XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 12:57

İstanbulu itirmək qorxusu:AKP BÜTÜN GÜCÜNÜ "ƏRDOĞANIN EŞQİ"Nİ QAYTARMAQ ÜÇÜN SƏFƏRBƏR EDİB

Raqib Soylu

“Middle East Eye”, 02.04.2019

 

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) Çərşənbə axşamı günü siyasi güc bazası hesab olunan İstanbulda bələdiyyə seçkilərinin nəticələrini tanımadığını bəyan edib. AKP səlahiyyətliləri, Bazar ertəsinin qeyri-rəsmi nəticələrə əsasən, zəfər qazandığını iddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun AKP namizədi Binəli Yıldırımı təxminən 20 min səslə məğlub etdiyini heç cür qəbul etmirlər.

Çərşənbə axşamı AKP İstanbulun bütün 39 rayonunda nəticələrə etirazını bildirib. Bununla yanaşı, gecə saatlarında sabiq baş nazir və Ərdoğanın müttəfiqi olan Yıldırımın qələbəsini elan edən onlarla plakat meydanlarda və binalardan asılıb.

Şəhər gərgin vəziyyətdə qalıb, AKP-nin şikayətlərinə baxmaq üçün aprelin 12-ə qədər möhləti olan Yüksək Seçki Qurumunun (YSK) İstanbul qərargahı polis və zirehli maşınlarla əhatə olunub.

AKP-nin İstanbul şöbəsinin sədri Bayram Şenocak Çərşənbə axşamı jurnalistlərə açıqlamasında hesablamalarda səhvlərin müəyyənləşdirildiyini və saxtakarlıq hallarının aşkar edildiyini bildirib.

319 min səs etibarsız sayıldığı üçün AKP həmin məntəqələrdə səslərin yenidən nəzərdən keçirilməsini tələb edib.

Senocak Bazar ertəsi günü keçirilən başqa bir mətbuat konfransında Yıldırımın seçkini 3 min artıq səslə udduğunu söyləyib.

Bayram Senocak bəzi seçki məntəqələrində nəticələrin yanlış olduğu ortaya çıxaran sənədləri kameralara nümayiş etdirib. “Məsələn, 1212 nömrəli qutudan, bülletenlərə əsasən, 131 səs qazanmışıq. Bununla belə, məlumat sistemində başqa rəqəm göstərilib”.

AKP-nin tərəfdarları sosial mediada digər sənədləri paylaşıblar, CHP və milliyyətçi İyi Partiya daxil olmaqla, müxalifət blokunun namizədi olan İmamoğlunun lehinə verilən səslərin şişirdildiyini sübut etməyə çalışıblar.

Digərləri isə AKP-nin iddiaları ilə bağlı şübhəyə qapılıblar. İnsan haqları mövzusunda ixtisaslaşan hüquqşünas Kərəm Altıparmak “Twitter”-də qeyd edib ki, iqtidar partiyası son iki ildə seçki qanununu öz lehinə dəyişib.

İmamoğlu ittihamlara cavab olaraq, Çərşənbə axşamı tərəfdarlarının hamısını İstanbuldakı seçki dairələrində səslərini qorumağa çağırıb. Həm də rəqibi Yıldırımı şəhərdə asılan plakatlara görə tənqid edib.

O deyib: “İstanbulda AKP qərargahında olan insanların Binəli Yıldırımı bələdiyyə başçısı etmək üçün bir yol tapmağa çalışması, həqiqətən, üzücüdür. Onlar 300 min saxta səslə bunu həyata keçirmək istəyirlər. O qalib olsaydı, təbrik edərdim. Amma əslində, mən qalib gəlmişəm və müvafiq tərəflərin imzalandığı protokollar bunu isbatlayır”.

CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftancıoğlu bildirib: “Seçki protokollarındakı qeydlərdə faktiki səhvləri düzəltmək tələbi normaldır və biz İmamoğlunun səslərini artıracaq səhvlər də tapa bilərik. Lakin etibarsız bülletenlərin sayılması tələbi qanuni ola bilməz, çünki rəsmi etiraz seçki başa çatdıqdan dərhal sonra verilməlidir”.

Mübahisə KİV-lərdə də izini qoyub. Hökumətyönlü bir mətbuat orqanı 30 seçki məntəqəsi başçısının həbs olunduğunu iddia edib, ancaq bu xəbər səlahiyyətlilər tərəfindən qısa zamanda təkzib olunub. Daha sonra sosial mediada bir tanınmış mühafizəkar jurnalist YSK-nın İstanbulda səsləri yenidən hesablama qərarı verdiyini iddia edib. Bu da sonradan təkzib olunub.

Bazar ertəsi günü balkon çıxışından bəri səssiz olan Ərdoğan Bazar günü gecəsini İstanbulda keçirib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu və digər rəsmilər AKP-nin İstanbul şöbəsində toplanıb, ölkənin ən böyük şəhərini geri qaytarmaq üçün strategiya hazırlanması təəssüratını yaradıblar.

Analitiklər deyirlər ki, Ərdoğan yalnız Türkiyənin iqtisadi və mədəni paytaxtı olduğu üçün deyil, həm də 1994-cü ildən 1998-ci ilə qədər şəhərin bələdiyyə başçısı olmasına görə İstanbulu itirmək istəmir.

Partiya 2002-ci ildə milli seçkilər udandan şəhərə nəzarət edib.

AKP-nin Ankara şöbəsi də Çərşənbə axşamı paytaxtın 25 rayonundakı nəticələrlə razılaşmadığını açıqlayıb.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə