XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 20:48

LİVİYADA QANLI DÖYÜŞLƏR BAŞLADI- General Xaftar 48 saat vaxt qoydu: Dünya birliyi ayaqda; BMT TŞ təcili toplanır

Liviya Milli Ordusu – general Xəlifə Xaftarın nəzarətində olan silahlı qüvvələr aprelin 4-də “Tripolinin azad edilməsi” adı altında genişmiqyaslı əməliyyat başladıb. Xaftar ölkənin əsas şəhərini 48 saat ərzində silahlı qruplaşmalardan azad edəcəklərini bəyan edib. Liviya paytaxtının 80 kilometr cənubunda yerləşən Qaryan şəhərini ələ keçirəndən sonra general “Biz gəlirik, Tripoli, gəlirik!” deyib. Və bildirib ki, əsgərlərinin zəfər marşı quldurların ayaqları altındakı torpağı titrədəcək.

Sahil düzənliyindəki son şəhər olan Qaryan bu səbəbdən strateji əhəmiyyətə malikdir. Bura həm də, paytaxt uğrunda savaşın uzanacağı təqdirdə, qüvvələrin yenidən qruplaşa biləcəyi potensial mühafizə nöqtəsidir.

2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə ölkənin qərbində – Tripolidə yerləşir. Avropa İttifaqı və BMT Milli Barışıq hökumətini dəstəkləyir.

Tobrukdakı hökumət general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Hökumət tərəfindən “feldmarşal” adını alan Xaftar bir vaxtlar Qəddafinin yaxın silahdaşı olub. Lakin 80-ci illərdə liviyalı diktatorla münasibətlərinə son qoyaraq müxalifətə keçib.

Hazırda Xaftar bir neçə yerə parçalanmış Liviyada ən nüfuzlu səhra komandiridir. O, Qəddafi dövrünün bir çox zabitləri kimi, SSRİ-də təhsil alıb və rus dilində danışır.

Xaftar döyüşçülərinə dinc əhaliyə toxunmamağı tapşırıb. “Silahını yerə qoyanın, ağ bayraq qaldıranın təhlükəsizliyi təmin olunacaq”, – deyə komandan söz verib. Generalın mətbuat katibi açıqlama verib ki, məlum əməliyyat vətəni terrorizmdən azad etmək, ləyaqət və böyük gücün nüfuzu naminə Tripolini tutmaq məqsədilə başladılıb.

Xaftarın planlarından xəbər tutan hökumət həyəcan təbili çalıb. Həm ordu, həm könüllü dəstələr “Tripolini müdafiə xidməti” adı altında birləşərək müdafiəyə – Xaftarın qüvvələri ilə qarşılaşmağa çıxıb. İlk qarşıdurmada Xaftar ordusunun 145 əsgəri əsir götürülüb, 60 ədəd texnikası ələ keçirilib.

«Bizi güc yolu ilə sındıra bilməzlər. Kim bizə güc tətbiq etmək istəsə, qurban versək belə, başdan bəri tutduğumuz demokratiya yolundan imtina etməyəcəyik”, – deyə Tripoli hökumətinin daxili işlər naziri Fathi Başaqa bildirib. Başaqa general Xaftarı ölkədə hərbi diktatura yaratmaq cəhdində ittiham edib.

Beynəlxalq birlik münaqişə tərəflərini qan tökməkdən çəkinməyə çağırıb. “Tərəflər təcili olaraq münaqişəyə son verməlidirlər. Onların bu addımları BMT-nin münaqişəni tənzimləmə perspektivini çətinləşdirir”, – deyə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Birləşmiş Ərəb Əmirliyinin birgə müraciətində bildirilir.

Müraciət müəllifləri qeyd edirlər ki, həssas keçid dövründə hərbi müdaxilə və birtərəfli addımlar Liviyanın yenidən xaosa sürüklənməsi riskini artırır.

Xaftarın rəhbərliyi ilə məlum əməliyyat BMT baş katibi Antonio Quttereşin Tripoliyə gəlişindən dərhal sonra başlayıb. Qutteriş Liviya paytaxtına BMT-nin xüsusi nümayəndəsi Hassan Salameyə dəstək üçün gəlib. Xüsusi nümayəndə aprelin 14-dən 16-dək Liviya milli konfransını təşkil etmək istəyir. 

Konfransda qarşıdurma vəziyyətində olan bütün tərəflərin təmsilçilərinin iştirakı nəzərdə tutulub. Məqsəd ümumxalq seçkilərinin keçirilməsi və parçalanmış dövlət institutlarının bir araya gəlməsi üçün yol xəritəsinin təqdim olunmasıdır.

BMT-nin Liviyanın birləşdirilməsi planına uyğun olaraq, ötən ilin mayında ölkədəki seçkilərin 2019-cu ilə təyin edilməsinə qərar verilmişdi. Lakin ötən ilin noyabrında Palermoda keçirilən konfransın nəticəsiz başa çatması və münaqişə tərəfləri arasında ara verməyən gərginlik səbəbindən bu razılaşmanın aqibəti qeyri-müəyyən qalır.

“Liviya böhranının hərbi həll yolu yoxdur və o, yalnız dialoq yolu ilə həll olunmalıdır. Liviya liderləri ilə görüşə hazırlaşıram və onları sakitliyə və təmkinə dəvət edirəm”, – Quterriş özünün “Twitter” səhifəsində yazıb.

Son məlumatlara görə, BMT baş katibi Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftarla görüşmək üçün Benqazi şəhərinə gəlib. Tərəflər ordunun Tripoliyə hücumu fonunda ölkədə yaranmış vəziyyəti müzakirə edəcəklər.

Liviyadakı gərginlik BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da müzakirəyə çıxarılacaq. Böyük Britaniyanın müraciəti ilə bir neçə saat sonra Şuranın təcili iclası başlayacaq.

Xaftar vətəndaş müharibəsi nəticəsində parçalanmış Liviyaya 2011-ci ildə qayıdıb. O, Birləşmiş Ərəb Əmirliyi və Misirin dəstəyi ilə diplomatiyanın, kulisarxası intriqaların, ələalmaların vasitəsilə tədricən ətrafındakı qüvvələri genişləndirib. Adıçəkilən ölkələrin Xaftara dəstək verməsinin səbəbi liviyalı generalı ölkəni radikal islamçılardan uzaq tutmağın qarantı kimi görmələridir. Bəzi məlumatlara görə, generala Rusiya da dəstək verir. Xaftar bir neçə dəfə Moskvada rəsmi səfərdə olub.

Kremlin generala olan marağı onun Liviyanı öz rəhbərliyi altında birləşdirmək istəyilə bağlıdır. Bundan başqa, Xaftarın Qərbin dəstəklədiyi Milli Barışıq Hökuməti ilə münasibətləri pisdir.

Qərb mətbuatının yazdığına görə, Rusiya xüsusi təyinatlıları Xaftara Qərbi Misir istiqamətindən dəstək veriblər və ehtimal ki, bunu indi də davam etdirirlər. Xaftarın nəzarətindəki ordu məhz orada yerləşir.

Bu ilin martında Britaniyanın “The Telegraph” nəşri yazmışdı ki, Liviya Milli Ordusunda yüzlərlə muzdlu rus hərbçisi döyüşür. Rusiya Xarici İşlər Nazirliyi isə bildirmişdi ki, bu barədə hər hansı məlumata malik deyillər.

Xaftar Qəddafinin keçmiş əsgərlərini bir araya gətirərək 2017-ci ildə Benqazini ələ keçirdi. Bunun ardınca da zəngin neft yataqları olan ərazini – ölkənin cənubuna nəzarəti ələ aldı ki, bu da generala paytaxtla münaqişəni uzatmaq üçün geniş imkan və resurslar verir..

Hazırladı: G.Hüseynova
Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə