XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 18:02

ƏRDOĞAN ƏSƏDLƏ GEC-TEZ UZLAŞMALIDIR:Suriya prezidentinin qəlbinə aparan yollar Moskvadan keçir – Təhlil

Stanislav Tarasov

regnum.ru, 30.01.2019

 

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə silahlı qüvvələri Suriyada əməliyyat keçirməyə hazırlığı başa çatdırıb. Onun sözlərinə görə, “terrorçular Suriyanınn Mənbic şəhərini dərhal tərk etməli, ərazinin idarəçiliyi isə yerli sakinlərə keçməlidir”. Bununla yanaşı, Suriya hökumət qoşunları kürd “Xalq Özünmüdafiə Dəstələri”nin xahişi ilə artıq 2018-in sonundan Mənbicin çevrəsinə nəzarət edirlər.

Yada salaq ki, ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qabaqlar Vaşinqtonda Suriyanın Mənbic şəhərində işbirliyi haqda sanki anlaşıb, yol xəritəsinin olduğunu bildiriblər – buna əsasən, Mənbicin rayonlarına və civarına kürd hərbi birləşmələrini əvəzləyən Türkiyənin ordu bölmələri gələcək. Amma Ankara ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarını Suriyadan çıxarmaq qərarından və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla telefon danışığından sonra Vaşinqtonun “türklərin kürdlərə divan tutmaq” istəksizliyi üzündən döyüş əməliyyatını dayandırıb. Tramp sonradan bildirib ki, Suriyada 30 km-ə yaxın dərinlikdə bufer zonası yaratmaq gərəkdir. Türkiyə hökuməti sanki razılaşmış, ancaq bildirmişdi ki, “yerli əhaliylə qarşılıqlı fəaliyyətdə olacaq” hərbçilər və kəşfiyyat vasitəsilə bu zonaya göz qoymaq niyyətindədir.

Ankara indi əməliyyata başlayacaqmı? Demək çətindir. Məsələ burasındadır ki, birincisi, ABŞ guya öz hərbçilərinin təxliyəsini qorumaq üçün Suriyaya daha altı yüz hərbçi göndərib. İkincisi, fevralın ilk günlərində Vaşinqtonda İŞİD-lə mübarizə üzrə koalisiyanın iştirakçı ölkələrinin xarici siyasət idarələri başçılarının görüşünü keçirmək nəzərdə tutulub – Dövlət Departamentinin xəbər verdiyi kimi, “Suriya və İraqda terrorçuların yeni güc toplamalarından yayınmaq naminə sabitlik və təhlükəsizliyin təminatına yardım niyyətində olan  kampaniyanın növbəti mərhələsi müzakirə olunacaq”. Bu  halda terrorçular deyəndə kürd hərbi birləşmələri deyil, İŞİD nəzərdə tutulur. Nəhayət, fevralın ortalarında Astana prosesi formatı çərçivəsində Suriya üzrə müzakirələr gedəcək. Fikrimizcə, çətin ki, Ankara bu vaxta qədər Mənbicə girməyə cürət edər, çünki bu əməliyyat qabaqkı “Fərat qalxanı” və “Zeytun budağı”ndan fərqli olaraq Türkiyə üçün çətin və qanlı ola bilər.

Bununla bağlı bu günlərdə Moskvada Rusiya prezidenti Vladimir Putin və Ərdoğan arasında baş tutan danışıqların yekunları özəl önəm qazanır. Bəzi mühm  çalarları göstərək. Rusiya tərəfi görüşə bir gün qalmış yada salıb ki, Ankaranın müəyyən edilmiş müddətdə cihadçıların tərki-silah edilməsinə şərait yaratmaq vədlərinə baxmayaraq, onların Suriyanın İdlib əyalətində irəlilədiyi müşahidə olunur. Danışıqlardan sonra isə Yaxın Şərqin bəzi KİV-ləri vasitəsilə “sızma” təşkil olundu ki, Putin və Ərdoğan Suriyada bufer zona qurmaq məsələsinin müzakirəsi zamanı Türkiyə və Suriya arasında hələ 1998-ci ildə Adanada imzalanmış sazişə toxunublar – onun şərtlərinə görə, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsində uzlaşıblar. Yeri gəlmişkən, bu məlumat Rusiya XİN başçısı Sergey Lavrov tərəfindən təsdiqlənib – “Moskva mümkün hesab edir ki, ABŞ gücləri Suriyanın şimali-qərbindən gedəndən sonra Suriya və Türkiyə birgə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi haqda uzlaşsın” və onlar “bu məqsədlə Adana sazişindən istifadə edə bilərllər”.

Lavrovun sözlərinə görə, Dəməşq “sərhəddə təhlükəsizlik rejiminin təmin edilməsi üçün bu saziş əsasında Ankara ilə işləməyə hazır olduğunu göstərir”. Bu, nəzəriyyədə Ərdoğanı Suriya prezidenti Bəşər Əsədlə şəxsi təmasların bərpa edilməsinə aparır ki, bu da Suriyada və bölgədə durumu hiss olunası və prinsipial şəkildə dəyişə bilərdi. Amma praktikada hər şey xeyli çətindir. Məsələ burasındadır ki, Adana sazişi Ankaraya Türkiyədə terrorçu elan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə mübarizə məqsədilə Suriya ərazisinin yalnız 5 km dərinliyinə müdaxilə etmək imkanı verir. Bu gün Türkiyə qoşunları Suriyanı şimali-qərb bölgələrinə və Türkiyə-Suriya sərhədinin, haradasa, 400 km-ə 2016-2018-də ora 100 km və daha dərinlərə soxulmuş türk qoşunları nəzarət edir. Suriyanın şimali-şərqi amerikalıların dəstəklədiyi, Rusiya ekspertlərinin qeyd etdikləri kimi, “Türkiyə sərhədini bir dəfə də keçməyən və Ankaraya münasibətdə heç bir düşmənlik hərəkəti etməyən” kürd hərbi bölmələrinin nəzarətində qalır.

Hələlik etməyiblər, amma kim bilir, bundan sonra nə olacaq. Məsələn, Vaşinqton Suriya və Türkiyə arasında sərhəddə özünün nəzarət məntəqlərinin qurulduğunu bildirərək bunu Suriyadan Türkiyəyə mümkün zərbələri dəf etmək cəhdiylə izah edib. Düzdür, kürdlər deyil, İŞİD tərəfindən. Ankaranın baş hədəfi belə işarə olunur – kürdlərə siyasi güc olmaq imkanı verməmək və güman etmirəm ki, Ərdoğan Dəməşqlə “Adana ruhunda” hansısa anlaşmalara gedər, amma kürdlərin nüfuzunun güclənməsi Dəməşqin də qulaqlarını şəkləndirir.

Rusiyaya gəlincə, Putin-Ərdoğan Moskva sammitindən sonra Lavrovun diliylə diqqətin Mənbicə deyil, ““Cəbhət ən-Nusra”nın nəzərdə tutulan hərbsizləşdirilmiş zonanın böyük bir ərazisini ələ keçirdiyi İdlib yaxınlığındakı durumun həll yollarına”, “İdlib üzrə təhlükəsizlik zonası ətrafında hərbsizləşdirilmiş zona yaratmaq daxil olmaqla Rusiya-Türkiyə sazişiylə nəzərdə tutulan fəaliyyətin gərəkdiyinə” cəlb edilməsi çox şeydən danışır.

Beləliklə, Türkiyə və Rusiya tərəfindən Suriyanın şimali-qərbində durumun dəyərləndirilməsində müəyyən ziddiyyətlər görürük. Amma bunlar dramatik xarakter daşımır, həm ikitərəfli, həm də İranın iştirakilə üçtərəfli format səviyyəsində birgə həll axtarmaq imkanlarını bağlamır.  Başqa məsələdir ki, Ankara belə də Amerikanın “Yaxın Şərq yelləncəyi”ndən atılmayıb, Vaşinqtonla hansısa anlaşmalardan sonra qərar alaraq “paralel siyasət” yürütməyə çalışır. Bu, Türkiyə diplomatiyasının tarixi ənənəsidir, amma bunun resursları tükənməkdədir. Belə ki, Ərdoğan Əsədlə gec, ya tez uzlaşmalı, Suriya münaqişəsinin tənzimlənməsi üzrə addımları onunla müzakirə etməli və Türkiyənin “Milliyet” nəşrinin gördüyü kimi, yeri gəlmişkən, iki ölkənin uyğun idarələri arasında hər halda gizlicə mövcud olan təmas səviyyəsində “inamın möhkəmləndirilməsi üzrə tədbirlər hazırlamalı”olacaq. Bütün körpülər yandırılmayıb.

Çavuşoğlu bu haqda deyir: “Biz Dəməşq administrasiyası ilə onsuz da dolayısıyla əlaqə saxlayırıq”. Ərdoğanın hərbi məktəb tələbələri qarşısında çıxış zamanı verdiyi bəyanat var: “Biz görürük ki, Putinlə danışıqlarımızın gedişində müzakirə etdiyimiz Adana sazişini yenidən gündəmə gətirmək gərəkdir…” Amma Ankara öz cibində alternativ oyun masası olduğuna ümid edincə böyük oyun sürəcək.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə