XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 23:17

QƏTƏR ŞEYXİ, TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, OMAN XİN RƏHBƏRİ…- BƏƏ amerikalı kəşfiyyatçıları casusa çevirərək siyasətçiləri və diplomatları necə izləyib?

ABŞ güc strukturlarının keçmiş əməkdaşlarına istənilən xarici hökumətin lobbiçiliyini aparmaq qadağan olunacaq. Qadağanın tətbiqinə yaxın vaxtlarda başlanacağı bildirilir. Artıq bununla bağlı “Kəşfiyyat xidmətləri direktorlarının lobbiçiliyinin qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb. Qadağa təşəbbüsü ilə çıxış edənlər Demokratlar Partiyasının konqresmenləridir.

Təşəbbüsün ortaya çıxmasına səbəb kimi, xüsusi prokuror Robert Müllerin araşdırması göstərilir. Həmin araşdırmaya görə, ABŞ prezidentinin keçmiş köməkçisi Maykl Flin Türkiyə hökumətinin xeyrinə lobbi fəaliyyəti ilə məşğul olub.

«General Flinin Türkiyə və Rusiya ilə əlaqələrini nəzərə alaraq biz kəşfiyyat orqanları rəhbərlərinin digər dövlətin maraqları üçün lobbiçilik etməmələrini və ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükəyə atmamalarını təmin etməliyik”, – deyə Texasdan olan konqresmen Xoakin Kastro bildirib.

Bu, məsələnin rəsmi və görünən tərəfidir. Qeyri-rəsmi tərəfi isə daha diqqətçəkəndir. Bəzi iddilara görə, qanun layihəsinin gündəmə gətirilməsini “Reuters” agentliyinin bugünlərdə dərc etdiyi qalmaqallı araşdırmada yer alan faktlar zəruri edib. Söhbət, dünya mətbuatında geniş müzakirələrə yol açan “Raven” layihəsindən (“Project Raven”) gedir.

Araşdırmadan məlum olur ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşları Birləşmiş Ərəb Əmirliklərində təkcə məsləhətçi kimi xidmət göstərməyiblər. Eyni zamanda BƏƏ-yə işləyərək amerikalıların izlənməsində iştirak ediblər.

“Reuters” özünün təhqiqatında üzə çıxarıb ki, BƏƏ-nin hazırladığı “Project Raven” çərçivəsində ABŞ kəşfiyyatının keçmiş üzvlərindən ibarət gizli komanda qurulub. Komandaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ələ alınmış 20-yə yaxın mütəxəssis cəlb olunub. Qrupun fəaliyyəti Abu-Dabini keçən şəxslərin izlənilməsindən ibarət olub. Bu şəxslərə terrorçu dəstələrin üzvləri də daxildir, ərəb monarxiyasını tənqid edən hüquq müdafiəçiləri və müxalifətçilər də.

“Raven”in əməkdaşları Abu-Dabidə xüsusi təchiz olunmuş “Villa” adlanan evdə yaşayıblar. Sonradan layihənin adını “DarkMatter”lə əvəzləyiblər.

Lori Stroud

 

Layihə barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Lori Stroud sayəsində xəbər tutmaq mümkün olub. Stroudu agentliyi tərk edəndən iki həftə sonra ələ alıblar.

Lori Stroud ABŞ Milli Təhlükəsizlik Agentliyində 10 il işləyib – əvvəlcə (2003-2009-cu illərdə) sıravi işçi, sonra (2009-cu ildən 2014-cü ilədək) isə nəhəng texnologiya şirkəti “Booz Allen Hamilton” üçün podratçı kimi. Stroudun işi Çin kimi xarici dövlətlərin kompüter sistemlərində mövcud olan zəiflikləri axtarmaq və hansı məlumatların dəyərli olduğunu təhlil etmək idi.

2013-cü ildə hər şey kəskin şəkildə dəyişib. Stroudun sözlərinə görə, Havay adalarında işləyərkən böyük səhvə yol verib. O, öz komandasına “Dell” şirkətinin texniki Edvard Snoudeni cəlb etməyi məsləhət görüb. Bu həmin Snoudendir ki, sonradan Milli Təhlükəsizlik Agentliyinin ABŞ və başqa ölkələrdə insanları necə dinlədiyini ifşa etmiş və xeyli dövlət sirrini dünya mediasına ötürmüşdü.

«O, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşıdır, yerlidir və “təmizdir”, – deyə Stroud Snoudeni rəhbərliyə təqdim edib. Snoudenin ifşası ictimailəşəndən sonra Lori Stroud da işini itirməli olub. Lakin Stroud işsiz qalmır. Və köhnə işindən uzaqlaşdırılandan cəmi iki həftə sonra Birləşmiş Ərəb Əmirlikləri onu ələ almağı bacarır.

Lori Stroud də “Project Raven”ə cəlb edilir. O və layihədəki digər amerikalılara ABŞ vətəndaşlarını izləmək barədə təlimat verilir.

Edvard Snouden

 

«Agent Stroud “Procect Raven”in məxfi casus komandasına cəlb edilir. Komandada ABŞ kəşfiyyatının Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ələ alınmış ondan artıq keçmiş əməkdaşı işləyirdi. Onların vəzifəsi digər hökumətləri, həmçinin BƏƏ iqtidarını tənqid edən yerli jurnalist və hüquq müdafiəçilərini izləmək idi”, – deyə “Reuters” yazır.

Bu arada, Lori Stroud istintaqla əməkdaşlıq etməyə razılıq verib. Stroudun sözlərinə görə, Abu-Dabidə böyük villada işləyiblər, əsasən də telefonların və komtüterlərin “qırılması” ilə məşğul olublar.

Komanda kibercasusluğun ən yeni üsullarından istifadə edib. Məsələn, “Karma” haker proqramı vasitəsilə siyasilərin, diplomatların iPhone-larına daxil olublar, oradan şəxsi yazışmaları, fotoları, səsli mesajları, şifrələri oğurlayıblar.

Bilgi və məlumatları oğurlananlar arasında Qətər şeyxi Tamim ət-Tani, Türkiyənin keçmiş baş nazirinin müavini Mehmet Şimşək, Omanın xarici işlər naziri Yusuf ben Ələvi ben Abdulla, Yəməndən olan siyasi fəal və Nobel sülh mükafatı laureatı Təvəkkül Karman da var.

“Karma” proqramı haqda deyilənləri “Reuters”ə adının açıqlanmasını istəməyən digər 8 layihə iştirakçısı da təsdiqləyib.

Üç il sonra layihədəki amerikalılar görüblər ki, onların hədəfləri daha çox ABŞ vətəndaşlarıdır. Agentlərin dediyinə görə, bu, onlar üçün keçmək istəmədikləri “qırmızı xətt” demək idi. Nəticədə bəzi amerikalı agentlər “Project Raven”dən çıxmağa başlayıb.

«Belə çıxır ki, mən başqa ölkənin amerikalıları pusan xarici kəşfiyyatına işləyirdim. Amerikalılar amerikalıları izləməməlidirlər”, – Stroud bildirib.

Abu-Dabidə deyirmişlər ki, izlənmə ekstremistlərdən gələ biləcək terrorizm təhlükəsi ilə bağlıdır. Və onlar bu işdə Birləşmiş Ştatlarla əməkdaşlıq edirlər.

ABŞ hökumətinin bu izləmədən xəbərdar olub-olmadığı məlum deyil. Lakin o məlumdur ki, BƏƏ “Project Raven”dəki şöbələrin sayını artırıb. Onların əksəriyyəti indiyə qədər fəaliyyət göstərir və amerikalılardan gizlədilir.

Federal Təhqiqatlar Bürosu isə bu iş üzrə apardığı araşdırmada ən çox ABŞ Milli Təhlükəsizlik Agentliyinin gizli iş metodlarının BƏƏ-yə sızıb-sızmadığını öyrənməyə çalışır…

Hazırladı: G.Hüseynova

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə