“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb.
***
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.
“Report”un məlumatına görə, bu barədə FHN məlumat yayıb.
Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.
***
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb. Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.
***
Bakı şəhərinin Nizami rayonu ərazisində – “Diqlas” ticarət mərkəzində səhər saatlarında baş verən yanğın hələ də tam söndürülməyib.
Strateq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri bu dəqiqələrdə də (saat 11.45) yanğını söndürməklə məşğuldurlar.
***
Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
“Report”un məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
“Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.
ONA-nın müxbiri hadisə yerindən xəbvər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K.Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.
***
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə gəlib.
ONA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov da ərazidədir.
Ticarət mərkəzində yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.
***
Hazırda Nizami rayonunun Dakar dairəsində hərəkət normaldır. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqla dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, Q.Qarayev prospekti B.Nuriyev küçəsinin kəsişməsinədək yolda da hərəkət normaldır.
Qeyd edək ki, Dakar dairəsindən metronun “Qara Qarayev” stansiyası istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər.
***
Yanğın baş verən əraziyə 6 təcili yardım briqadası cəlb olunub.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O bildirib ki, yanğın səhər saatlarında baş verdiyi üçün binada çox az adam oldugundan, xəsarət və zəhərlənmə ilə bağlı müraciət edən yoxdur.
Hazırda təcili yanğın briqadaları yanğın baş verən ərazidədir.
***
Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
ONA-nın xəbərinə görə, bu barədə FHN-in mətbuat xidməti açıqlama yayıb.
Əlavə məlumat veriləcək.
***
Bakıda ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əli yaralanan şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.
***
Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar hazırda yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. (Report)
***
Bakının Nizami rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) ONA-ya verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.
Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.
Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.