XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 12:23

Erməni icmalçı 2016-nın “Aprel döyüşü”ndən yazır: “AZƏRBAYCANIN HÜCUMU BİZİM ÜÇÜN SOYUQ DUŞ, TƏSİRİ HƏLƏ DƏ KEÇMƏYƏN ŞİLLƏ İDİ” - Təhlil

ru.1-in.am (Ermənistan), 03.04.2019

 

Ermənistan və Artsax (Dağlıq Qarabağ-red.) üç il qabaq bu günlərdə ölüm-dirim savaşındaydı. Dördgünlük Aprel savaşı idi, nəticədə insan taleləri qırıldı, yüzdən çox  gənc həlak oldu, müstəqil Artsaxın (Dağlıq Qarabağın-red.) varlığı isə ümumiyyətlə sual altında qalmışdı. Havada Stepanaketin Xankəndinə çevrilməsi dolaşırdı.

Biz üç il qabaq əmin olduq ki, burada nəsə yanlışdır, düzgün deyil. Anladıq ki, bizim özüllərimiz çürüyüb və biz bir dövlət kimi illər boyu saxta və yalan yolla irəliləmişik. Bütün bunlardan danışmaq asan deyil, çünki ödənilən bədəl yetərincə yüksəkdir.

Faktiki olaraq, keçmişin səhvləri ən qiymətli və müqəddəs dəyərlə ödənildi – gənc oğlanların həyatıyla.

İndi çoxları Aprel savaşından elə asanlıqla danışırlar, adama elə gəlir ki, hər şey belə də olmalıydı, guya alternativlər yox idi, guya belə böyük qurbanlardan qaça bilməzdik.

Əlbəttə, keçmişin girovuna çevrilmək lazım deyil, əksinə, keçmişdə buraxılmış səhvlərin nəticələrini aradan qaldırmalı və irəli getməliyik. Amma baş verənləri layiqincə dəyərləndirə bilmiriksə, necə aradan qaldırmalıyıq? Nəydi bu, bu nə fəlakət idi və Ermənistan niyə buna hazır deyildi?

Axı on illər boyu bizi inandırmışdılar ki, Ermənistan ordusu bölgədə ən bacarıqlı döyüş ordusudur, çalıb-çapırlar, eybi yoxdur, başlıcası budur ki, orduya silah alırlar, iddia edirdilər ki, seçkilərin saxtalaşdırılması xırda problemdir, başlıcası – səngərlərin möhkəm olmasıdır. 2016-cı ildə bütün bunlar harada idi, axı aydınlaşdı ki, ordu elə də döyüş bacarıqlı deyil, silahlanma problemi isə savaşın ilk günündəcə hiss olundu.

Serj Sərksyanın və ERP-nin vəd etdiyi təhlükəsizlik harada qaldı? Onlar təhlükəsizliyi belə təsəvvür edirlərsə, onda dünyagörüşlə bağlı ciddi problemləri var.

Aprel savaşı Serj Sərksyan üçün Pirr savaşıydı, o da Epir çarı kimi “döyüşdə qələbə çaldı, amma çox şey itirdi”. Daha doğrusu, Ermənistanı itirdi. Bu mənada “qalib gəldi” ki, Azərbaycan döyüş mövqelərini yara və arxa cəbhəyə girə bilmədi.

Şübhəsiz, Sərksyan bu halda hakimiyyətsiz qalardı. O, faktiki olaraq, əsgərlərin və vətəndaşların fədakarlığı sayəsində də qurtuldu.

Doğrudan da, Azərbaycanın təcavüzünün (???-red.) durdurulması üçün xeyli resurs və vəsait itirildi, bu həm də durumun hər an nəzarətdən çıxa biləcəyi əsəblər savaşıydı.

2016-nın aprel hadisələri ictimaiyyət üçün əsil soyuq duş, güclü təsiri hətta bu gün də keçməmiş möhkəm şillə idi.

Biz Aprel savaşından ibrət götürməyi və dövlətə münasibətimizi və qavrayışımızı dəyişməyi bacarmalıyıq. Ən nəhayətdə, başa düşməliyik ki, ordunun dirəniş gücü və döyüş bacarığı təkcə ordunun problemi deyil. Ordu dövlətdən kəsilən yad orqanizm, ya da təcrid edilmiş hansısa struktur deyil.

Aprel savaşı o gerçəkliyin şahidiydi ki, ağır nəticələri hərbi cəbhədə üzə çıxan effektli və yaşamaq bacarığı olan dövlət qurmağı bacarmamışıq. Bax, ciddi-cəhdlə mənimsəməli və əzbərləməli olduğumuz ən böyük dərs də bundadır.

Çürümüş dövlət sistemi və zəif iqtisadiyyatla çox duruş gətirə bilmərik. Ola bilsin, Ermənistan və Artsax (Dağlıq Qarabağ-red.) daha bir-iki dəfə, bəlkə də, üç-dörd dəfə belə savaşları dayandıra bilər, amma beşinci dəfə mümkün olmaya da bilər.

Xeyr, sizi qətiyyən ümidsizliyə salmaq istəmirəm. Sadəcə, ayıqlığa çağırıram ki, sıradakı savaşdan ləyaqətlə, uyuşmaz və yanlış itkilərsiz  çıxa bilək.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə