XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 23:35

ŞALLAQ, HƏBS CƏZASI, ÖLÜM HÖKMÜ…- Bruneydə şəriət məhkəməsi: sultan səfa, insanlar cəfa çəkir

Aprelin 3-də Bruney sultanlığında şəriət qaydalarına əsaslanan yeni cinayət kodeksi qüvvəyə minib. Cinayət məcəlləsi ilə paralel işləyəcək kodeksdə olduqca sərt cəzalar nəzərdə tutulub. Məsələn, oğurluğa (15 yaşına çatmış qanun pozucularına tətbiq olunacaq) görə əlin kəsilməsi, həyat yoldaşına xəyanətə, homoseksual münasibətlərə, evli olmayan şəxslər arasında anal cinsi əlaqəyə görə isə ölüm cəzası nəzərdə tutulacaq. Bundan başqa, nikahdankənar cinsi əlaqəyə görə 100 şallaq və 1 illik həbs cəzası tətbiq ediləcək. Əgər bu hərəkətə yol verən şəxsin yaşı 15-dən azdırsa, onu 30 şallaq gözləyəcək, üstəlik reablitasiya mərkəzində 3 il qalmalı olacaq.

Bu cəzaların təyin edilməsi üçün yetəri qədər sübuta ehtiyac var. Məsələn, xəyanətin və ya kişilər arasında cinsi əlaqənin olduğunu sübut etmək üçün 4 şahid göstərilməlidir. Əks halda işə adi məhkəmə baxacaq.

Kodeksdə bir sıra başqa cinayətlərin də adı keçir – İslamdan başqa dinlərin təbliği, ölkənin dini nüfuzunu şübhə altına alma və s. Bu cür pozuntulara yol verənləri cərimə və ya 5 ilədək həbs cəzası gözləyəcək.

Borneo adasında yerləşən Bruney neftlə zəngin, əhalisi 447 min nəfərdən ibarət sultanlıqdır. İndoneziya, Malayziya kimi qonşu qonşu müsəlman dövlətlərindən daha mühafizəkar kurs tutan Bruneyin sultanı Həssənal Bolkiahdır. O eyni zamanda ölkənin baş naziri və dini lideridir.

Sultan Həssənal Bolkiah

72 yaşlı sultan ölkəni 1967-ci ildən bu yana idarə edir. Sultan ölkəsinin bütün müsəlman uşaqlarına dini təhsili vacib edib. Onun göstərişinə əsasən cümə namazları zamanı bütün müəssisələr qapalı olmalıdır.

Həssənal Bolkiah ölkənin hüquq sistemindəki dəyişikliklər barədə ilk dəfə 2013-cü ilin oktyabrında elan vermişdi. Bu qərarını belə əsaslandırmışdı ki, şəriət qanunları Allahdan gəlir və hər kəs üçün ədaləti və rifahı təmin edir.

Sultan bəyan edib ki, başqalarından məlum qərara anlayış gözləmir. Bruney xalqına hörmətlə yanaşılsa, bu onun üçün kifayətdir.

Hüquq müdafiə təşkilatlarının kəskin tənqidlərinə görə Bruney yeni kodeksi tədricən tətbiq edirdi. Beynəlxalq təzyiqlərə baxmayaraq, Bruney bu kodeksi ləğv etməyi düşünmür. Bununla da sultanlıq şəriət qaydalarını qəbul edən ilk Şərqi Asiya ölkəsi olur.

Hökumətin rəsmi saytında qeyd olunur ki, Bruney tamamən müstəqil bir dövlətdir və qayda-qanunları müstəqil şəkildə müəyyənləşdirir: “Şəriət qanunları cəmiyyətin, həmçinin milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların qanuni hüquqlarının müdafiəsinə, tərbiyə və hörmətə yönəlib”.

Mişel Baçelt

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelt Bruneyi ölüm cəzasına moratoriuma əməl etməyə çağrıb.

ABŞ Dövlət Departamenti də sultanın qərarından narahat olduğunu bəyan edib və ölkəni BMT-nin İşəgncələr Əleyhinə Konvensiyasını ratifikasiya və icra etməyə səsləyib. Bruney bu konvensiyanı 2015-ci ildə imzalayıb.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden məsələyə öz “Tvitter” hesabından sərt reaksiya verib. Bayden yeni kodeksin icrasını qeyri-insani addım adlandırıb və bildirib ki, buna nə mədəniyyət, nə də ənənə ilə bəraət qazandırmaq olar: “Dünyadakı hər bir insan ləyaqətli münasibətə və qorxusuz həyata layiqdir”.

Avstriya kansleri Sebastyan Kurts Bruneydən və bu cür qəddar və qeyri-insani qanunların işlədiyi ölkələrdən ölüm hökmünü ləğv etməyi tələb edib: “Cinsi orientasiyasına görə heç kim cinayətkar elan oluna bilməz”.

Böyük Britaniyanın Beynəlxalq inkişaf naziri Penni Mordont Bruney hökumətinin qərarını “barbarlıq” adlandırıb.

“Amnesty International”ın Bruneydən olan təmsilçisi Reyçel Çxoa-Hovard yeni kodeksin insan haqlarını pozduğunu bildirib: “Qanun pozuntularından bəziləri ümumiyyətlə cinayət kimi qəbul olunmamalıdır. Məsələn, iki yetkin eynicinsli arasında cinsi əlaqə”.

Corc Kluni

Tanınmış aktyor Corc Kluni məlum qərara etiraz olaraq insanları Bruney dövlət investisiya fonduna (fondun rəhbəri sultan Həssənal Bolkiahdır) məxsus otelləri boykot etməyə çağırıb.

Söhbət, Los-Ancelesdəki “Beverly Hills Hotel”, “Bel-Air”, Londondakı “The Dorchester”, Parisdəki “Le Meurice” kimi məşhur otellərdən gedir. Kluni bu otellərin bəzilərində gecələdiyini, lakin həmin vaxt onların kimə məxsus olmasından xəbərsiz olduğunu deyib: “Hər dəfə biz bu otellərdən birində qalanda, öz vətəndaşlarını cinsi azlıq olduğuna, həyat yoldaşına xəyanət etdiyinə görə daşqalaq edən və qamçılamağı əmr edən adamın cibini doldurmuş oluruq”.

“Virgin Group”un qurucusu Riçard Brenson da qərardan hiddətlənib: “Bu, qeyri-insani, iyrənc və orta əsr qanununa 21-ci əsrdə yer yoxdur”.

2014-cü ildə neft qiymətləri aşağı düşəndən sonra Bruneydə iqtisadi vəziyyət bir qədər çətinləşməyə başlayır. Sultan şəxsi biznesə imkanlar yaradaraq bu yolla Tokio və digər maliyyə mərkəzlərinin diqqətini Bruneyə yönəltməyə çalışır. Həmçinin ölkəyə turist axınını da stimullaşdırır. Lakin Bruneydə gecə klublarının olmaması və içkiyə rəsmən qadağa qoyulması turistləri narazı salır. Sultanın vəziyyəti düzəltmək cəhdləri heç bir ciddi nəticə vermir.

Cəhdlərinin nəticəsiz qaldığını görən sultan çıxış yolunu insanların daha qənaətcil və inanclı olmasında görür. Ölkə islamlaşma xətti götürür. Müsəlman ailələri üçün dini təhsil məcburi olur. Şəriət qaydaları işə salınır. Dua mərasimlərini ötürən, nikahdan kənar hamilə qalan, hicab taxmaqdan imtina edən, spirtli içki içən, Ramazan ayında ictimai yerlərdə yemək yeyən və ya su içən, cinsi azlıq nümayəndəsi olan müsəlmanlara cərimələr və daşqalaq kimi, cəzalar tətbiq olunmağa başlanır.

Sultan ölkəni şəriət qaydaları ilə idarə etmək istəyir. Lakin mətbuat yazır ki, onun həyat tərzi bu qaydalardan xeyli uzaqdır. Deyilənlərə görə, Bolkiah bahalı avtomobllərə, qadınlara, hərəmxanadakı azyaşlı qızlara, əyləncə məclislərinə milyardlar xərcləyir.

“Vanity Fair” jurnalında dərc olunan qalmaqallı məqalədən məlum olur ki, sultanın sarayında 1700 otaq, 257 hamam, 5 hovuz, 1 məscid, 5 min nəfərlik banket zalı və 110 maşını tutacaq qaraj var. Ailə həmçinin “The Dorchester Hotel” adı altında fəaliyyət göstərən dəbdəbəli otellər şəbəkəsinə, 17 təyyarəyə, 9 min avtomobilə, dünyanın ayrı-ayrı ölkələrində 150 mülkə sahibdir.

2012-ci ildə “Forbes” yazmışdı ki, neft və qazla zəngin olan Bruney dünyanın ən varlı 5 ölkəsindən biridir. Bruney 1970-ci ildən neft ixracı ilə məşğuldur. Ölkə neftdən gələn pullar hesabına zənginləşdikcə sultan və yaxınları bu zənginlikdən pay almağı unutmurlar. Elə buna görə də monarx və yaxın qohumları dünyanın ən varlı ailələrindən hesab olunurlar.

Dəbdəbə aşiqi olan H.Bolkiah şəxsi təyyarəsini də saraya çevirib. Təyyarənin göyərtəsində əksər yerlər qızıl və qiymətli daşlarla işlənib. Mətbuat üzə çıxarıb ki, sultan bu illər ərzində təkcə yaxınlarına aldığı hədiyyələrə 17 milyard dollar xərcləyib. Qızına isə ad günündə 100 milyon dollara A340 hədiyyə edib.

Amerikalı Cillian Louren 2010-cu ildə Bruney sultanının hərəmxanasında baş verənlərə həsr olunan “Bir neçə qız: hərəmxanada həyat” adlı kitab dərc etdirmişdi. Louren yazırdı ki, Bruneydəki hərəmxanaya gələn qızların pasportları əllərindən alınır. Onlar daim nəzarət altında olur, hərəmxanadan kənara çıxa bilmirlər. Həftəlik maaş 2 min dollardır. Onlardan bəziləri etiraf edib ki, məvacib yüksək olduğuna görə çıxıb getmək istəmirlər. Qızların böyük əksəriyyəti Taylanddan və Filippindən olur. Yaşları da əsasən 14-dən başlayır.

Qərb mətbuatı yazır ki, Bruney əhalisi şəriət qaydalarına riayət etməyə, sultan isə yetkinlik yaşına çatmayan qızlarla əylənməyə davam edir…

Tərcümə etdi: G.Hüseynova
Strateq.az