XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 22:36

“TROLL FABRİKİ”NİN, MUZDLU HƏRBÇİLƏRİN ŞEFİ…- Putinin "aşpazı" Yevgeni Priqojin "qara qitəyə" niyə pul axıdır?

Putinin “aşpazı” kimi tanınan, Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin yenidən mətbuatın gündəminə gəlib. BBС-nin Rusiya xidməti üzə çıxarıb ki, Mərkəzi Afrika Respublikasındakı (MAR) “Lenqo sonqo” (“Həmrəylik yaradırıq”) radiostansiyası Priqojinin maliyyəsi ilə açılıb. Bu radiostansiya ölkənin hazırkı prezidenti Tuader Fosten-Arkanjın seçkiönсəsi kampaniyasına hazırlıq çərçivəsində bir müddət əvvəl fəaliyyətə başlayıb.

Tuader Fosten-Arkanj 2020-сi ildə yenidən seçkilərə qatılmaq və qələbə qazanıb prezidentliyinin ikinсi müddətinə başlamaq niyyətindədir. Yeni radio layihəsindən də göründüyü kimi, Rusiya bu qələbənin reallaşması üçün heç nəyi, eləсə də maliyyəni əsirgəməyəсək.

Onu da qeyd edək ki, bu, Priqojinə bağlı olan strukturların adıçəkilən ölkədə ilk işi deyil. Bundan əvvəl həmin strukturlar Mərkəzi Afrika Respublikasında futbol turnirləri, gözəllik müsabiqələri keçiriblər, uşaqlar üçün meydançalar tikiblər. İndi də seçkiönсəsi kampaniyanın planlaşdırılmasına yardım edirlər.

Priqojinin pulları ilə açılan “Lenqo sonqo” yerli əhali üçün əsas informasiya mənbəyidir. Radio rəhbərliyi Mərkəzi Afrikada populyar olan jurnalist Fred Kroku işləməyə dəvət edib. Öz növbəsində Krok da söz verib ki, efirdə siyasi mövzular müzakirə olunaсaq, debatlar keçiriləсək və dinləyiсilərlə söhbət edəсək.

Deyilənlərə görə, bir müddət radioda efir sonrası rus və sovet musiqiləri səsləndirilirmiş. Məsələn, “Vstavay, strana oqromnaya” kimi…

2015-ci ildəki seçki kampaniyasında Fosten-Arkanj seçicilərə söz vermişdi ki, müsəlmanlarla xristianların qarşıdurmasından sonra yaranan gərginlik aradan qalxacaq və respublikada təhlükəsizlik təmin olunacaq.

Mərkəzi Afrika Respublikasında xrisitanlarla müsəlmanlar arasında toqquşmalar, müsəlmanlara qarşı qətliamlar uzun müddət ənənə halını almışdı. Ölkədə siyasi böhran 2012-ci ildə müsəlman “Seleka” silahlı qruplaşmasının hakimiyyətə qarşı çıxmasından sonra başlayıb. Xristian “Antibalaka” ilə “Seleka” arasındakı qarşıdurma nəticəsində əksəriyyəti müsəlmanlar olan minlərlə insan həyatını itirib.

2013-cü ilin martında “Seleka” prezident Fransua Bozizeni devirdikdən sonra öz lideri Mişel Cotodianı hakimiyyətə gətirdi. Lakin bundan sonra vəziyyət yenidən gərginləşdi. 2014-cü ilin yanvarında beynəlxalq birliyin təzyiqi nəticəsində MAR-ın ilk müsəlman prezidenti Mişel Cotodia istefaya getmək məcburiyyətində qaldı. Tuader Fosten-Arkanjın hakimiyyətə gəlişindən sonra siyasi böhran başa çatsa da, zaman-zaman yenə də şiddətli qarşıdurmalar olur.

Priqojinin timsalında Rusiyanın Mərkəzi Afrikadakı bağlantıları ilə bağlı mətbuatın yazdıqlarından o da məlum olur ki, ölkədə təlimatçılar Moskvanın “Vaqner” qrupunun əməkdaşlarıdır. Onların da Priqojinlə bağlılığının olduğu deyilir.

Paytaxt Bangidə Rusiyadan olan siyasi texnoloqlar, tərcüməçilər, qiymətli daşlar üzrə mütəxəssislər işləyir. İddialara görə, hər işçinin namizədliyi şəxsən Priqojin tərəfindən təsdiqlənir. Rusiyalı iş adamına bağlı olan bir şirkət MAR-dakı qızıl, almaz və digər faydalı qazantı yataqlarının kəşfiyyat və hasilatı üçün lisenziya alıb.

Rusiyalı iş adamı Mərkəzi Afrikadakı fəaliyyətinə dair iddiaları inkar edir. O, BBC-yə bildirib ki, MAR-dakı radiostansiya ilə, ümumiyyətlə, bu ölkədəki hər hansı şirkətlə əlaqəsi yoxdur.

Hələ ötən ilin sonlarında nüfuzlu media orqanı “Bloomberg” Priqojin haqda yazmışdı ki, Putinin baş aşpazı kimi tanınan bu sirli iş adamının Ukraynanın bir hissəsini ələ keçirməkdə, Suriya savaşında vəziyyəti dəyişməkdə və ABŞ seçkilərinə müdaxilədə Kremlə kömək etdiyi iddia olunur: “İndi o, yeni üsulla pul qazanmaq üçün muzdlu əsgər və həkimlər ordusu sayəsində Afrikanın dərinliklərinə nüfuz edir. Priqojin və onun muzdlu əsgərləri maddi ehtiyatlar və digər imkanlar əvəzinə təhlükəsizlik, silah təchizatı və seçkidə PR xidməti təklif edirlər. Priqojin öz biznesi ilə Kremli bəzi ehtiyatlarla təmin edir. 2014-cü ildə dövlətə xidmətə görə Priqojini mükafatlandırarkən, Putin onu uzun illərdir Vaşinqtonun əmri ilə hökumətləri devirməkdə ittiham etdiyi amerikalı milyarder Corc Sorosla müqayisə etmişdi”.

Ötən ilin iyulunda MAR-da üç rus jurnalisti öldürüldü – Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko. Jurnalistlər Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bu ölkədəki fəaliyyəti barədə film çəkərkən qətlə yetiriliblər. Bu filmin çəkilməsini nəzərdə tutan layihəyə vəsaiti Kremlin qatı əleyhdarı olan Mixail Xodorkovskinin “Təhqiqatların İdarə Olunması Mərkəzi” ayırmışdı.

Xodorkovskinin iddiasına görə, jurnalistlər bu ölkədə Priqojinin qara işlərini araşdırırmışlar. O, jurnalistlərin qətlində Rusiyanın iştirakına dair dəlillərə malik olduğunu, lakin hələlik bu dəlilləri açıqlamaq istəmədiyini bildirir.

Priqojinə gəlincə, Kremlin opponenti hesab edir ki, Rusiyanın əlinin altında həmişə belə adamlar olub: “Amma hesab edirəm ki, indi oyunu QRU, FTX və digər böyük batalyonlar aparırlar. Onlar Priqojini sadəcə olaraq qabağa veriblər və etdiklərini onun ayağına yazırlar”.

Yevgeni Priqojin və onun şirkətləri Rusiyanın əsas ərzaq təchizatçılarıdır. Qida məhsulları ilə bağlı dövlət sifarişlərinə nəzarət etdiyi üçün mətbuat onu “Putinin aşpazı” adlandırır. O, həm özəl hərbi şirkət olan “Vaqner”ə, həm də Sankt-Peterburqda “troll fabriki” kimi tanınan İnternet Araşdırmaları İnstitutuna rəhbərlik edir.

Priqojinin adı həm Vaşinqtonun sanksiya siyahısında, həm də ABŞ-da Tramp və ətrafının Rusiya ilə mümkün əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin “qara siyahısında” yer alıb.

Putinlə Priqojinin yolları 2001-ci ildə kəsişib. Həmin vaxt restoranında Putinə şəxsən xidmət edən Priqojin özünü Kreml rəhbərinə bəyəndirə bilib. Putinin əsas tənqidçilərindən olan Aleksey Navalnı Priqojinin iki dəfə həbsdə olduğunu və üst-üstə 9 il cəza çəkdiyini bildirib.

Navalnı Putinin “aşpazı” barədə ötən il ifşaedici araşdırma da aparmışdı. Araşdırmada Priqojinin qanunsuz fəaliyyətindən və bu yolla yığdığı sərvətdən bəhs olunurdu.

Hazırladı: G.Hüseynova

Strateq.az