XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 23:18

70 İLLİYİNƏ HAZIRLAŞAN NATO-da BÖYÜK GƏRGİNLİK- Üzv ölkələr Vaşinqtona toplaşır: Tramp hansı sürprizlə gəlir?

NATO ölkələrinin xarici işlər nazirləri alyansın 70 illiyi (əsası 1949-cu ilin 4 aprelində qoyulub) ilə əlaqədar bu həftə Vaşinqtonda bir araya gələcəklər. Alyansın ünvanına səsləndirdiyi tənqidi bəyanatlardan sonra ABŞ prezidenti Donald Trampın həmin iclasda çıxış edəcəyi inandırıcı görünmür.

Tramp Şimali Atlantika Alyansını dəfələrlə sərt şəkildə tənqid edib. ABŞ prezidentini narazı salan əsas məqam qurumun digər üzvlərinin müdafiəyə az pul xərcləmələri və bu məsələdə Birləşmiş Ştatlara həddən artıq arxayın olmalarıdır. Hazırda müşahidəçilərin nəzərləri yubiley fonunda NATO-nun alyansdaxili gərginliyin öhdəsindən necə gələcəyinə yönəlib.

Donald Tramp özünün seçkiöncəsi kampaniyası zamanı NATO ilə bağlı fikirlərini bölüşəndə alyansı “köhnəlmiş təşkilat” adlandırmışdı. ABŞ-ın xarici siyasət üzrə ekspertlərinin əksəriyyəti isə bu fikirdədirlər ki, NATO tarixdəki ən uğurlu hərbi alyanslardan biridir və qətiyyən köhnəlməyib.

Tramp mütəmadi olaraq avropalı müttəfiqlərinə təzyiq göstərərək onları müdafiə xərclərini artırmağa çağırır. “Hər kəs öz öhdəliklərini əhəmiyyətli dərəcədə artırmaq barədə razılığa gəldi. Onlar xərcləri əvvəllər heç düşünmədikləri bir səviyyəyə qaldırmaq niyyətindədirlər”, – deyə Tramp məlum tənqidlərdən sonra keçirilən müzakirələri şərh edərkən bildirmişdi.

NATO baş katibi Yens Stoltenberq isə bir müddət əvvəl açıqlama verərək bildirdi ki, alyans ölkələri 2020-ci ilədək müdafiə xərclərini artıracaq və bu məqsədlə öz hərbi büdcələrinə əlavə 100 milyard avro cəlb edəcəklər. Baş katibin sözlərinə görə, belə bir razılığın əldə olunmasına ABŞ prezidenti Donald Trampın hərbi xərclərlə bağlı iradları təkan verib.

Qeyd edək ki, NATO ölkələri 2014-cü ildə imzaladıqları “Buxarest razılaşması” ilə qarşıdakı 10 il ərzində müdafiə xərclərinin ümumi daxili məhsulun 2 faizi həcminə çatdırılmasına dair öhdəlik götürüblər. Lakin alyansa üzv olan 29 ölkənin təxminən yarısı buna əməl etmir.

Bəzi ekspetlərə görə, bu qayda olduqca əhəmiyyətlidir: “Siz pulu başqasına vermirsiz, NATO-nun büdcəsinə yatırmırsız. Siz bu pulu özünüzə xərcləyirsiz. Bu, sizin öz təhlükəsizliyinizə nə dərəcədə bağlı olduğunuzu nümayiş etdirir”, – deyə Makkeyn İnstitutunun əməkdaşı Kurt Volker bildirir.

Bəzi ekspertlərə görə isə müdafiə xərcləri əhəmiyyətli olsa da, alyansın təməlində üzv dövlətlərin bir-birinə olan güvəni dayanır.

«ABŞ prezidenti alyansın dəyərini şübhə altına alanda bizim düşmənlərimiz olan Moskva və Pekində sual yaranır – ehtiyac olarsa, NATO Trampın tənqid etdiyi, çox da böyük olmayan alyans ölkələrinin köməyinə gələcəkmi? Tramp hesab edir ki, həmin ölkələr NATO-nun müdafiəsinə layiq deyillər”, – amerikalı ekspert Mark Simakovski bildirib.

Bu ilin əvvəlində mətbuat yazdı ki, ABŞ prezidenti qeyri-rəsmi görüşlərində bir neçə dəfə NATO-dan çıxmaq arzusunu ifadə edib. ABŞ-ın bəzi media qurumlarının fikrincə, bu qərarın reallaşdırılması məlum hərbi blokun dağılması deməkdir.

NATO-nun 2018-ci ilin yayında keçirilən sammitində Donald Tramp özünün milli təhlükəsizlik üzrə müşavirlərinə demişdi ki, alyansın mövcudluğunun heç bir mənası yoxdur və bu təşkilatı tərk etmək lazımdır. Tramp hesab edir ki, üzv dövlətlərin üzvlük haqqı ÜDM-nin 2 deyil, ən azı 4 faizi səviyyəsində olmalıdır. Çünki ABŞ NATO-ya ÜDM-nin 3,58 faizini ödəyir.

Bu il yanvarın sonlarında ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiqlədi. Bu sənəd Trampın alyansdan çıxmaqla bağlı bütün cəhdlərini və bunun üçün dövlət vəsaitlərindən istifadə etməsini qadağan edir. Yeni qanunla həm də NATO-ya üzv dövlətlərin öz ÜDM-lərinin ən azı 2 faizini müdafiə məqsədlərinə və Rusiyanın mümkün təcavüzünə qarşı Avropa təşəbbüsünə maliyyə vəsaiti kimi ayrılması dəstəklənir.

Mark Simakovskinin sözlərinə görə, NATO üzvləri qarşıdakı toplantını nazirlərin müşavirəsi səviyyəsində təşkil edirlər ki, Trampın sözlü hücumlarından yayınsınlar. Bununla belə, ekspert həmin iclasda Birləşmiş Ştatların alyansdan çıxmaqla bağlı hər hansı bəyanat səsləndirəcəyini düşünmür.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə