XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 23:55

YANUKOVİÇ VƏ ADAMLARININ AVROPADAKI MİLYONLARI- Oğurlanan pulları Ukraynaya qaytarmaq niyə mümkün olmur?

Avropa Birliyi Şurası martın 5-də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və ətrafına qarşı sanksiyaları daha bir il müddətinə uzatdı. Bu sanksiyalar ilk dəfə beş il əvvəl tətbiq edilmişdi. Həmin vaxt Avropa Birliyi Yanukoviçin, oğlanlarının və yaxın ətrafında olan 15 nəfərin aktivlərinin dondurulması barədə qərar vermişdi.

Avropa Birliyi keçmiş prezidenti və adamlarını (adı sanksiya siyahısına düşənləri) Ukraynada insan haqlarını pozmaqda və qanunsuz varlanmaqda ittiham edirdi.

Kiyev “Maydan”ında qanlı etirazlar başlayandan az sonra Yanukoviç silahdaşları ilə birlikdə Moskvada gizləndi. Onların gizli sərvətini isə Qərbdə axtarmağa başladılar. Yeri gəlmişkən, Avropa Birliyi ilə eyni vaxtda İsveçrəylə Lixtenşteyn də Yanukoviç və adamlarına sanksiya tətbiq etmişdi.

Ukrayna istintaqçılarının adıçəkilənlərin ehtimal edilən milyonlarını xaricdə axtarmaq cəhdləri o qədər də uğurlu olmadı. Xaricdə bu pulların yalnız kiçik bir hissəsini tapmaq mümkün oldu. Məsələn, İsveçrə banklarında 145 milyon frank aşkarlandı və donduruldu.

Bu pullar rəsmi Kiyevə yalnız o halda qaytarıla bilər ki, Ukrayna məhkəmələri onların qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyən sübutlar təqdim etsinlər. Hələ ki, cinayət işlərindən heç biri (istintaq yekunlaşmadığı üçün) məhkəməyə göndərilməyib.

Təhqiqatın uzanması sanksiya siyahısına düşənlərdən bir qisminin işinə yaradı. “Qara siyahıda” yer alanların bir neçəsi Avropa Məhkəməsi səviyyəsində hesablarından həbsin götürülməsinə nail oludular.

Mətbuat üzə çıxarıb ki, Yanukoviçin dövründə təyin olunan hakimlər dəfələrlə absurd səbəblər göstərərək istintaqçıların vəsatətlərini rədd ediblər. Məsələn, hakimlərdən biri istintaqın təqdim etdiyi sənədin surətində yazılanların çətin oxunduğunu əsas gətirərək bank sənədlərinə çıxışa icazə verməyib.

Yanukoviç və oğlu Aleksandr

 

Yanukoviç klanının pullarını nə vaxtsa Ukraynaya qaytarmaq ehtimalı həm də o səbəbdən zəifdir ki, bloklanmış hesablardakı pullar getdikcə azalır. Məsələ bundadır ki, pulların sahiblərinin vəkil xərclərini bu vəsaitlə ödəmək hüququ var. Viktor Yanukoviç oğlu Aleksandrla birlikdə bu baxımdan səxavətli davranırlar. Ata-oğul britaniyalı vəkillərinə böyük pullar ödəyirlər. Mətbuat üzə çıxarıb ki, bu vəkillərə bir saat üçün 1500 funt xidmət haqqı ödənilir.

Qərb mətbuatı adı sanksiya siyahısına düşən oliqarx Sergey Kurçenko və keçmiş deputat Aleksey Azarovun (Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu) nəzarətində olan bizneslə bağlı dəfələrlə yazıb. Araşdırma yazılarından məlum olur ki, Kurçenkoyla Azarov Hollandiya və Avstriyadakı offşor şirkətlərdən istifadə etməklə öz adlarını gizli saxlayıblar.

Alman istintaqçıların bu biznesin benefisiarlarını müəyyən etməsi 2 il vaxt apardı. Həmin vaxta qədər də Aleksey Azarov sudan quru çıxdı. Avropa Şurası Birliyi onun adını sanksiya siyahısından çıxardı. Səbəb isə ukraynalı istintaqçıların məlum vəsaitlərin qeyri-qanuni yolla əldə edildiyini sübut edə bilməməsi idi.

Beləliklə, 2016-cı ilin yanvarında Avropa Məhkəməsi Nikolay Azarovun, onun oğlu Alekseyin, həmçinin Yanukoviçin daha iki məmurunun – Sergey Arbuzov və Eduard Stavitskinin sanksiyalardan azad edilməsi barədə qərar qəbul etdi. Məhkəmə bu şəxslərin Avropa Birliyinin sanksiyalarına cəlb edilməsinin doğru olmadığı qənaətinə gəldi. Strasburq Məhkəməsi onların Avropadakı dondurulmuş hesablarının açılmasına da qərar verdi.

Sübut yetərsizliyi səbəbiylə Almaniyada çirkli pulların yuyulması ittihamı üzrə başladılan cinayət işinin istintaqı da dayandırıldı.

Nikolay Azarov

 

İstintaqçılar Yanukoviç klanının Almaniyadakı “izinə” İsveçrə vasitəsilə çıxdılar. 2017-ci ilin avqust ayında Kiyev məhkəməsi İsveçrə banklarındakı 10 hesaba həbs qoydu. Bu hesablara Azarovun firmaları vasitəsilə 18 milyon dollar daxil olmuşdu.

İstintaqçılara görə, keçmiş baş nazirin oğlu Aleksey Azarov bu pulları Yanukoviçin adamlarından olan (Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri) Andrey Klyuevdə alıbmış. İstintaq ehtimal edir ki, Klyuev bu pulu Nikolay Azarovun oğluna rüşvət kimi verib. Aleksey pulu o vaxt baş nazir olan atasına verməli, o da Klyuevi özünə müavin təyin etməli idi.

2010-cu ildə oğul Azarovun nəzarətində olan Kipr şirkəti Andrey Klyuevin Ukraynadakı firmalarından birini 5 min dollara satın alıb. İki ay sonra Azarov firmanı ilk sahibinə geri qaytarıb, amma 17,8 milyon dollara. İllər sonra məhkəmə bu vəsaitə həbs qoymaq istəyəndə məlum olub ki, hesabda cəmi 600 min dollar qalıb. Qalan pullara Azarov Avropa Birliyi ölkələrində əmlak alıb. Eyni zamanda Almaniyada Sergey Kurçenko ilə birgə yanacaqdoldurma məntəqələri şəbəkəsi satın alınıb.

Kurçenko və Azarovun Almaniyadakı firmaları müflis olublar. “Yanacaqdoldurma biznesi” isə gündən-günə çiçəklənir. Hazırda bu işə Sergey Kurçenkonun dostu Konstantin Pivovarov nəzarət edir və hər şey onun Avstriyadakı “Garda Handels-und Beteiligungs GmbH” firmasının adına rəsmiləşdirilib. Bu firmanı Pivovarova 5 il əvvəl – 2014-cü ilin 21 fevralında Aleksey Azarov hədiyyə edib. Məhz həmin tarixdən bir neçə gün sonra Avropa Birliyi Azarov və Yanukoviçin digər silahdaşlarına sanksiya tətbiq etmişdi…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə