Katya Qorçinskaya
“Əl-Cəzirə”, 28.03.2019
Ukrayna növbəti inqilabın astanasındadır. Ancaq bu dəfə ukraynalılar küçələrə axışmayacaq; əksinə, onlar 31 martda səsvermə kabinələrində siyasi elitaya və korrupsiyaya qarşı səssizcə üsyan etməyə hazırlaşırlar.
Seçki bülletenində 39 namizədin adı yazılıb. Üstəlik, yarışda liderlik edən Volodimir Zelenski heç bir siyasi və ya idarəçilik təcrübəsi olmayan komediyaçıdır.
Zelenski səsvermədən əvvəl prezident Petro Poroşenkonu 8-15 faiz civarında qabaqlayır. Bu iki namizəd, güman ki, aprelin 21-də reallaşacaq ikinci turda qarşılaşacaq.
Volodimir Zelenskinin ən məşhur rolu “Xalqın Xidmətçisi” adlı televiziya şousundadır. O, təsadüfən prezidentə çevrilən yoxsul, dürüst müəllim rolunu oynayır. Komediyaçı obrazının dəyərlərini paylaşdığını deyir.
Teleşousunda olduğu kimi, Zelenski Ukrayna siyasətini fəth edib. Kanal hazırda gah İsveçrə, gah da İsraildə yaşayan Ukrayna oliqarxlarından biri olan İqor Kolomoyskiyə məxsusdur.
TV, namizəd və aktyor Zelenskiyə geniş efir vaxtı verir. Təbliğat kampaniyası qanunla qadağan edildikdə belə, aktyor seçki ərəfəsində televiziya proqramları və sənədli filmlərdə görünür.
Həm Kolomoyski, həm də Zelenski aralarındakı siyasi əlaqəni inkar edir, amma oliqarxın vəkili və cangüdəni seçki kampaniyası zamanı sonuncu şəxsi müşayiət edirlər.
Dərin məyusluq
“Gallup”-ın son sorğusu göstərib ki, Ukrayna ikinci ildir ki, hökumətə güvənsizlikdə dünya rekordu vurur. Bu, siyasi elitanın iqtisadi artım, qanunun aliliyi, şəffaflıq və daha yüksək həyat standartları barədə 2013-cü il inqilabı vədlərini yerinə yetirməməsinin nəticəsidir.
Beş ildən çoxdur ki, işsizlik təxminən 3,2 milyon ukraynalını digər ölkələrdə iş axtarmağa vadar edib. BMT İnkişaf Proqramının (UNDP) hesabatına görə, 2016-cı ildə ukraynalıların təxminən 60 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayıb, yəni Ukrayna Avropanın ən yoxsul ölkələrindən biri olaraq qalır.
Bu arada oliqarxlar daha da zənginləşməyə davam edir; 2018-ci ildə yerli mətbuatın verdiyi məlumata görə, ölkənin 100 ən zəngin insanının varidatı bir il içində 43 faiz artıb (37 milyard dollar).
Saxta vədlər
Poroşenko inqilab və müharibə dalğasında iqtidara gəlib və dəyişiklik vədləri verib. O, müharibəni bir neçə gündə bitirəcəyi, qüdrətli oliqarxların əl-qolunu bağlayacağı və korrupsiyaya qarşı mübarizəni şəxsən nəzarətə götürəcəyinə söz verib.
Dörd il sonra Poroşenko müharibəni bitirmək haqqında tələsik və təkəbbürlü bəyanatına görə üzr istəyib.
Oliqarxiya və korrupsiyaya qarşı mübarizə aparmaq üçün onun daha çox fürsəti vardı, lakin bundan da eyni dərəcədə pis istifadə edib.
Oliqarxlar hələ də iqtisadiyyatın kütləvi sahələrini: enerji, kənd təsərrüfatı, media və dövlətə məxsus inhisarlar və təbii sərvətlərdən istifadəyə nəzarət edirlər. Onlar Ukraynada qanunun aliliyini çətin vəziyyətə gətiriblər.
Ukraynanın investisiya mühitini qiymətləndirmək üçün CEO-ların mütəmadi sorğusu respondentlərin 78 faizinin ölkədə korrupsiya səviyyəsini tənqid etməsi, 74 faizinin məhkəməyə etinasız olduğu və 65 faizinin kölgə iqtisadiyyatından şikayət etdiyini sərgiləyb.
Bir ay əvvəl bir sıra jurnalist araşdırmaları Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Oleq Qladkovski – Poroşenkonun dostu və keçmiş iş adamı, habelə oğlunun müdafiə sənayesi üçün satınalma müqavilələri ilə bağlı korrupsiyada iştirak etdiyini aşkarlayıb.
Qalmaqalın ardınca Ukrayna prezidenti korrupsiyalaşmış məmurların oğurladıqları hər qəpiyi geri qaytaracağını dilə gətirib.
Ukraynanın məhkəmə islahatı uğursuz olduğuna görə bu, çox çətin işdir.
Xaricdən dəyişiklik təzyiqi
Tamamilə ədalətli olmaq üçün qeyd edək ki, 2013-cü ildən etibarən Ukraynada bəzi dəyişikliklər baş verib. Ötən il onun ümumi daxili məhsulu (ÜDM) 3,3 faiz artıb, 2011-ci ildən bəri ən yüksək səviyyədədir. Ukrayna bank sektoru əsasən təmizlənib, 100-dən çox şübhəli bank bağlanıb və Milli Bank tamamilə islah olunub.
“Naftoqaz” dövlət şirkəti möcüzəvi çevrilməyə məruz qalıb və 2017-ci ildə 39 milyard qrivna (1,5 milyard dollar) – rekord mənfəət qazanıb.
“Prozorro” milli elektron satınalma sistemi bütün ictimai pulların səmərəli və şəffaf şəkildə xərclənməsini təmin etmək üçün işə salınıb. Beş ildən az müddətdə təxminən 2.76 milyard dollar vəsaitə qənaət edilib və yenilik beynəlxalq mükafatlar qazanıb.
Səhiyyə və təhsil sektorlarında da əhəmiyyətli islahatlara başlanılıb.
Ən başlıcası, Ukraynaya Avropa Birliyi qonşuları ilə vizasız rejimə malikdir.
Lakin bu islahatların əksəriyyəti Ukraynanın vətəndaş cəmiyyəti, ABŞ, Avropa İttifaqı, Kanada və başqa beynəlxalq donorlar və tərəfdaşların təzyiqi ilə mümkün olub.
Bu islahatlardan hər biri həmçinin, adətən, mövcud sistemdən kənarda olan və müvəqqəti olaraq biznes sektorundan və ya digər sahədən gələn lider sayəsində aparılıb.
Beləliklə, illər ərzində Ukraynanın siyasi elitası sübuta yetirib ki, gözlənilən miqyaslı və dərin dəyişikliyə nail olmaqda acizdir.
Ukrayna cəmiyyəti həqiqətən dəyişib, daha heç kimi gözləmək və bağışlamaq istəmir. Martın 31-də seçki qutusu vasitəsilə onun uğursuz siyasi elitanı “qətlə yetirməsi” mümkündür. Sonradan böyüyən qəzəbin hansı forma alacağı bilinmir.
Tərcümə: Strateq.az