XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 February 2016 - 15:05

ABŞ-da prezident seçkiləri –Mühafizəkar və liberal ideologiya arasında növbəti mübarizə

ABSH-seckileri-21

 

ABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə, maraq dairəsindədir. Azərbaycanda da ABŞ-dakı prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. Bunu nəzərə alaraq, Strateq.az dünyanın ən maraqla izlənilən seçki prosesini ətraflı işıqlandırmağa çalışır. Hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov Strateq.az  üçün  ABŞ-dakı  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayır. Bu silsilədən 4-cü  məqaləni təqdim edirik.

 

 

…ABŞ prezidentliyinə seçkilər yalnız hansı şəxsin prezident seçilməsi ilə bağlı deyil, həm də hansı siyasi ideologiyanın qarşıdakı dörd ildə ölkənin idarəolunmasında əsas meyar olacağının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Siyasi quruluşca digər ölkələrdən ciddi fərqlənən ABŞ-da hansı partiyanın namizədinin prezident kürsüsündə əyləşməsi, həyata keçiriləcək siyasi kurs baxımından vacib rol oynayır.

 

Doğrudur, ölkədəki qarışıq idarəetmə və eyni zamanda hakimiyyət qolları arasında olan səlahiyyət bölgüsü və bir-birinə nəzarət funksiyaları prezidentin yeganə siyasi güc olmasına imkan vermir. Bununla belə, heç şübhəsiz, ölkə prezidentinin tutduğu siyasi xətt ölkənin həm iqtisadi, həm siyasi, həm də ictimai həyatında müstəsna əhəmiyyət daşıyır.

 

Respublikaçılar və Demorkratların fərqi

 

Heç kimə sirr deyil ki, tarixən iki partiya – respublikaçılar və demokratlar arasında siyasi ideologiya baxımından ciddi fərqlər müşahidə olunub. Respublikaçılar Partiyası daha çox tarixi və dini ənənələrə bağlılığı ilə seçilib. Demokratlar Partiyası isə liberal siyasi baxışları ilə fərqlənib. Bu köklü fərq onların siyasi fəaliyyətlərinə birbaşa təsir edib.

 

Bu yazıda, iki partiya arasında olan tarixi rəqabətin detalları barədə deyil, siyasi ideologiyanın builki seçkilərə təsiri barədə müşahidlərimizi sizinlə bölüşməyə çalışacağıq..

 

Hər iki partiyanın namizədlərinin seçki prosesi dövründə səsləndirdiyi bəyanatlar və ictimaiyyətə təqdim etdikləri platformalar əsasında, demək olar ki, ideoloji yanaşmalarda olan fərqlər bu seçkilərdə də özünü bütün çılpaqlığı ilə göstərir. Namizədlər artıq “qəlibləşmiş” bu meyarlara sadiqlik nümayiş etdirirlər.

 

Respublikaçıların əsas şüarı ondan ibarətdir ki, ABŞ-ı dünyanın super gücü edən əsas cəhət onun tarixi dəyərləri və güclü iqtisadiyyatı ilə bağlıdır, Demokratlar partiyasının həyata keçirdiyi liberal və ya fərqli bir ifadə ilə “yumşaq” siyasət isə  ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən dünya ölkələri arasında mövqelərini zəiflədir.

 

Demokratlar Partiyası isə uzun illər ölkənin həm siyasi, həm iqtisadi, həm də sosial həyatında “klişeləşmiş dəyərlərin” dəyişə biləcəyini, bu dəyişiklərin ölkənin gələcəyini daha düzgün istiqamətə apara biləcəyi düşüncəsini ortaya qoyur.    

 

Güclü ordu, yoxsa diplomatiya?

 

Hər iki partiyadan olan namizədlər ayrı-ayrılıqda müxtəlif təkliflərlə seçicilərin qarşısına çıxsalar da, səsləndirilən təkliflərin ümumi konturları, demək olar ki, partiyaların ideologiyasından ciddi şəkildə fərqlənmir. Respublikaçılar dövlətin sosial təminat, səhiyyə və təhsil kimi sahələrdə rolunu minimum səviyyədə görürlər. Bu sahədə tənzimləmələrin daha çox ştatlar səviyyəsində aparılmasını və fərdi yanaşmaların olmasını məqsədəmüvafiq sayırlar.

 

Demokratlar isə uzun illərdir ölkədə formalaşan sosial ədalətsizliyi önə çəkərək dövətin prosesə müdaxiləsinin həyati əhəmiyyət daşıdığını, xüsusilə əhalinin aztəminatlı təbəqəsi üçün sosial təminat, tibbi sığorta və təhsil islahatlarının həyata keçirilməli olduğu fikrini qabardırlar.

 

Xarici siyasətdə də əsas yanaşmalarda ciddi fərqlər mövcuddur. Respublikaçılar təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əsas vasitə kimi güclü ordu və hərbi müdaxiləni önə çəkir, demokratlar isə daha çox diplomatiyanın işə yarayacağını düşünürlər.

 

İri şirkətləri vergiyə necə cəlb etməli?

 

Partiyalar arasında müxtəlif sahələrlə bağlı bir sıra digər fərqlilikləri də qabartmaq mümkündür. Məsələn, əgər respublikaçı namizədlərin əksəriyyəti ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantların ölkədən deportasiya olunmasını dəstəkləyirlərsə, demokratlar ölkə iqtisadiyyatına fayda verən və cinayət törətməyən qeyri-leqal miqrantların leqallaşdırılması və sonrakı prosesdə miqrasiyanın tənzimlənməsi ideyasını daha ədalətli sayırlar. 

 

Respublikaçılar iri şirkətlərə qarşı vergi güzəştlərinə getməklə, onların öz fəaliyyətini ABŞ-da davam etdirməsinə çalışmaq (bir çox iri şirktlər istehsalatı ucuz işçi qüvvəsi və vergi güzəştləri ilə əlaqədar ABŞ-dan kənarda aparmağa üstünlük verirlər) və bununla həm ölkə iqtisadiyyatını dirçəltmək, həm də yeni iş yerləri açmaq təşəbbüsü ilə çıxış edirlər. Demokratlar isə transmilli önəmə sahib olan və ölkə gəlirlərin əsaslı hissəsinə nəzarət edən həmin şirkətləri daha artıq vergiyə cəlb etməklə ədalətli mühit formalaşdırmağı və əldə edilən vergilərlə kiçik və orta sahibkarlığı inkişaf etdirməyi, həm də sosial təminatı məhkəmləndirməyi önə çəkirlər.

 

Obama niyə tənqid olunur?

 

ABSH-seckileri-karikatur

 

Respublikaçılar son Barak Obama hakimiyyətinin xarici siyasətdə tutduğu yolu kəskin tənqid edir, İranla razılaşmanı, İsraillə münasibətərin soyumasını, İŞİD-ə qarşı aparılan mübarizənin qeyri-effektivliyini, Rusiyaya qarşı irəli sürülən “dişsiz” embarqoları ABŞ-ın xarici siyasət kursunda uğursuzluq kimi vurğulayırlar. Bunu ABŞ-ın nüfuzuna ciddi zərbə kimi dəyərləndirirlər…

 

Bir sözlə, növbəti seçkilər ABŞ hökumətinin həm daxili, həm xarici siyasətdə həyata keçirdiyi siyasətin kəskin dəyişib-dəyişməyəcəyi baxımından çox böyük önəmə sahibdir. ABŞ-ın siyasətinin dəyişməsi isə dolayısı ilə dünyada gedən proseslərin dəyişməsi deməkdir. 

   

* 

 

Kənan Qasımov,

Xüsusi olaraq Strateq.az üçün