XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 09:51

PAŞİNYANIN İRAN SƏFƏRİ:Tehranla xüsusi münasibətlər Ermənistanı təcriddən çıxaracaqmı? - TƏHLİL

Business New Europe” (Böyük Britaniya), 28.02.2019

 

Bir ildən az müddətdə iqtidarda olan erməni baş naziri Nikol Paşinyan Tehrandakı Prezident Sarayında İranla münasibətlər barədə iki memorandum imzalayıb. Onun postinqilabçı hökuməti lazımi iqtisadi inkişafı cənub qonşusu hesabına təmin etmək istəyir.

İran və Ermənistanın unikal münasibətləri var. Onlardan biri əksəriyyəti şiə-müsəlman, digəri xristian (Erməni Həvari Kilsəsi) dövləti olsa da, səmimi əlaqəyə sahibdir. Hətta İranın şiə qonşusu Azərbaycanla münasibətləri bununla müqayisə edilə bilməz. İrəvanın rəqibi bəzən Tehranla mübahisəyə keçən əlaqəyə malikdir.

Qarşılıqlı anlaşma memorandumu İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu və Ermənistanın İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi arasında imzalanıb.

Bundan başqa, İranın Azad Sənaye və Xüsusi İqtisadi Zonalar Şurası və Ermənistan nazirliyi əməkdaşlıq sazişlərinin altına imza atıb.

Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrə malik olmayan Ermənistan, söhbət başqa bir qonşusundan – Gürcüstandan getdikdə, Tiflis ilə Moskvanın çətin münasibətləri nəzərə alınmaqla, çox vaxt strateji tərəfdaşının tərəfini tutmalı olur. Üstəlik, İranla birlikdə əhəmiyyətli dərəcədə iqtisadi artıma ümid edən yoxsul ölkə İslam Respublikasının əzəli düşməni ABŞ-la da üz-göz ola bilər.

Ötən ilin yazında ölkəsindəki “məxmər inqilab”dan sonra hakimiyyətə gələn, korrupsiyaya qarşı mübarizə aparan Paşinyan İran və Ermənistan arasında ticarət dövriyyəsinin artdığını deyib: “Ermənistan hökuməti xarici investisiya layihələrinin, o cümlədən İranın investisiya proqramlarının həyata keçirilməsini yüksək qiymətləndirir. Ermənistan bu sahələrdə əməkdaşlıq üçün lazımi texniki, iqtisadi və peşəkar potensiala malikdir”.

O əlavə edib: “Son vaxtlar, 2018-ci ilin dekabrında Ermənistanın Vanadzor şəhərində plastik qaz silindrlərinin istehsalına dair erməni-İran birgə müəssisəsi yaradılıb, zavodun təsisçiləri yaxın gələcəkdə istehsalın başlanacağına əmindirlər”.

İranda təxminən 200 min erməni yaşayır. Onlar azərbaycanlılardan sonra ölkənin ən böyük etnik azlığını təşkil edirlər. Xristian olmasına baxmayaraq, ermənilərə “muxtariyyət” verilib. 1979-cu ilin İslam İnqilabından sonra belə bir vəziyyət yaranıb. Ermənilər gündəlik həyatlarında əhəmiyyətli muxtariyyətə sahibdir. Bu, İrana Ermənistanla yaxşı münasibətlərdə qalmağa kömək edir.

İranla Ermənistan arasındakı ticarət dövriyyəsi 2018-ci ildə 364 milyon dollar səviyyəsinə çatıb. İranın İrəvandakı ticarət attaşesi Paşinyanın səfərindən qabaq İRNA-ya bildirib: “İranın Ermənistana ixracatı 269 milyon dollar olub, əsas ixracat isə təbii qaz, neft-kimya məhsulları, dəmir və polad, tara, plitələr və keramika, meyvə və qoz-fındıqdır”.

ABŞ-ın sanksiyaları ilə ölkədə mövcud olan valyuta böhranı İrəvana gedən iranlı yolçuların sayını azaltsa da, İrana səfəri zamanı Ermənistan baş nazirinin gündəmində turizm məsələsi də vardı.

“2016-cı ildə viza rejiminin ləğv olunmasından sonra Ermənistana gələn iranlı turistlərin sayı, xüsusilə İranın Yeni ili – Novruz günlərində çoxalır”, – Paşinyan əlavə edib.

Son iki ildə 200 milyondan çox iranlı Ermənistanı Yeni il ərəfəsində ziyarət edib və rəsmi məlumatlarına görə, ötən il 16 faizlik artım qeydə alınıb.

Tərcümə: Strateq.az