XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 Mart 2019 - 11:33

RUHANİLƏRİN NÜFUZ SAVAŞI:son iki ildə İranda 273 imam-cümə niyə əvəz edilib?

Mahmud Pərqu

“Atlantic Council”, 20.03.2019

 

Martın 13-də İranın ali lideri Ayətullah Əli Xamnəi gənc ruhani Həbibullah Şabanini Həmədan şəhərinin imam-cüməsi təyin edib. 41 yaşlı yeni imam-cümə 73 yaşlı Ayətullah Qiyasəddin Taha Məhəmmədini əvəzləyib.

Bu dəyişiklik təxminən iki il əvvəl başlayan bir sıra yenilənmələrin sonuncusudur. Onların ən önəmlisi 2018-ci ilin dekabrında Məhəmməd Cavad Hacı Əli Əkbərinin Tehranın imam-cüməsi təyin edilməsidir. Hacı Əli Əkbəri bir il bundan əvvəl İmam-cümələr Şurasının rəhbəri seçilib.

Təşkilat İranda Cümə namazlarını idarə edən və onun rəhbərlərini təyin edən Ali Liderə namizədləri irəli sürən çətir orqandır. Şuranın himayəsi ilə son iki ildə 273 imam-cümə əvəz edilib. Yeni imam-cümələrin əksəriyyəti gənc din xadimləri, Qum hövzəsinin ənənəvi ruhaniləri deyil, Xamnəinin tələbələridir.

900-dən çox İran şəhərində Ali Rəhbər tərəfindən təyin olunan imamların rəhbərliyi ilə həftəlik cümə namazları qılınır. İmamlar siyasi imtahan verməli və rejimə sədaqətlərini sübut etməlidirlər.

Hər həftə Cümə namazı üzrə Siyasi Şura imam-cümələrə xütbələrin məzmununa dair sənəd təqdim edir.

Ənənəvi olaraq Cümə namazı iki xütbədən ibarətdir. Xütbələrin birincisi dini məsələlərə, ikincisi isə siyasi məsələlərə həsr olunur. Bu, Ali Rəhbərin ölkədəki ardıcıllarına fikirlərini çatdırmaq üçün çox səmərəli vasitəsidir.

İmam-cümələr dövlətin ən görkəmli və nüfuzlu nümayəndələridir. Qubernatorlar və yerli İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandirləri hökumət və hərbi qurumu təmsil edirlərsə, imam-cümələr dövlətin dini hakimiyyətini təmsil edirlər. Dini liderin birbaşa nümayəndəsi olaraq, onlar öz şəhərlərində dini və qeyri-dini məsələlərdə əhəmiyyətli təsir göstərirlər.

1979-cu il inqilabından bəri Cümə namazları dövləti dəstəkləmənin əsas məkanlarından biri olub. Başlanğıcda namazları tanınmış din adamları idarə edib və ümumən dindar əhali tərəfindən təqdir olunublar. Tədricən həftəlik namazlar siyasiləşib və siyasət namazın dini zərurətinə kölgə salıb.

Nəticədə, namazlarda iştirak hətta ənənəvi mühafizəkarlar arasında azalıb.

Bundan əlavə, lüks həyat tərzi, ictimai qurumlardan sui-istifadə və imam-cümə ailələrində saxtakarlıqlar barədə çoxsaylı məlumatlar ruhanilərin imicini zədələyib. Məsələn, fevral ayında ictimai media şəbəkələrində Əhvaz şəhərinin imam-cüməsi Məhəmməd Əli Musəvi Cəzairinin müalicə üçün London getməsi xəbəri dolaşıb. Onun ofisi səfərin məqsədinin “İslam İnqilabının avropalılara mesajını yaymaq” olduğunu iddia etsə də, bir müxalifət internet saytında səfərin lipoksasiya (piyəritmə) əməliyyatı məqsədli olduğu bildirilib.

Cəzairi qısa müddət sonra istefa verməyə məcbur edilib. Eynilə, İranın qərbində yerləşən İlam şəhərinin imam-cüməsi Məhəmməd Nəqi Lütfi də lüks avtomobilin sükanı arxasında peyda olandan və Tehranda möhtəşəm bir ziyafətə qatıldıqdan sonra istefa verib.

Ötən il bir sıra digər oxşar hallar da qeydə alınıb.

İmam-cümələrin dəyişdirilməsi qismən namazı gənc nəsil üçün cazibəli etmək və imici bərpa etmək cəhdi olsa da, siyasi motivlər də var. Köhnə nəsil imamları tez-tez İslam Respublikasının qurucusu və Xamnəinin sələfi Ayətullah Ruhullah Xomeyni tərəfindən təyin edilirdilər.

Beləliklə, siyasi baxışları və dini inancları ilə müəyyən dərəcədə müstəqillik qazanırdılar.

Yeni nəsil imamları, əksinə, əksəriyyətlə Xamnəinin şagirdləridir və onlar ruhani statusu və təhsil dərəcəsinə görə deyil, siyasi sədaqət prinsipi ilə seçilirlər. Çox vaxt onlar İİKK ilə güclü əlaqələrə malikdir və bəzən hətta İİKK liderləri tərəfindən irəli sürülürlər.

Yerli din xadimlərinin və İİKK-nin bu konfiqurasiyası çox vacibdir, çünki inqilabın başlanğıcından gənc İİKK üzvləri ilə yerli din xadimləri arasındakı fərqlər əyalətlərdəki gərginliyin əsas mənbələrindən biridir. Yeni imam-cümələrin İİKK-yə yaxınlığı və Qumun ənənəvi üləmasının son rəsmi təsir vasitələrini itirməsi ilə, gələcəkdə siyasi mühit daha da monolit ola bilər.

Vəziyyət, həmçinin İran həyatının digər sahələrində İİKK-nin təsirinin artımını əks etdirir. Korpusda hətta ruhanilərin xüsusi briqadası var – “İmam Sadiq-83”.

Hökumət siyasi birliyin möhkəmlənməsinə çalışsa da, imam-cümələrin təhsil dərəcəsi və mədrəsə imicinin zəifləməsi dövlət tərəfindən dəstəklənən dindarlığa güvəni azaldır və ənənəvi apolitik üləmanı gücləndirir.

Siyasi sistem tədricən öz dini legitimliyini itirir və rəqabət aparan təşkilatlar dini mühitdə zəruri mənəvi tələbatı doldurur. Bu ikitərəfli prosesdir: ənənəvi mərkəzlər Cümə namazı kimi dövlət nəzarətli vasitələrini itirir və mesajlarını çatdırmaq üçün yeni vasitələr axtarır, ancaq ənənəvi dindarlar dövlət tərəfindən dəstəklənən dindarlıqdan məyus olur və müstəqil üləma axtarışına çıxır.

Hökumətin siyasi İslamı ilə rəqabət aparan ənənəvi apolitik dindarlıq bərpa olunur. Bu dixotomiya (ikiyə bölünmə) İranda dini qurumlarda son gərginliklərin əksəriyyətinin kökündə durur və gələcəkdə dini məsələlərlə bağlı hadisələrin gedişini müəyyən edəcək.

Tərcümə: Strateq.az