Müxalifətin dialoq «dava»sı – Fərqli rəylər
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının istimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla bir sıra müxalifət qüvvələrinin görüşü keçirilib. Görüşdə iştirak edənlər bunu siyasi dialoq istiqamətində atılan önəmli addım hesab etsələr də, kənardakılar fərqli mövqedədirlər.
Bu barədə strateq.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, dialoq ölkədəki ictimai-siyasi proseslərin inkişafı üçün zəruri prosesdir. Onun sözlərinə görə, bütün siyasi qüvvələrin bu prosesə qoşulması müsbət nəticə verə bilər:
«Bildiyiniz kimi, uzun müddətdir ki, iqtidar-müxalifət dialoqunun vacibliyi barədə çoxlu mövqelər olub. ADP olaraq biz hələ 2007-ci ildə iqtidarla müxalifət arasında siyasi dialoqun vacibli
yi barədə mövqe ortaya qoymuşduq və bununla bağlı partiya olaraq siyasi dialoqa hazır olduğumuzu bildirmişdik, eyni zamanda hakimiyyətə rəsmi qaydada müraciət yollamışdıq. O zaman bizim bu mövqeyimiz cəmiyyət və hətta müttəfiqlərimiz tərəfindən birmənalı qarşılanmadı. Hətta bizi satqınçılıqda da ittiham edirdilər. Zaman keçdi, dünən siyasi dialoqa görə bizi satqınçılıqda ittiham edənlər, bu gün dialoqun vacibliyi barədə danışmağa başladılar. Görünən odur ki, biz zamanında doğru mövqedə olmuşuq. İndi artıq iqtidarla müxalifətin böyük əksəriyyəti arasında iki dəfə təmas baş tutub. Bu təmaslarda iştirak edən liderlərin əksəriyyətinin verdiyi açıqlamalardan da sezilir ki, onlar bu təmaslardan məmnundurlar və cəmiyyət üçün bunu vacib hesab edirlər. Lakin, AXCP və Müsavat Partiyası bu prosesdə iştirak etmirlər və əlavə şərtlər irəli sürürlər. Hesab edirəm ki, dialoq üçün qabaqcadan hər hansı bir şərtin irəli sürülməsi başadüşülən deyil. çünki, dialoq demokratik bir prosedurdur. Bunun əleyhinə olmaq və ya hər hansı bir formada bundan yayınmaq demokratiyanın əleyhinə olmaq anlamını verir.
Hesab edirəm ki, indiki situasiyada müxalifət bütün imkanlardan istifadə etməlidir. İqtidar-müxalifət münasibətlərinin düşmənçilik müstəvisində olması, nə müxalifətin, nə iqtidarın, nə də bütövlükdə xalqın xeyrinə deyil. İqtidar-müxalifət arasında siyasi dialoqun olması siyasi mədəniyyət nümunəsidir. Siyasi mədəniyyət olmayan cəmiyyətlərdə heç bir siyasi inkişafdan söhbət gedə bilməz. Bunun acı nəticəsidir ki, biz cəmiyyət olaraq siyasi inkişafdan geri qalırıq. Bunu sıravi vətəndaşlar anlamaya bilər, amma siyasi institutların bunu anlamaması faciəlidir».
Məsələylə bağlı strateq.az-a açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, hər bir partiyanın öz xətti var, kim dialoqda iştirak etmək istəyirsə, gedib dialoqa apara bilər:
«Əgər doğrudan da bu dialoqun arxasında hakimiyyət dayanıbsa, niyə hakimiyyət bir tərəfdə qalıb, bunlar özlərinə əl qatıblar. Təşəbbüs hakimiyyətdən gəlirsə, bunun narahatlığını da hakimiyyət yaşamalıdır. Hakimiyyət bizi dəvət eləsin, şərtlərini açıqlasın, biz də müzakirə edək və qarırımızı bildirək. Bizi dialoqda iştirak etmədiyimizə görə nədəsə ittiham edənlər gedib öz işləri ilə məşğul olsalar, yaxşıdır. Biz mübarizə xəttimizi özümüzü seçirik və bu hakimiyyətə rəqibik. Nə vaxt ki, hakimiyyət dialoq anlayışına demokratiyanın bütün dünyada inkişafı baxımından səmərəli olan rakursda yanaşsa, biz həmin dilaloqda olacağıq. çalışacağıq ki, Azərbaycanın problemlərini meydanlarda yox, parlamentdə müzakirə masalarının arxasında həll edək. Biz heç vaxt konfliktə getməkdə maraqlı olmamışıq. Sadəcə olaraq, hakimiyyət bu dialoq adıyla özünə demokratiklik donu geyindirmək, imitasiya vasitəsiylə dünyanın qınağından xilas olmaq istəyir. Bizim də davamız bununla bağlıdır».

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bizimlə söhbətində deyib ki, Müsavat Partiyası bu günə qədər həmin görüşdə iştirak etməməsinin səbəbləri barədə bəyanat verib və mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Müsavat Partiyası həmin görüşləri müxalifət-iqtidar dialoqu kimi qələmə verilməsini düzgün hesab etmir:
«Əgər müzakirə olunan mövzu qabaqcadan məlum olacaqsa, iştirakçılar da Müsavat Partiyası ilə razılaşdırılacaqsa, Müsavat Partiyası həmin tədbirdə iştirak etmək haqqında qərar verə bilər. Hazırda dialoq məsələsi ilə partiyada hakim fikir bundan ibarətdir».
AMİP Siyasi Şurasının üzvü Əli Orcuov strateq.az-a açıqlamasında bildirib ki, hazırkı təmasları iqtidar-müxalifət dialoqu adlandırmaq olmaz. Onun sözlərinə görə, iqtidar-müxalifət dialoqu o zaman baş tutacaq ki, masa ətrafında təxminən eyni statusa, yaxud da qərarlar verə bilən şəxslər otursun. Partiya yetkilisi hesab edir ki, keçirilən iki görüşdə tərəflər eyni statusda olmayıblar: «Əli Həsənov Prezident Administrasiyasının məsul şəxslərindən biridir, lakin o, qərarların qəbulunda iştirak etmir. Eyni zamanda ictimai-siyasi şöbəyə məsul şəxs olaraq Əli Həsənovun məhz belə görüşlər təşkil etmək, yaxud da siyasi partiyalarla müntəzəm surətdə işləmək onun vəzifə borcudur.
Mən hesab edirəm ki, növbəti belə bir görüş olacaqsa bu əvvəlki kimi pərakəndə və hazırıqsızlıq olmamalıdır. Konkret məsələ müzakirəyə çıxarılmalıdır və bu müzakirələrdə əsas siyasi təşkilatlar iştirak etməlidir. Bu görüş iqtidar-müxalifət dialoquna yol açacaqsa, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəksə, müsbət qarşılanacaq. Hər halda ümid etmək edirik ki, proseslər müsbət istiqamətdə gedər. Amma real situasiya hələlik bunu deməyə əsas vermir».
Zaur