XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 12:22

PAŞİNYAN TEHRANDAN, ZURABİŞVİLİ BAKIDAN HANSI MESAJLAR VERDİ? –Yeni liderlərin köhnə siyasəti davam etdirmək vədləri - TƏHLİL

Əziz Rzazadə

Strateq.az

 

Fevralın 27-də Bakda və Tehranda sinoptiklərin verdiyi proqnoz eyni idi – yağış, elə siyasi gündəm də – Qafqaz. Gürcüstan prezidenti Salome Zurabişvilini Azərbaycan paytaxtında qarşılayırdılar, Ermənistan baş nazirini İranın baş şəhərində.

Hər iki qonaq öz ölkələrində yeni iqtidarları təmsil etdiyindən ikitərəfli münasibətlərin hansı məcrada gedəcəyi müəyyənləşdirilməli idi.

Danışıqlar əsnasında bir daha təsdiqləndi ki, Gürcüstan və Azərbaycan bir-birinə ehtiyaclı olduğu kimi, Ermənistan da İrana möhtacdır.

Üstəlik, son nümunədə ikincinin də birincinin ətəyindən möhkəm yapışması üçün xeyli əsaslı səbəb var. Məsələn, ABŞ-ın tətbiq etdiyi ağır sanksiyalar.

 

“Əli və Nino” sayağı?

Ermənistan baş naziri Nikol Paşinyandan fərqli olaraq, Gürcüstan prezidenti Salome Zurabişvili ilk xarici səfərinə çıxmışdı.

Mətbuata verilən birgə bəyanatlarda qonağı qəbul edən ölkənin dövlət başçısı – İlham Əliyev səfərdən əvvəl yaranmış bir çox şübhələri dağıdaraq “Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, əlaqələrimizin çox gözəl gələcəyi var”, – deyib.

Daha sonra o, ikitərəfli münasibətlərin şah cümləsini dilə gətirib: “Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”.

Bundan sonra İlham Əliyev bir çox layihələrdə əks olunan çoxsahəli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) ittifaqına əsaslandığını vurğulayıb.

Salome Zurabişvili “İndi qarşımızda duran əsas məqsəd daha böyük miqyaslı layihələri gündəmə gətirməkdir”, – deyərək əlavə edib: “Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik”.

İki ölkə arasında təkcə əməkdaşlıq deyil, rəqabəti ortaya çıxaran yeganə məqam da üzə çıxıb. “Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik”. Özünü “Şərqi Avropa” kimi təqdim edən qonşu dövlətlə “Qafqazın bu ümumi dəyəri” uğrunda yarışda rəsmi Bakının da iddiaçı olduğu yaxşı məlumdur.

Bununla belə, ümumən mədəni-humanitar sahədə əlaqələrin inkişaf aydın üfüqü görünür. Məsələn, “Əli ə Nino”ya abidənin ucaldıldığı Batumidə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi niyyəti buna bir nümunədir.

 

Zərif kölgə

Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfəri ərəfəsində rəsmi Tehran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası ilə bağlı siyasi qalmaqal yaşayırdı. Qarşılanma mərasimindən əvvəl prezident Həsən Ruhani “mill maraqlara zidd olduğu”nu əsas gətirərək Zərif istefasını rədd edib, daha sonra rəsmi mərasimdə Zərifin gülərüz çöhrəsi görünüb.

Tehrana səfərdən əvvəl Paşinyan İRNA-ya geniş müsahibə verib. Baş nazirin “Ermənistan İrəvandakı Göy məscidi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi barədə ərizə hazırlayıb” mesajının Bakıda nə cür qəzəb doğuracağını deməyə ehtiyac qalmır. Azərbaycana aid daha bir tarixi, milli mədəni sərvət göz görə-görə yad mədəniyyətin, düşmən ölkənin “tolerantlıq” rəmzinə çevrilir.

İran prezidenti və Ermənistan baş naziri Nikol Paşiyan arasında aparılan danışıqlardan sonra mətbuat üçün birgə bəyanatlar verilib.

2 sazişin və memorandumun imzalanması il bitən səfərin nəticələrindən danışarkən, Həsən Ruhaninin çıxışından çıxarıla biləcək tezislər:

– İran və Ermənistan arasında əlaqələrin daha da genişləndirilməsi təklifi;

– iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın yay mövsümünə qədər təşkili;

– milli maraqlara əsasən ikitərəfli münasibətlərə üçüncü tərəfin müdaxiləsinin yolverilməzliyi;

– mədəni, turistik, elmi-akademik əlaqələrin yeni səhifələrinin açılması;

– “Xudafərin” bəndinin və Meğri SES-in təkmilləşdirilməsi (برق و تهاتر این دو است که در این مذاکرات راجع‌به تکمیل سد خداآفرین و نیروگاه مغری بحث و گفت‌ و‌گو کردیم.);

– İKT üzrə əməkdaşlıq;

– aqrar korporasiyaların yaradılması;

– Ermənistan vasitəsilə Gürcüstana qaz və elektrik nəqli və Rusiyanın bu layihəyə cəlb edilməsi;

– Fars körfəzinin nəqliyyat infrastrukturunun Qara dənizlə birləşdirilməsi.

Ermənistan baş naziri Nikol Paşinyanın çıxışında əsas vurğular:

– İranda erməni icmasının mövcudluğuna;

– Ermənistanın Avrasiya İqtisadi İttifaqının hazırkı rəhbəri olması;

– energetika üzrə əməkdaşlıqdan razılıq;

– Gürcüstanla İran arasında qaz dəhlizinə dəstək.

(Birgə bəyanatlarda anlamadığım yeganə məqam “Xudafərin” bəndinin coğrafi məkanı idi. Həm də bu ifadəni İran KİV-lərindəki mətnlərin yalnız bir neçəsində, o cümlədən “Təsnim”də görmək mümkün idi.

Xatırlatma: 2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanıb.)

 

Paşinyanın “selfie”-si

Artıq məlumdur ki, marın 9-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri gözlənilir. Bu səfərin Nikol Paşinyanla və ya İranda aparılmış müzakirələrlə əlaqəli olub-olmadığı qaranlıq qalsa da, Ruhani-Paşinyan görüşündə qlobal və regional məsələlərlə bağlı fikirlərin paylaşıldığı gizlədilməyib.

İranın Ali Lideri Ayətullah Xamnəi də Ermənistan baş naziri ilə söhbətinə Bakı və İrəvan arasında ixtilaf nöqtəsinə toxunub. “Qarabağ məsələsi Azərbaycan və Ermənistan rəsmiləri arasında aparılan danışıqlar vasitəsilə həll edilməlidir. İran İslam Respublikası münaqişənin həlli üçün öz yardımını təklif etməyə hazırdır”.

رهبر انقلاب اسلامی همچنین حل موضوع قره‌باغ را در گرو استمرار مذاکرات میان مقام‌های ارمنستان و آذربایجان دانستند و آمادگی جمهوری اسلامی ایران را برای کمک به حل این مشکل اعلام کردند.

Rəsmi Tehranın kömək vədi ilə bərabər, baş nazirin İrandakı erməni icması ilə görüşünü təsdiqləyən məlumat mövcuddur. Görüş salonunda Paşinyanın çəkdiyi “selfie”-də qondarma DQR bayrağı və təxribatçı şüarın rəsmi Bakıda necə qıcıq oyadacağı təsəvvür etməyə belə dəyməz.

Erməni icması ilə görüşdə Nikol Paşinyan deyib: “Bizim gündəmdə artıq Ermənistan və diaspor məsələsi yoxdur. Yalnız milli gündəm var – milli məqsədlərə yetişmək”.

 

Con Boltonun Tehranda xatılanması

İran KİV-ləri, o cümlədən Nikol Paşinyanın səfəri barədə xəbəri ön səhifəyə çıxarmış “Ettelaat”, “İran”, “Cahan-e sənət”, “Cəvan”, “Comhuri-ye Eslami”, “Keyhan”, “Mərdom-e salari” qəzetlər rəsmi məlumatlardan o yana keçməyib. Amma Ermənistan mediası baş nazirin Tehranda apardığı danışıqları geosiyasi müstəvidə nəzərdən keçirib.

Həqiqətən, son həftənin siyasi traffiki gərgin olub: Bəşər Əsəd – İranda, Cared Kuşner – Ankarada, Benyamin Netanyahu – Moskvada yüksək səviyyəli daışıqlar prosesinin iştirakçıları olublar.

Nikol Paşinyanın səfərini bu kontekstdə nəzərdən keçirmək nəzəri cəhətdən mümkün olsa da, “Sputnik-Armenia” şərhçisinin (Armen Vaneskeqyan) “Yaxın Şərqin aqibətini təkcə fövqəldövlətlər deyil, həm də İrəvan həll edir” qənaəti təməlsiz lovğalıqdır.

Amma elə bu kontekstdə vurğulanmalı bir məqam var: 2018-ci ilin oktyabrında ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun İrəvanda səsləndiriyi “İranla sərhəd problemli olacaq” xəbərdarlığından rəsmi Tehranın artıq narahatlığı yoxdur: “İranla Ermənistan arasında heç bir problem yoxdur və İslam təlimlərinə əsasən, əlbəttə, qonşularımızla yaxşı davranmaq məcburiyyətindəyik, ancaq Con Bolton kimi ABŞ rəsmiləri bu cür məsələləri anlamır”.

 

 




Yuxarı Əvvələ Ana Səhifə