XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2019 - 23:50

ÖGEY ATA İLƏ BÖYÜYƏN, AŞPAZLIQ EDƏN, BİZNESİNƏ QARAJDA BAŞLAYAN CEFF BEZOS…- Texnodünyanın milyarderə çevirdiyi adam

“Amazon” şirkətinin sahibi Ceff Bezos ötən ilin martında dünyanın ən varlı adamlarının reytinqində “Microsoft”un yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəldi. İndi bütün dünya 55 yaşlı Bezosun qazandığı milyardları maraqla müzakirə edir. Təkcə son bir ildə onun kapitalı iki dəfə artaraq 150 milyard dollara yüksəlib və hazırda bu baxımdan yalnız “Apple”dan geri qalır.

Ceff Preston Bezos 1964-cü il yanvarın 12-də ABŞ-ın Nyu-Meksiko ştatında dünyaya gəlib. Bir neçə il sonra Cefin anası həyat yoldaşı Ted Yorgensenlə boşanıb və Kubadan olan immiqrant Mayk Bezosla ailə qurub. Mayk Cefi oğulluğa götürərək ona öz soyadını verib.

Uşaq yaşlarından texnikaya maraq göstərən Ceff məktəbi bitirəndən sonra Prinston universitetində elektron mühəndisliyini oxuyub və 1986-cı ildə oranı qırmızı diplomla başa vurub.

İşlərin bu nöqtəyə gəlməsində Bezosun valideynlərinin də rolu az olmayıb. Onlar oğullarının biznesinə ilk sərmayə qoyanlardan olublar və 1995-ci ildə “Amazon”a 245 min dollar yatırıblar.

1999-cu ildən bu yana Bezosların sərvəti barədə məlumat verilmir. Yalnız o məlumdur ki, cütlük 2001-ci ildən 2016-dək “Bezos Family Foundation”a 595 səhmini bağışlayıb. Sözügedən fond təhsil təşəbbüslərinin dəstəklənməsi üzrə ixtisaslaşıb. “Bloomberg” ehtimal edir ki, hazırda Ceff Bezosun valideynlərinin sərvəti təqribən 30 milyard dollardır.

“Amazon”un 560 minlik əməkdaşı sutka boyu fasiləsiz olaraq 100 milyondan çox istifadəçiyə xidmət göstərir. İnformatika və elektrotexnika üzrə mütəxəssis olan Ceff məşhur Uoll-Stritdə özünə yaxşı karyera qura bilərdi. Lakin o, bu perspektivi gələcəyi qeyri-müəyyən olan elektron ticarətə dəyişdi.

Onun rəhbərliyi ilə ilk dəfə 1995-ci ildə kitab satışı ilə məşğul olan onlayan-mağaza fəaliyyətə başladı. Sonradan şirkət böyüyərək nəhəng “imperiyaya” çevrildi. İndi burada təkcə kitab yox, ayaqqabından tutmuş, məişət əşyalarına qədər istənilən məhsulun satışı və çatdırılması həyata keçirilir. Deiylənlərə görə, bu gün amerikalılar həyatlarını “Amazon”suz təsəvvür edə bilmirlər.

“Bilirdim ki, 80 yaşıma çatanda risk etdiyim üçün peşman olmayacam. İnternetin imkanları ilə tanış olanda başa düşdüm ki, bu, mənim həyatımı dəyişə bilər. Sadəcə başlamaq lazımdır. Mən hətta uğursuzluqla üzləşsəydim belə, daha az peşman olardım. Və başlamadığım üçün özümü qınayardım. Biznesdə tez-tez sual olunur – niyə? Yaxşı sualdır. Amma daha qiymətli sual budur – niyə də yox?”.

1999-cu ildə ABŞ-ın “Time” jurnalı tərəfindən “İlin adamı” seçilən Ceff Bezos 2000-ci ildə biznesinin əhatə dairəsini genişləndirərək “Blue Origin” aerokosmik şirkətinin əsasını qoyub. Şirkət 2015-ci ildə kosmosa test uçuşları həyata keçirməyə başlayıb. Bununla da kifayətlənməyən Bezos 2013-cü ildə 250 milyon dollara “The Washington Post” nəşriyyatını satın alıb.

Bezosun ABŞ-da böyük torpaq sahələri var. Sahib olduğu torpaq sahələrinin sayına görə Birləşmiş Ştatlarda 25-ci yerdədir.

Yaxşı yuxunun vacib olduğunu düşünən Bezos hər gün zəngli saatın köməyi olmadan oyanır və səhər yeməyini özü hazırlayır. Maraqlı rituallarından biri də milyarderin yeməkdən sonra qabları yumasıdır. Bezos “qabyuma mərasimini” əsla qaçırmadığını deyir. Və hesab edir ki, bu, gördüyü işlərin ən cəlbedicisidir.

“Amazon”u qurmamışdan əvvəl bir müddət “Mcdonald’S”da aşpaz işləyən Сeff orada müştərilərə tez xidmət etməyi və yumurtanı bir əllə qırmağı öyrəndiyini deyir.

Direktorlar Şurasının iclaslarını və sərmayəçilərlə görüşləri o qədər də sevməyən Bezos bu cür toplantıların sayını mümkün qədər azaldır. Az qala, iş yerində yaşayan iş adamlarından fərqli olaraq Ceff Bezos iş və şəxsi həyatda balans konsepsiyasının tərəfdarıdır: “Daha dəqiqi, mən balansa yox, harmoniyaya üstünlük verirəm. İş və şəxsi həyat bir-birindən asılı olmamalıdır. Mən həm evdə, həm işdə xoşbəxtəm. Çox yaxşı atayam. Əgər evdə xoşbəxtəmsə, işə də enerjili gəlirəm. Mən həm də yaxşı işçi və yaxşı həmkaram”.

Ceff və Makkenzi

 

Bu arada, Bezos bu ilin əvvəlində yazar xanımı Makkenzi Tattl ilə boşandıqlarını elan edib. “Biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq. Ortaq layihələrdə bundan sonra da tərəfdaş qalmağa davam edəcəyik”, – deyə cütlüyün birgə bəyanatında qeyd olunurdu.

ABŞ mətbuatı isə yazır ki, boşanmanın gerçək səbəbi milyarderin teleaparıcı Loren Sançeslə münasibətidir. Prodüser Patrik Uaytselin həyat yoldaşı olan Loren hələ də ərindən boşanmayıb.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var. 25 illik evlilik həyatı olan cütlük hələ “Amazon”un qurulması planlaşdırılmayan dönəmlərdə tanış olublar. Həmin vaxt Ceff “D.E. Shaw” adlı sərmayə şirkətinin vitse-prezidenti idi. Makkenzi isə orada analitik kimi fəaliyyət göstərirdi.

Ceff də, Makkenzi də Prinston universitetində təhsil alıb. Lakin onlar ilk dəfə universitetdə yox, Bezosun işlə bağlı keçirdiyi müsahibədə qarşılaşıblar. Gənclər zamanla münasibət qurmağa başlayıblar. Makkenzi etiraf edir ki, Ceff onun qəlbini gülüşü ilə fəth edib. Elə münasibətlərdə də ilk addım Makkenzidən gəlib. O, Cefi yeməyə dəvət edib və üç ay sonra nişanlanıblar.

Sonradan Bezosu “D. E. Shaw”dakı işindən azad ediblər və o, içərisində hər şeyin satıldığı onlayan-mağaza qurmağa qərar verib. Həyat yoldaşının potensialına inanan Makkenzi onun qərarını dəstəkləyib və özü də şirkətin ilk əməkdaşı olub. “Amazon”dakı bütün mühasibatlıq işlərini üstlənib.

Onlayn-ticarət ilk olaraq kitab satışı ilə başlayıb. Həmin vaxt Bezosun normal ofisi belə olmayıb. 10 min dollarlıq yatırımla başlayan işlər bir neçə proqramçı ilə birgə qarajda görülüb. Satışlar sürətlə artmağa başlayanda vəziyyətin belə dönüşünü gözləməyən Ceff işlərin öhdəsindən tək gələ bilməyəcəyini anlayıb. Və sərmayəçilər cəlb etməyə başlayıb.

1996-cı ildə “Amazon”da artıq 150 nəfər işləyirdi. Ceff özü çox çalışqan olduğundan bütün əməkdaşlardan da bunu tələb edirdi. Bu rejimlə işləməyənlər isə şirkətdən uzaqlaşdırılırdı. 1998-ci ildə çeşid artmağa başladı. Kitablara musiqi diskləri, video-kasetlər, oyuncaqlar və elektronik məhsullar əlavə olundu. Şirkətin ilk gəlirli rübü isə 2002-ci ildə oldu.

“Mən yaxşı barmen ola bilərdim. Düzdür, bir qədər asta barmen olardım. Kokteyl hazırlamaq xoşuma gəlir. Buna bir sənət kimi yanaşıram. Mənim barımda belə bir cümlə yazılmış lövhə olardı: “Siz bunun tez, yoxsa yaxşı olmasını istəyirsiz?”, – deyə Ceff bildirir.

“Amazon” ideyası iflasa uğrasaydı, nə ilə məşğul olardınız?” sulını isə milyarder belə cavablandırıb: “Yəqin ki, xoşbəxt proqramçı olardım. Hər birimizin həyatında iki süjet var. Birincisi təhlükəsiz və rahat. İkincisi, riskli, eksperimentlərlə dolu, enişli-yoxuşlu. Mən birmənalı olaraq ikinci variantı seçirəm…”.

Bu arada, Ceff Bezos “Amazon” sözünü lüğətdən axtarıb tapıb. Dediyinə görə, markanın ilk hərfinin “A” olmasını istəyib və əlifbanın ilk sırasında yer almağın fərq yarada biləcəyini düşünüb. Lüğətdən “A” hərfi ilə başlayan sözləri araşdırarkən dünyanın ən böyük çayı olan “Amazon”a rast gəlib və bu ad üzərində dayanmaq qərarı verib. Qərarını isə bir gün şirkətinin də bu qədər böyük olması arzusu ilə əsaslandırıb.

“Amazon”da işçilər üçün orta aylıq əmək haqqı 28 min 446 dollardır. Ceff Bezos isə şirkətdən bütün xərclər daxil edilməklə, illik 1 milyon 681 min dollar alır. “Amazon”un 80 milyon səhmindən gələn gəlir bu məbləğə daxil deyil.

Hazırladı: G.Hüseynova
Strateq.az