərlə üz-üzə qoyur. Nə etməli? ölkə iqtisadiyyatını dirçəltmək üçün real proqramların icrası yaxın perspektivdə rentabelli mənbələrin yaradılmasına təminat vermir. Amma bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi vacibdir. Şişmiş dövlət aparatında struktur islahatları aparmaq, xərcləri azaltmaq, idarəetmə mexanizmlərini təkmilləşdirmək – bu da zəruri islahatdır. Amma hazırki şəraitdə onun icrası da kifayət qədər problemlər vəd edir. İxtisara düşən on minlərlə vətəndaş sosial fəlakətin girdabına yuvarlatmaq olarmı? Olmaz. Onların sosial yaşayşı hökuməti qayğılandıracaq əsas məsələdir. Daha sonra dövlət büdcəsi hesabına həyata keçirilən investisiya proqramlarının azaldılması qaçılmazdır. Bunu ölkə Prezidenti də, maliyyə naziri də bəyan edib. Bu sahədə milyardlarla vəsait dövr edir, həm yerli tikinti materiallarının istehsalını stimullaşdırır, həm də çoxsaylı iş yerləri yaradır. Deməli, maliyyələşmənin azalması nəticəsində həm sahibkarlar, həm də layihələrdə çalışanların böyük qismi gəlirlərindən məhrum olacaq.

Dövlət rəsmiləri böhrana baxmayaraq, hökumətin sosial sahədə bütün öhdəliklərini icra edəcəyini bildirirlər. Əhalinin gəlirləri yeni qiymətlərə indeksasiya olunmasa da, büdcədən ödənişlər aparılmalıdır. Bu da, təxminən, 4 milyard manat civarında vəsaitin xərclənməsini şərtləndirən öhdəlikdir. Müdafiə xərcləri 3 milyard, hüquq mühafizə orqanlarının saxlanması ümumilikdə 1 milyard manat vəsait tələb edir.

Deməli, azalan neft gəlirləri fonunda hökumət maliyyə öhdəliklərini yerinə yetirməkdə zorlanacaq. Ekspertlər çıxış yolu kimi, Dövlət Neft Fondunun ehtiyatlarının xərclənəcəyini göstərirlər. Amma bu addım qısamüddətli sabitlik vəd edir, problemlər isə olduğu kimi qalır.

Yekunda, əvvəldə qeyd olunan bir fikrə qayıdırıq ki, neftin qiymətlərinin yüksək olması Azərbaycanın sosial-iqtisadi problemlərinin həllini şərtləndirmir. Neft bumu illərində gələn gəlirlər düzgün istiqamətləndirilməyib, vaxtında perspektivli sahələrə investisiya olunmayıb. Bu gün üzləşdiyimiz çətinliklərin səbəbi bilavasitə yanlış iqtisadi siyasətdir. ölkə iqtisadiyyatı gəlir gətirmək qabiliyyətini itirməklə tamamilə neft sənayesindən asılı vəziyyətə düşüb. ölkədə əməkqabiliyyətli əhali bu və ya digər şəkildə neft sektorunda çalışan 50-60 min insanın əlinə baxır. İndi onların yaratdıqları dəyərin miqdarı iki dəfə azalıb, avtomatik olaraq ölkə böhrana sürüklənib.

Qarışdakı illərdə nəyin necə olacağı barədə proqnozlar nisbidir. Hökumət bütün hallarda ərzaq təhlükəsizliyini, əhalinin məşğulluğunu təmin etməlidir, ölkənin ixrac potensialını stimullaşdırmalıdır. İctimai müzakirələrə təqdim olunan antiböhran konsepsiyası doğru istiqaməti təyin etməyin ilk şərtidir. Hələ vaxt var…

Tuqay Kərimli

Strateq.az