XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

27 Mart 2019 - 15:03

NATO ARTIQ CƏNUBİ QAFQAZDADIR… –Bəs Cənubi Qafqaz haradadır? – TƏHLİL

Mira Həsənova

regnum.ru, 26.03.2019

 

NATO baş katibi Yens Stoltenberqin Tiflisə səfəri, Gürcüstan prezidenti və baş naziriylə rəsmi görüşlər, ərazisində NATO-ya üzv 24 ölkənin və alyans tərəfdaşlarının, o cümlədən Azərbaycan hərbçilərinin iştirakıyla NATO-GEO EXERCISE 2019 komanda-qərargah təlimlərinin keçirildiyi, ölkədə NATO ilə birgə fəaliyyət göstərən JTEC təlim mərkəzinə baş çəkməsi Cənubi Qafqazın Rusiyanın “cənub qarınaltısı”nda yerləşən bu respublikasının alyans üçün önəm dərəcəsindən xəbər verir.

Stoltenberq səfərin gedişində birbaşa Gürcüstana dair təmtəraqlı xeyli bəyanat verib, etiraf edib ki, bu ölkə Avroatlantik inteqrasiya yolunda  böyük uğura nail olub və artıq söz verib ki, nəticədə ölkə mütləq alyansın üzvü olacaq.

NATO baş katibi bununla yanaşı, bir daha təsdiqləyib ki, alyans tanınmış beynəlxalq sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini geri götürməyə çağırıb, qeyd edib ki, NATO-ya girmək qərarını Gürcüstanın özü və alyansın başqa üzvləri qəbul edir, buna görə də “Rusiya və ya hansısa başqa ölkə bu prosesə təsir edə bilməz”.

Gürcüstan baş naziri Mamuka Baxtadze də bildirib ki, ölkənin NATO-ya üzvlüyü təkcə siyasi qərar deyil, həm də gürcü xalqının seçimidir və heç kim bu prosesdə Tiflisə mane ola bilməz.

Bu arada NATO baş katibinin Tiflis səfərinin hərbi-siyasi mənasına bu kontekstdə baxmaq gərəkdir ki, Gürcüstan bölgədə NATO-nun rəsmi tərəfdaşı sayılan yeganə ölkədir.

“Cənubi Qafqaz” politoloqlar klubunun başçısı İlqar Vəlizadə axar.az-la söhbətdə yada salıb ki, Gürcüstan və NATO arasında NATO təmsilçilərinin, demək olar,  bölgədə rol oynamasına imkan verən tam bir sıra əməli sazişlər var.

Alyans Gürcüstan üzərindən bölgədə öz proqramlarını, özəlliklə qonşu Azərbaycan və Ermənistanla əməkdaşlıq proqramını gerçəkləşdirir. Ekspert hesab edir – buna görə də bu gün NATO ilə qarşılıqlı münasibətlərin sonrakı kontekstində Gürcüstanın rolunun necə transformasiya olunacağı sualı Tiflis və NATO danışıqlarında ən mühüm sualdır.

Gürcüstanın NATO-ya üzvlüyünə gəlincə, Vəlizadə deyib ki, Gürcüstan keçid dövrü olmadan NATO-da iştirak məqsədi qoyub və bu mənada özəlliklə məhz bu variantı – adətən, ölkələrə qarşı irəli sürülən aralıq şərtləri olmadan Gürcüstana NATO üzvlüyü verilməsini alqışlayan ABŞ-ın simasında NATO-da lobbi var.

O, qeyd edib: “Düşünürəm ki, bu məsələ – üzvlük məsələsi və s. də müzakirələrin mərkəzində olacaq”. Onun sözlərinə görə, Gürcüstana bu gün NATO-nun bu bölgədəki kollektiv müdafiəsinin önəmli həlqələrindən biri kimi baxılır, alyans Ukraynadakı münaqişəylə bağlı Qara dənizdə iştirakını gücləndirir, Gürcüstanı öz planlarına birləşdirir. Buna görə təəccüblü deyil ki, NATO-nun yeni konsepsiyasında Gürcüstanın Qara dənizdəki rolu Stoltenberqin Baxtadze ilə danışıqlarında baş mövuzlardan biri olub. Politoloq güman edib: “Bu kontekstdə, ən azı, NATO-nun Vazianidə yeni hava bazasının inşasından və Anakliya limanı bölgəsində indi tikilən yeni hərbi-dəniz bazasının qurulması üzrə alyansın iştirakından danışmaq olar”.

Və doğrundan da, Stoltonberqin bildirdiyi kimi, Qara dənizdəki təhlükəsizlik, “Rusiya iştirakının güclənməsi” nəzərə alınmaqla Qara dənizdəki durumla bağlı Gürcüstana dəstək üzrə işbirliyinin artırılması da müzakirə predmeti olub.

Stoltonberq Gürcüstan hökuməti başçısıyla görüşün yekunları üzrə deyib: “Biz məhz buna görə o cümlədən dəniz gücləri sahəsində işbirliyimizi gücləndiririk. Biz Gürcüstanın sahil mühafizəsinə hazırlıq keçirik və bugünki görüşün gedişində işbirliyimizin gücləndirilməsi üçün daha nələr edə biləcəyimizi müzakirə etdik”.

Baxtadzenin özü təsdiqləyib ki, amerikalı tərəfdaşları suyu dərin limana önəmli vəzifə əlavə edirlər: “Anakliya limanına gəlincə,  Gürcüstanın nadir coğrafi durumu var. İqtiasdi strategiyamızın ayrılmaz hissəsi budur ki, Gürcüstanı o cümlədən nəqliyyat və logistika yönlərində hökmən bölgəsəl qovşağa çevirməliyik ki, bu da bütün ölçüləri əhatə edir. Biz Anakliya konsorsiumuna tam dəstək ifadə edirik ki, onlar öz yatırım öhdəliklərini yerinə yetirə bilsinlər”.

Baxtadze Gürcüstanın həm avropalı, həm də amerikalı tərəfdaşlarını nəzərdə tutub.

Bu arada, Rusiya prezidenti Vladimir Putin qabaqlar bildirib ki, Moskva NATO-nun Gürcüstan və Ukrayna sayəsində genişləndiyinə son dərəcə mənfi yanaşır, alyans bu ölkələri öz sıralarına almadan da onlarla işləyə bilər. Eyni zamanda NATO-nun quru qoşunları komandanı, ABŞ ordusunun general-leytenantı Con Tompson bu yaxınlarda deyib ki, indiki təlimlər RF üçün təhlükə daşımır. Tompson təlimlərin müdafiə xarakterinə malik olduğunu qeyd edərək deyib: “Bu təlimlər böhranların önlənməsinə qarşı yönəlib ki, bu da Gürcüstanın şimal qonşusunun da maraqlarına daxil olmalıdır”.

“Bakı politoloqlar klubu”nun başçısı Zaur Məmmədov da Gürcüstanın NATO üzvü olmaq istəyini bölgə üçün ağrılı mövzu sayır. O, qeyd edib: “NATO ölkələrinin coğrafiyası Xəzərədək genişlənir. Bu, bir yandan, ölkələrin təhlükəsizliyinə bağlıdır, o biri yandan, Rusiya-Qərb qarşıdurmasına cəlb edilə biləcək kiçik ölkələr üçün çox böyük çağırışdır. Avropa Birliyinə münasibətdə hər şey birmənalıdırsa – nə Ukrayna, nə də Gürcüstan bu təşkilatın üzvü olacaq – NATO-ya münasibətdə hər şey belə birmənalı deyil. Bu ölkələr həmin alyansın üzvü ola da, olmaya da bilər”. Onun fikrincə, müstəqil siyasət yürütmək önəmlidir ki, bunu özəlliklə Azərbaycan sərgiləyir.

Politoloq əlavə edib: “Biz 2011-də Qoşulmama Hərəkatına təsadüfən üzv olmamışıq. Ölkəmiz bu il bu təşkilatda sədrlik edir, sonralar Azərbaycan paytaxtında təşkilatın sammitinin keçirilməsi gözlənilir. Azərbaycan NATO ilə münasibətləri möhkəmləndirir, amma eyni zamanda eyham vurur ki, alyansın üzvü olmayacaq, öz ərazisinin qeyri-bölgə dövlətlərinin maraqlarının təmin edildiyi yer olmayacağını anlayaraq olduqca rasional siyasət aparır. Axı bölgə son dərəcə partlayış təhlükəsindədir. Bir yandan, Yaxın Şərq, o biri yandan həm bölgə ölkələrinin, həm də dünyanın siyasi oyunçularının güclü təsiri və geopolitik maraqlarının toqquşması”.

O, bununla yanaşı vurğulayıb ki, bölgədəki münaqişələrin həll edilməməsi həm Rusiya, həm də Cənubi Qafqaz respublikaları üçün sabitliyə təhdid kimi baxılmalıdır, buna görə də bunları həll etmək gərərkdir.

Məmmədov nəticəyə gəlib – Ermənistanın NATO ilə münasibətlərinə gəlincə, bu da inkişaf edir, Ermənistan NATO-nun müxtəlif hərbi təlimlərinə qatılır və belə bir imkan olsaydı, İrəvan hələ Serj Sərkisyanın dönəmində təkcə bu təşkilata deyil, həm də Qərbin başqa siyasi institutlarına daha çox inteqrasiya olunardı, Ermənistanın yeni hökuməti isə hətta gizlətmir ki, NATO ilə münasibətlərin inkişafı, ortaq layihələr Ermənistanın milli maraqlarındadır, amma İrəvan məlum şərait, yəni Rusiya və İrandan müəyyən asılılıq üzündən bir qədər çətin durumdadır.

Nə etməli, NATO Cənubi Qafqaz yönündə, doğrudan da, ciddi və məqsədyönlü irəliləyir, Rusiya öz əndişəsini ifadə edir, Gürcüstanın bloka üzvlüyü artıq zaman məsələsidir, Ermənistan da ehtiyatla olsa da, alyansa sarı arabir göz gəzdirir və təkcə Azərbaycan öz seçiminə sadiqdir və təşkilatla ardıcıl bərabər münasibətlərə tərəfdardır.

Hadisələrin  necə inkişaf edəcəyini zaman göstərər.

Tərcümə Strateq.az-ındır.